Din
Din insanın mənəvi dünyasını formalaşdıran, onu yaxşılığa və ədalətə yönəldən mühüm bir sahədir. Tarix boyu dinlər cəmiyyətlərin dəyərlərinin, adət-ənənələrinin və həyat tərzinin formalaşmasında böyük rol oynamışdır. Müasir dövrdə isə din həm fərdi, həm də ictimai həyatın ayrılmaz bir hissəsi olaraq qalır.
Bu mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, din sözünün mənası yol deməkdir:
“Dinin ən birinci hədəf və qayəsi insanları doğru yola, istiqamətə yönəltmək və bir ömrü boyu Allahın rızasını qazanmaqdır. Təbii ki, bunlar ana hədəflərdir. İstiqamətini, hədəfini, qayəsini bilən bir insan bu dünya evində daim xeyirxah işlərin, ibadətlərin görülməsində, mənəvi dəyərlərə üstünlük verilməsində daha çox özünün daxili dünyasını şəkilləndirməyə çalışır. Din daxili dünyanın özəlliklə nəfsin tərbiyəsini, təskiyəsini təmin edərək ruhu həyatının genişlənməsini əmr edər. Bununla bağlı Qurani-Kərimdə kifayət qədər ayələri görə bilərsiniz. İnsanın bir şəxsiyyət kimi formalaşması üçün din insanı imana dəvət edir. İman bağçasının da min bir gülü çiçəyi açır. İnsan inandıqdan sonra ümidli olur. Ümidli insan həyatı boyu nə müsibət, nə də bəla qarşısında heç zaman çöküş yaşamaz. Gerçək dindar insan qul haqqını tanıyan insandır, haramlara üz tutmaz”.
Həmçinin müsahibimiz bildirib ki, insan yaşadığı cəmiyyətin bir parçasına çevrilir:
“İnsan cəmiyyətə düzgün baxışla, sədaqətlə, vəfa ilə, kimsələrə həsəd etməmək ego göstərməmək, təkəbbür etməmək parçası olduğu cəmiyyətin inkişafında rol oynayır. İslama görə qanunların hədəf və qayəsi cəmiyyətin ədalətli olmasıdır. Ədalət isə Allahın bir adıdır. Gerçək dindarlar yaşadığı cəmiyyətin ədalətini bərpa etməlidir. Ramazanda tutulan oruc, insanlara verilən iftarlar,sahurlar və s. insanların bir-birinə kömək etdiyini, yardımlaşdığını göstərir. Bunlar olmasa belə mübarək aylarda edilən ibadətlərdə mütləqdir ki, ictimai dəyərlərə qarşı münasibət göstərilir. Oradakı fərd cəmiyyətin aktiv bir üzvünə çevrilir”.
Eyni zamanda müsahibimiz bildirib ki, müasir dünyamız globallaşan bir dünya içindədir:
“Bu baxış bucağından insanlar artıq fərqli-fərqli bölgələrin mədəniyyəti deyil, sanki bir mədəniyyətin içərisinə alınır. Globallaşan dünyada milli,mənəvi dəyərləri qoruyub saxlamaq üçün insanın, cəmiyyətlərin əlində ən qüdsi dəyər din qalır. Güclü ölkələr yoxsul ölkələrə qarşı divan tutur. Burada yenə dinin prinsipləri meydana gəlir. İslam sülh dinidir və mədəniyyətlərarası dialoqa ehtiyac olduğunu görür. Cəmiyyətlər arasında körpünün qurulmağına ehtiyac duyur. Xalqlar arasında mənəvi dəyərlərin yenidən inşasına qapılar açılır. İslam dini insanları ayırmır”.
Banuçiçək Məmmədova
