Diplom önəmlidir, yoxsa bacarıq?
Son illər əmək bazarında tələblər sürətlə dəyişir. Bir tərəfdə ali təhsili və diplomu əsas şərt sayan yanaşma, digər tərəfdə isə real bacarıq və praktik bilikləri önə çəkən işəgötürənlər dayanır. Xüsusilə gənclər arasında “oxumaq lazımdır, yoxsa öyrənmək?” sualı daha çox səslənir.
Mövzu ilə bağlı “İnformator.az” saytı təhsil ekspertinin və işəgötürənin fikirlərini öyrənib.
İşəgötürən Mahir Məmmədovun sözlərinə görə, əsas meyar namizədin işi bacarmasıdır:
“Diplom müəyyən sahələrdə vacib ola bilər, çünki o, insanın təhsil aldığını və müəyyən baza biliklərinə sahib olduğunu göstərir. Amma təkcə diplomla işi düzgün görmək mümkün deyil. Namizəd real situasiyalarda özünü necə aparır, problemi necə həll edir, komandaya necə uyğunlaşır. Bunlar daha önəmlidir. Ona görə də, seçim edərkən bacarıq və praktiki təcrübə həmişə birinci yerdə olur. Əgər namizədin bacarığı bunu sübut edirsə, mütləq götürərik. Xüsusilə İT, dizayn, satış, marketinq kimi sahələrdə diplomdan çox nəticəyə baxırıq. Əgər insan gördüyü işləri, əvvəlki təcrübəsini və bacarıqlarını göstərə bilirsə, diplomun olmaması bizim üçün əsas maneə deyil. Əsas odur ki, məsuliyyətli olsun, öyrənməyə açıq olsun və işinə ciddi yanaşsın. Ən çox rast gəlinən problem praktiki təcrübənin azlığıdır. Universitetdə aldıqları bilikləri real iş mühitinə tətbiq etməkdə çətinlik çəkirlər. Bundan əlavə, ünsiyyət bacarığı, komandada işləmək, vaxtın düzgün idarə olunması kimi məsələlərdə də boşluqlar olur. Bəzən də gözləntilər real bazarla uyğun gəlmir. Yeni məzunlar dərhal yüksək maaş və rahat iş şəraiti gözləyir, amma prosesin mərhələli olduğunu qəbul etməkdə çətinlik çəkirlər”.
Təhsil eksperti bildirib ki, bu gün Azərbaycan reallığı üçün uğurun açarı diplomla yanaşı bacarığın olması və hətta müəyyən əlavə sertifikatların, o cümlədən xarici təhsil sertifikat və diplomların olmasıdır:
“Təssüflər olsun ki, hələ də Azərbaycan universitetlərinin verdiyi diplomların çoxu sadəcə formal sənəd səviyyəsindədir. Bunun əsas səbəbi isə dünya təhsil sistemindən çox geridə qalmağımızdır, bu öz-özlüyündə tələbələrimizin həm dünya əmək bazarı standartlarından kənarda qalmağına, həm də daxili əmək bazarında özünə yer tuta bilməmələrinə səbəb olur. Məsələnin mahiyyəti odur ki, hansısa bir şirkət seçim qarşısında qalanda sual verir. Mən bacarıqlı bir işçini işə götürüm, yoxsa həm diplomu olub, həm bacarığı olan şəxsi və ya həm diplomu olan, həm bacarığı olan, həm də peşəsinə uyğun əlavə təlim, kurslarda iştirak edib sertifikat alan, xaricdə əlavə təhsil diplomu olan şəxsi? Sözsüz ki, özəl şirkətlərə hansısa bir şəxsin diplomu gərəkli deyil, amma bacarığı olan şəxsin əlavə üstünlüklərinin olması elə şirkətin üstünlüyü sayılır. Bu baxımdan gənclərimiz yaxşı olardı ki, "bacarıqlı diplomçu"lar olsunlar. Çünki ali təhsilsiz bacarıq sayəsində yuxarı iş seqmentində çox az adam uğur qazana bilər. Öyrənməklə iş tapmaq və uğur qazanmaq orta gəlirli ailə qazancı deməkdir. Daha uzun müddətli, etibarlı və yüksək gəlirli iş üçün adətən diplom da gərəkli olur. Bu gün az sayda Universitet tələbələrin praktiki bacarıqları üçün iş görür. Ona görə də, sosial şəbəkələrə baxanda onlarla özəl şirkətlərə rast gəlinir, onlar, məhz universitetlərin edəcəyi işi öz üzərlərinə götürürlər. Bura tələbələrin və məzunların ölkə daxilində və xaricdə praktiki təcrübə kurslarına göndərməyin təşkil edilməsi, seminarların keçirilməsi və s. onlarla ödənişli xidmətlər daxildir”.
Cavahir Əsgərbəyli
