Direktorlar üçün ixtisas bilikləri üzrə test imtahanı keçiriləcək
Növbəti ay direktorların işə qəbulu müsabiqəsi çərçivəsində ixtisas biliklərinin yoxlanılması məqsədilə test imtahanı təşkil olunacaq. İmtahan sertifikatlaşdırma və digər qiymətləndirmələrdən keçməyən direktorlar, direktor müavinləri və təşkilatçılar üçün nəzərdə tutulur. Testlər 2, 3, 10 və 11 may tarixlərində keçiriləcək. Qeydiyyat 23 aprel saat 17:00-dək yerli təhsil idarəetmə orqanları vasitəsilə aparılır.
Mövzu ilə bağlı təhsil eksperti Vüsət Əzizov “İnformator.az”a açıqlamasında bildirib ki, bu tip imtahanlar formal yoxlama kimi görünsə də, düzgün təşkili məktəb idarəçiliyinə real təsir göstərə bilər:
“Direktorlar üçün ixtisas bilikləri imtahanının təhsil sisteminə ən əsas qazancı minimum peşə standartının formalaşması ilə bağlıdır. Yəni artıq direktor olmaq üçün təkcə təcrübə deyil, təhsil qanunvericiliyini bilmək, maliyyə və resurs idarəçiliyi, insan resursları ilə işləmək bacarığı və tədris prosesinin təşkili kimi biliklər də tələb olunur. Bu, sistemin daha şəffaf fəaliyyət göstərməsinə xidmət edir. Bu imtahan öz növbəsində məktəb idarəçiliyinin keyfiyyətini də dəyişdirəcək. Təbii ki, bu sistemin birbaşa möcüzə yaratmaq imkanı yoxdur, amma düzgün tətbiq edilərək ciddi dəyişiklik edə bilər. Zəif idarəçilər artıq bu sistemin mərhələlərindən keçə bilməyəcək və direktorlar öz üzərində işləməyə məcbur olacaq”.
Ekspertin sözlərinə əsasən, bu sistemə görə məktəblərdə qərarlar şəxsi yanaşmalara görə deyil, formalaşmış datalara və qaydalara əsaslanacaq:
“Bu sistem davamlı tətbiq olunarsa, bilik və bacarıq səviyyəsi aşağı olan direktorların sayı azalar. Qaydalar və standartların güclənməsi ilə “hər direktor öz bildiyini edir” problemi də azalar. Məktəblərdə müəllim-direktor konfliktləri peşəkar idarəçilik ilə aradan qalxa bilər.
Bu cür imtahanlar təkbaşına sistemi düzəltmir və bu sistemin effektli olması üçün paralel olaraq direktorlar üçün təlim proqramları, fəaliyyətin davamlı qiymətləndirilməsi və məktəblərə real idarəetmə səlahiyyəti verilməsi də lazımdır.
Ümid edirik ki, tətbiq ediləcək sistem təhsil sistemimizə böyük töhfə verəcək”.
Mələk Hüseynova