“Dirilən Adam”
AzTV-də nümayiş etdirilən “Dirilən Adam” serialı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mir Cəlal Paşayevin eyni adlı romanı əsasında yayımlanır. Serialda hadisələr Qədir və Qumru adlı ailənin ətrafında cərəyan edir. Yaşadıqları bölgədə nüfuz sahibi olan Bəbirin Qumruya vurulması süjet xəttində gərginliyi artırır. Qumrunu ələ keçirmək niyyəti ilə Qədiri uzaq bölgəyə göndərib ondan qurtulmağa çalışan Bəbirin planı baş tutmur. Sui-qəsddən sağ çıxan Qədir isə qisas almaq üçün yenidən şəhərə qayıdır və hadisələr bundan sonra daha da dramatikləşir.
“İnformator.az” saytı olaraq bəzi obrazlar və hadisələrin gedişi barədə "Dirilən Adam" serialının rejissoru Bəhram Yaqublunun fikirlərini öyrəndik.O bildirib ki,romanla uyğunlaşdırılan bu serialın nə qədər uğurlu olacağına tamaşaçılar qərar verəcək:
“Seriallarımızın əsərlərimizə adaptasiyası zamanı əsas məqsədimiz məhz həmin əsərləri yaşatmaq və onları tamaşaçılara ən yüksək səviyyədə təqdim etməkdir. Bu baxımdan serialdakı obrazlar üzərində xüsusi diqqətlə işlənilir.Onlardan biri də Qədirdir.Qədir obrazı elmlə məşğul olan, ailəsini dolandırmaq üçün çəkməçilik edən, bütün çətinliklərə sinə gərib gələcəyə ümidlə baxan bir insandır. Növbəti günlərdə onun mənəvi dirçəlişini görəcəyik.Qumru obrazı isə saf, ailəsinə bağlı bir qadının simvolu kimi təqdim olunur. O, ailə daxilində müəyyən sıxıntılar yaşasa da, həyat yoldaşına sevgisini qoruyan bir obrazdır.Bəbir obrazı isə yaşadığı ərazidə tanınmış iş adamı kimi təqdim olunur. Ailəsində müəyyən problemlərlə qarşılaşır.Bunun səbəbi isə həyatında müxtəlif qadınların olmasıdır”.
Rejissor “Aktyorlarla iş zamanı hər hansı çətinlik olurmu?” sualına cavabında qeyd edib ki, hər setdə kiçik problemlər olsa da,bu iş prosesinə təsir etmir:
“Biz komanda olaraq bu çətinliklərin öhdəsindən gəlir və işimizi ən yaxşı şəkildə davam etdirməyə çalışırıq. Bizim çox professional, öz işinin öhdəsindən peşəkarlıqla gələn bir işçi komandamız var. Ümid edirəm ki, “Dirilən Adam” serialı da Azərbaycan ekran sənətində uğurlu bir yer tutacaq”.

İzləyicilərin fikrincə, Bəbirin mənfi obrazını Füzuli Hüseynov böyük peşəkarlıqla canlandırır.
Serialın bu obrazına nəfəs verən əməkdar artist "İnformator.az”a açıqlamasında qeyd edib ki, ədəbiyyatımızda mənfi-müsbət anlayışı demək olar ki,yoxdur:
“Çünki hansı cinayətkarı dindirsən özünü haqlı biləcək. Bəbirin isə hansı mövqedə dayanması hələ bəlli deyil.Mir Cəlal Paşayevin eyniadlı romanı əsasında ekranlaşdırılan “Dirilən Adam” serialı üçün 150 bölüm nəzərdə tutulub.Bizim nəslə doğma olan Azərbaycan televiziyasının belə bir layihəni həyata keçirməsi isə çox sevindirici haldır.Hər birinə uğurlar arzulayıram”.

Rejissor,aktyor Kamal Yaşar saytımıza açıqlamasında bildirib ki,romanın serial adaptasiyası peşəkar ssenarist Pərviz Seyidli tərəfindən həyata keçirildiyi üçün uğurlu olacağını düşünürəm:
“Pərviz bəy ssenarist olmaqla yanaşı yazıçıdır və bu ona Mir Cəlalın mətninin ruhunu daha da dərindən hiss etməyə imkan verir”.
Kamal Yaşar bildirib ki,bu layihə indiyə qədər daha çox sənədli filmlər istehsal edən bir televiziya üçün maraqlı bir pəncərə açacaq:
“Milli televiziyamızda serialların ilk nümunələri də bir zamanlar AzTV-də olub. Bu baxımdan təşəbbüsü olduqca müsbət qiymətləndirirəm. Bu serialın yayımlanması AzTv ilə geniş izləyici kütləsi arasında bağları gücləndirə bilər. Büdcə, komanda şərtləri və serialın daxili güclə, yaxud prodakşn əməkdaşlığı ilə çəkildiyi barədə məlumatlı olmasam da,onun yerli bazar üçün maraqlı olacağını düşünürəm”.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri,teatr və kino rejissoru Mehriban Ələkbərzadə də “Dirilən Adam”serialı ilə bağlı ilkin təssüratlarını “İnformator.az”la bölüşüb:
“Müxtəlif yanaşmaların mövcud olduğu bu tip filmlərdə, ilk bölümlər bəzən “sillə” xarakteri daşıyır və böyük ehtimalla qəsdən düşünülmüş hadisələrin təməlini qoymaq məqsədilə edilir. Belə yanaşma,əsasən,qəhrəmanların və hadisələrin bünövrəsini,kökünü təqdim etməklə başlayır, daha sonra isə hadisələrin iç gedişi və inkişafı baş verir. Məncə,filmi tam anlamaq və onu bir romanla müqayisə etmək üçün ən azı 10-15 bölümü izləmək lazımdır.
Hazırda Füzuli Hüseynov, Sənubər İsgəndərli və Günay Həsəni kimi obrazlar çox maraqlıdır və onlardan çox şey gözlənilir. Ümumiyyətlə, film ciddi bir yanaşma və geniş bir konsepsiya vəd edir. Bəlkə də yaxşı ki,o hələ görünmür.Amma təbii ki, bunun da öz müsbət tərəfləri ola bilər, çünki nəticə bəlkə də gözləniləndən daha uğurlu olacaq”
Onun sözlərinə görə, bu “Dirilən adam” digər kanallarda yayımlanan və reytinq baxımından üstün olan çox seriallardan heç də geri qalmır.

Serialın izləyiciləri də fikirlərini bizimlə bölüşüblər.
Məryəm Zahidova belə bir əsərin serial kimi çəkilməsini müsbət addım kimi qiymətləndirib:
“AzTV-də səhv etmirəmsə ilk dəfə serial göstərilir və ortaya çıxan iş həqiqətən də uğurlu alınıb”.
Aktyorların oyununu uğurlu qiymətləndirən digər izləyici Fərid Zeynalov süjet xəttinin maraqlı olduğunu vurğulayır:
“Rejissor və operator işi həqiqətən çox əladır.Xüsusilə Füzuli Hüseynovun canlandırdığı Bəbir obrazı yaratdığı mənfi təəssüratla xüsusi seçilir.Sənubər İsgəndərlinin oynadığı Xavər obrazı güclü qadın simvolu kimi çıxış edir.Serialın digər bölümlərini səbirsizliklə gözləyirəm”.
Səkinəbəyim Cəfərova
