"Dəm qazı ölüm təhlükəsi yaradır"
Qış mövsümündə dəm qazından zəhərlənmə halları yenidən gündəmə gəlib. Hər il onlarla insan bu səssiz təhlükənin qurbanına çevrilir.
Mövzu ilə bağlı “İnformator.az”a Fövqəladə Hallar Nazirliyi(FHN) bildirib:
“Dəm qazı ölüm təhlükəsi yaradır!
Bu təhlükədən qorunmaq üçün qaz cihazı saz və standartlara uyğun olmalı, cihaz olan məkanın hündürlüyü 2 metr 20 santimetrdən az olmamalı, havaçəkən sistem işləməli, nəfəslik açıq olmalı, hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalı, tüstü bacaları ildə iki dəfə təmizlənməlidir.
Yadda saxlayın! Dəm qazı iysizdir, hiss edilmir!
Ondan zəhərlənmənin əlamətləri baş ağrısı, baş gicəllənməsi, ürəkbulanması, halsızlıqdır.
Dəm qazından zəhərlənən insanı təmiz havaya çıxarıb, nəfəsalmasını çətinləşdirən geyimlərdən azad etmək, təcili tibbi yardım çağırmaq lazımdır!".
Həmçinin Kliniki Tibbi Mərkəzin həkim-tokasikoloqu Aynur Məmmədova mövzu ilə bağlı fikirlərini saytımız ilə bölüşüb:
“Dəm qazına səssiz ölüm deyirlər. Bunun nə iyi, nə dadı, nə rəngi, nə qoxusu var. Heç hiss olunası maddə deyil. Yox, sadəcə olaraq bunu insanlar zəhərlənən anlarında ilkin olaraq hiss edə bilərlər. Yəni bu faciədən onlar geri dönə bilərlər. Çox təəssüf ki, indiki hallarda bəzən olur ki, xəstələr çox ağır vəziyyətdə gəlir. Biz soruşuruq ki, sən niyə vaxtında hamamdan çıxmadın? Deyir, mən gələndə hiss elədim başım ağrıyır, düşündüm ki, qurtarım, sonra çıxım. Və əlbəttə ki, artıq 3-4 dəqiqə həyatı təhlükəli bir dönəmdir. Yəni o anı onlar buraxırlar əldən. Yüngül hallarda baş ağrısı, ürəkbulanma, halsızlıq kimi əlamətlər olur. Bunu çox vaxt diqqətə almırlar, çünki bir həyati təhlükə kimi görünmür ortada. Və xəstə həmin anda, həmin vaxtda, həmin o hamamda və ya soba olan otaqda olursa və otaqda olmağa davam edirsə, əlbəttə ki, bu ağır və son nəticədə daha ağır hallara keçə bilir. Dəm qazı zəhərlənməsində yüngül, orta və ağır hallar olur. Yüngül hallarda 15 faizə qədər zəhərlənmə olur qanda. Orta-ağır hallarda 35 faizə qədər, ağır hallarda 35–40–45 faizə qədər, artıq ölüm halları isə 50 faizdən çox qanda dəm qazı karboksihemoglobinin miqdarının çox olması ilə səciyyələnir. Hemoglobinə, hemoglobin həmin bu dəm qazı ilə birləşir ki, stabil birləşmə əmələ gətirir. Bu birləşmə tənəffüs zamanı baş verir və bütün bədənə yayılır. Ən əsas orqanlarımıza beyin, ürək, tənəffüs orqanlarına yayılır və çox ağır hallarda ölümlə nəticələnə bilər. Zəhərlənmələr yüngül, orta və ağır qiymətləndirilir. Yüngül hallarda baş ağrısı, ürəkbulanma kimi hallar olur. Orta-ağır hallarda xəstələrdə qısa müddətli huşun itməsi, qusma, kəskin baş ağrıları, huşun alaqaranlıq olması və ətrafda qeyri-adekvat davranış, ətrafda nə baş verdiyinin başa düşülməməsi kimi hallar olur. Əlbəttə ki, bu halda da xəstənin vəziyyəti həmin otaqdan bayıra çıxarılsa, xəstə həyatını qurtarır. Ağır hallarda isə 50 faizdən çox olan hallarda, artıq çox ağır xəstələr gələndə komatoz vəziyyətdə olur, təzyiq hədsiz dərəcədə aşağı olur, serebral koma, qıcolmalar, hətta ürək-damar və tənəffüs sisteminin dayanmasına qədər gətirib çıxara bilər.
İlkin olaraq nə etmək lazımdır? İlkin olaraq əlbəttə ki, dəm qazından necə qorunmaq olar? Yay aylarında hazırlanmalıdır hamısı, yəni həm bacalar təmizlənməlidir, sobaların saz vəziyyətdə olması nəzarət olunmalıdır, hamamlar kip vəziyyətdə olmamalıdır. Yəni orada bir nəfəslik olmalıdır. Sonra qapıların aşağısında dəliklər olmalıdır. Ümumiyyətlə, bunlara mütləq qaydalara riayət olunmalıdır.
Orqanizmə necə təsir edir? Orqanizmə qısa və uzunmüddətli təsir edir və indi sizə başa salım. Qısa müddətdə xəstələr gələndə biz yardım edirik və onlara başa salırıq ki, sizdə bir həftə, bir ay və ya daha uzun müddət baş ağrıları, ürəkbulanma, narahatçılıq hissi və yuxusuzluq ola bilər; mütləq nevropatoloqa müraciət edin. Bu qısa müddətli və ortadan qalxan bir fəsaddır.
Ancaq ağır hallarda, xəstə uzun müddətli komatoz vəziyyətdə qalırsa və beynin KT, MRT-də xəstənin artıq beynində, beyin hüceyrələrində orqanik, funksional dəyişikliklər əmələ gəlirsə, xəstələr hətta komadan ayrılsa da ciddi fəsadlar olur. Bu fəsadlar nitq, psixoloji durum və hətta görmənin pozğunluğu kimi əlamətlər gətirir. Bu fəsadlar da hədsiz uzunmüddətli müalicə və reabilitasiya tələb edir. Elə xəstələrimiz olur ki, biz vəziyyətdən çıxarırıq, evə yola salanda, yəni tibbi olaraq xəstə nə yeriyə bilir, nə hərəkət edə bilir, nə qidalana bilir, nə udqunmaları var, ətrafı tanımır. Belə halda, uzun müddət hamamda qalmaq ağır fəsadlara səbəb olur. Yəni uzun müddət hamamda qalanda, dəm qazı hədsiz dərəcədə, karboksihemoglobin qanda çox olduqda, beyinə güclü, məhv edici təsir göstərir və bunu aradan qaldırmaq çətindir; beyində gedən dəyişikliklər geri dönməz prosesə çevrilir. Təcili tibbi yardım xəstəxanaya gəldikdə, xəstəni tez bir zamanda xəstəxanaya gətirib çıxarırıq və ilkin yardıma başlayırıq. Gecikmə evdə olur ailə üzvlərinin məsuliyyətindən irəli gəlir. Uşaqlar nəzarətsiz qalarsa, bəzi hallarda üç-dörd-beş nəfər ailə üzvləri ilə xəstə müraciət edir. Təsadüfən, evdə bir uşaq qalırsa və ya ata gecə işdən gəlir, ana isə otaqda yatırsa, hamısı huşsuz vəziyyətdə olursa, bu, texniki nasazlıqdan irəli gəlir və birbaşa ailənin məsuliyyətidir. Bizə qədər gecikmə olmur. Təcili tibbi yardım çağırılırsa, yerindəcə yardım göstərilir və ondan sonra xəstə bizə çatdırılır. Həkimə qədər gecikmə birbaşa tibb heyətindən deyil, gecikmə ailə üzvlərinin gecikməsi olur. Soruşuruq ki, neçə saat olub hamamda? Bəzən 10 dəqiqə belə xəstənin ölümünə və ya hədsiz ağır vəziyyətə gətirilməsinə kifayət edir".
Arzu Poladova
