Dnepr hədəfdədir: Rusiya Ukraynanı bölmək istəyir
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın ölkəni Dnepr çayı boyunca iki hissəyə bölməyə çalışdığını bildirib. Onun sözlərinə görə, Moskvanın bu istiqamətdəki planları Ukraynanın ərazi bütövlüyü və təhlükəsizliyi üçün ciddi təhdid yaradır. Zelenski Rusiyanın hərbi strategiyasına diqqət çəkərək, ölkəsinin bu cür cəhdlərə qarşı mübarizəni davam etdirəcəyini vurğulayıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Rusiyanın Ukraynanı Dnepr çayı boyunca iki hissəyə ayırmaq niyyəti reallaşarsa, bu, müharibənin gedişində ciddi hərbi-strateji dönüş nöqtəsi ola bilər:
“Dnepr Ukraynanın ən mühüm təbii müdafiə xətlərindən biridir və ölkənin şərq və qərb hissələri arasında nəqliyyat, logistika və iqtisadi əlaqələrin təmin edilməsində mühüm rol oynayır. Rusiya üçün bu çaya nəzarət yalnız əlavə ərazilərin ələ keçirilməsi deyil, həm də Ukraynanın vahid müdafiə sisteminin zəiflədilməsi deməkdir”.
Politoloq vurğulayıb ki, xüsusilə çay üzərindəki körpülərin, keçidlərin və strateji şəhərlərin nəzarətə götürülməsi Ukrayna ordusunun qüvvələrini yenidən yerləşdirmək, silah-sursat və hərbi texnika daşımaq imkanlarını məhdudlaşdıra bilər:
“Bununla belə, Dnepr kimi geniş su maneəsinin keçilməsi və onun hər iki sahilində davamlı hərbi nəzarətin qurulması Rusiya üçün də son dərəcə mürəkkəb əməliyyatdır. Üstəlik, çay boyunca hərbi mövqelərin ələ keçirilməsi avtomatik olaraq Ukraynanın iki yerə parçalanması anlamına gəlmir. Belə bir ssenarinin reallaşması üçün Rusiyanın böyük ərazilərə, mühüm kommunikasiya xətlərinə və yaşayış məntəqələrinə uzunmüddətli nəzarət qurması tələb olunur”.
Züriyə Qarayeva müsahibəsində qeyd edib ki, əgər Rusiya bu strateji məqsədinə nail olarsa, Ukrayna təkcə ərazi itkisi ilə deyil, həm də dərin siyasi və iqtisadi böhranla üzləşə bilər:
“Ölkənin sənaye potensialının, enerji infrastrukturunun, kənd təsərrüfatı sahələrinin və nəqliyyat dəhlizlərinin bir hissəsinin itirilməsi dövlət büdcəsinə, ixrac imkanlarına və iqtisadi dayanıqlığa ciddi zərbə vurar. Siyasi baxımdan isə belə vəziyyət Kiyevin gələcək sülh danışıqlarındakı mövqeyini zəiflədə, Rusiyanın ərazi güzəştləri ilə bağlı təzyiqlərini artıra bilər. Digər tərəfdən, Ukraynanın faktiki olaraq iki hissəyə bölünməsi Avropanın təhlükəsizlik arxitekturası üçün də təhlükəli presedent yaradardı. Çünki hərbi güc vasitəsilə dövlət sərhədlərinin dəyişdirilməsi beynəlxalq hüququn fundamental prinsiplərinə ziddir”.
Politoloqun sözlərinə görə, Rusiyanın belə bir hərbi üstünlük əldə etməsi Ukraynanın dövlət kimi mövcudluğunun sona çatması demək deyil:
“Əksinə, Qərbin hərbi və maliyyə dəstəyinin güclənməsi, Ukraynanın müdafiə sisteminin yenidən qurulması və müharibənin uzunmüddətli qarşıdurmaya çevrilməsi ehtimalını da artırar. Buna görə Dnepr üzərində nəzarət uğrunda mübarizəyə yalnız ərazi məsələsi kimi deyil, Ukraynanın gələcək geosiyasi istiqamətini müəyyənləşdirə biləcək strateji amil kimi baxmaq lazımdır”,- deyə politoloq əlavə edib.
Nuray Dadaşzadə