00:00:00
Yazar
Ayan Sadi
11.11.2026 12:16 17 3 dəq oxuma
Dünya

Körfəz ölkələri ABŞ-dan asılılığı azaltmağa çalışır

Körfəz ölkələri ABŞ-dan asılılığı azaltmağa çalışır

 

 

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Müşfiq Abdulla

bildirib ki, Körfəz ölkələrinin Küveytdə vahid hərbi komandanlıq qərargahı yaratmaq qərarı ümumilikdə regionda yerləşən ərəb dövlətlərinin yeni təhlükəsizlik sistemi formalaşdırmaq cəhdindən xəbər verir:

 

“ABŞ və İran arasında müharibənin başlamasından sonra rəsmi Tehran ABŞ-ın müttəfiqi olan ərəb ölkələrini də atəşə tutmağa başladı. Bunlar əsasən Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və digər Körfəz ölkələri idi. Yalnız Oman İranla münasibətlərində müəyyən neytrallığı qoruyub saxladığı üçün hücumlardan yayına bildi.

 

Ərəb dövlətləri bu hücumlar zamanı ABŞ-ın onların müdafiəsinin təşkili məsələsində kifayət qədər narazı qaldılar. Çünki İran əvvəlcə həmin ölkələrdə ABŞ-ın hərbi bazalarını hədəf aldığını bildirsə də, sonradan müxtəlif istiqamətlərdə dağıdıcı zərbələr endirməyə başladı. Bu baxımdan ABŞ müttəfiq ərəb ölkələrinin müdafiəsi üçün ciddi tədbirlər görmədi.

 

Ona görə də beynəlxalq münasibətlər sistemində belə bir sual meydana çıxdı: əgər ABŞ ərəb dövlətlərinin təhlükəsizliyini təmin etmirsə, onlar bu məsələni hansı formada həll edəcəklər? Öz təhlükəsizliklərini təmin etmək üçün ayrıca sistem formalaşdıracaqlar, yoxsa başqa bir böyük dövlətdən yardım istəyəcəklər?”

 

Şərhçinin sözlərinə görə, ərəb ölkələrinin vahid müdafiə və təhlükəsizlik sistemi yaratmaq təşəbbüsləri hələlik nəzəri xarakter daşıyır və konkret mexanizmləri yoxdur:

 

“Son vaxtlar ərəb ölkələrinin hərbi müdafiə və təhlükəsizlik formatı yaratmaq təşəbbüslərini görürük. Səudiyyə Ərəbistanının Pakistan və Türkiyə ilə müdafiə əməkdaşlığı, Qətərin ərəb dövlətlərini vahid təhlükəsizlik təşkilatında birləşməyə çağırması və indi Küveytdə hərbi qərargahın yaradılması bu istiqamətdə atılan addımlardır.

 

Lakin bunlar hələlik nəzəri baxımdan mövcuddur və konkret mexanizmləri özündə ehtiva etmir. Körfəz ərəb dövlətlərinin müdafiə sənayesi demək olar ki, sıfır səviyyəsindədir və onlar müdafiə sahəsində, ilk növbədə, ABŞ-dan asılıdırlar. Küveytin ərazisində də ABŞ-ın hərbi bazaları yerləşir. Ona görə də bu hərbi qərargahın yaradılması ilə ciddi nəticəyə nail olunacağını düşünmürəm. Bu məsələ yalnız ABŞ-ın razılığı ilə mümkündür.

 

Əgər ABŞ regiondan çıxarsa, Çin və Rusiya kimi güclü dövlətlər bu regionda onun yerini doldura və ərəb ölkələrinə müdafiə paktının yaradılması ilə bağlı təkliflər verə bilər. Türkiyə və Pakistanın da regionda möhkəmlənmək cəhdlərini görürük. Ancaq bu dövlətlər hələlik regionun tam təhlükəsizliyini öz üzərinə götürməyə qadir deyillər.

 

Küveytdə hərbi qərargahın yaradılması hələlik ərəb dövlətlərinin vahid təhlükəsizlik sisteminin formalaşdırılması demək deyil. Bu addım daha çox İrana qarşı çəkindirici tədbir kimi başa düşülə bilər. Çünki regionda vəziyyət gərgin olaraq qalır və eskalasiya hər an baş verə bilər.

 

Bundan başqa, İranın İraq ərazisindəki proksi qüvvələri vasitəsilə Küveytə qurudan hücum təşkil etmək istədiyinə dair məlumatlar yayılıb. Bu məlumatların fonunda hərbi qərargahın yaradılması Küveytin müdafiəsinin təşkilində müəyyən rol oynaya və ABŞ-ı bu istiqamətdə əlavə addımlar atmağa məcbur edə bilər”.

 

Fidan Alışova

#baki #azərbaycan #asılılığı #ölkələri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər