Doğrudanmı bizi həyat cəzalandırır?
Doğmalarınızdan savayı heç kimə sonadək güvənməyin və tam açılmayın.
Doğmalarınızdan savayı heç kimə sonadək güvənməyin və tam açılmayın. Bir qırmızı xətt saxlayın daima münasibətlərdə. Bu həm sizi, həm də qarşı tərəfi aranızda yarana biləcək zərərli anlaşılmazlıqdan qoruyacaq.
Misal:
Sən bir adama çox inanırsan, hər hissini, duyğunu, düşüncəni, işini, lsp elə şirniyyatını bölüşürsən, yeri gələndə yerini, mənsəbini, haqqını, lap elə ictinai nəqliyyatda pəncərənin yanını ona güzəştə gedirsən(o da eyni davranış sərgiləyir, hər şey yaxşıdı və illərdi belə də davam edir).
Və bir gün hiss edirsən ki, adam arada baş-ayaq vurur, artistlik edir, aranızdakı illərdi formalaşmış dostluğa, davranış tərzinə zidd gedişlər, hərəkətlər edir, özü də bu getdikcə nisbətən daha çox sezilir. Sən də get-gedə bu hiss etdiyinin üzərində tədricən daha dərindən düşünməyə məcbur olursan. Və görürsən ki, o, sənin haqqına girir yavaş-yavaş. Təzəcə sənin olan (və ya olacaq) nəyisə yavaş-yavaş əlindən çıxartmağa çalışır (və ya çıxardıb artıq). Əvvəl inanmırsan, "yox, ola bilməz", düşünürsən. Amma zamanla anlayırsan ki, "hə, olurmuş, o, bunu edir".
-Onda bəs bu artistliyə nə ehtiyac var?-düşünürsən.
Hə, bu da ciddi məsələdi: adam həm sənin haqqına girmək, həm səni əvvəlki kimi, yanında görmək istəyir, həm də öz alçaqlığından utanır bir az. Axı siz illərin dostusunuz və sən ona qarşı heç vaxt belə davranmamısan.
Yenə sual:
-Bəs illərin dostu birdən-birə niyə belə etsin ki, axı filan vaxt filan şeydə, ardınca filanda və daha nələrdə o da sənə kömək olmuşdu?
Cavab:
-Əslində məsələni həll edən illər deyil, hadisələrdir. Yəni indiki şansın illər əvvəl yaransaydı, həmin adam indki naqisliyi və artistlikləri həmin vaxt edib sənin haqqına sahiblənəcəkdi.
Demək ki, sadəcə bu illər ərzində o adamın gerçək kimliyini sənə (elə özünə də) göstərən hadisə baş vermirmiş.
Adamın "canfəşanlığının" gerçək səbəbi barədə qəti qərara gələndə ilk düşündüyün bu olacaq: amma sən bu illər ərzində ona nə qədər güzəştlərə getmisən. Həm də təkcə ictimai nəqliyyatda pəncərənin qabağını yox.
İndi mən bir sual verib, özüm də cavablandırıram:
-Niyə belə oldu, doğrudanmı o çox naqis adamdı?
-Adam çox naqis olmadan da belə edə bilər.
Səbəb:
Hər kəsin özününkü ilə müqayisədə özgəyə məhəbbəti, itaəti bir yerə qədərdir.
Primitiv misal:
Bir ağacın başında, çox hündürdə bir alma var. Dostun səndən xahiş edir ki, çıx o almanı dər, ver mənim uşağım yesin.
Sənin ilk ağlından keçən öz uşağın olur: ora çıxıb o almanı dərə bilsəm, elə verərəm öz uşağım yeyər də-düşübürsən.
Ola bilsin sən sonra almanı dərib o adamın uşağına verirsən də. Məsələ işin orasında deyil. Əsas odur ki, ilk növbədə öz uşağın ağlına gəlir. Sadəcə, alma önəmli olmadığı üçün onu dərib verirsən.
İndi təsəvvür elə ki, həmin dostunla ucsuz-bucaqsız səhradasan, uşaqlarınız da yanınızda can üstdədilər və uzaqda bir damla su görünür. Dünən-almanı dər-deyən dostun indi də o su damlasını uşağı üçün istəyir səndən...
Burada artıq bütün dəyərlər, illərin təsiri itir...
-Kimdən ötrü dostluğun dəyərləri itdi? -Uşağından ötrü.
Amma özündən ötrü də dəyərlərin itəcəyi anlar ola bilir.
Necə ki, dostunda oldu.
Düzdür, ağacdakı alma ilə səhradakı bir damla su xeyli fərqli situasiyalardı.
Amma bəlkə indi o dostun sənin əlindən aldığı (yolunu kəsdiyi və s.) da səninçün ağacda alma yox, səhrada bir damla su qədər önəmlidi.
Axı nə də olsa, qazancımızın əsas bəhrəsini övladlarımız görür (ya da görəcək).
O isə bunu səndən qoparır...
Günah kimdədi?
Üzdən düşünəndə əlbəttə dostunda. Çünki:
1. O həlledici anlarda nəfsinə hakim olmadığı üçün naqis adamdı.
2. Sənin olana sahiblənməklə yanaşı sənin bundan xəbər tutmaman, yaxud yenə də dost olaraq qalmandan ötrü artistlik etdən əxlaqsızdı.
Amma dərindən düşünəndə səbəb həm də səndədir.
Çünki sənin (söhbətin əvvəlində dediyim ) münasibətlərdə qırmızı xəttin olmayıb.
O xətt olsaydı, ikinizi də qoruyacaqdı:
3. Vəziyyət bu yerə gəlib çıxmayacaqdı.
2. Dostunu itirməyəcəkdin.
1. Sənin və övladının haqqı özünüzdə qalacaqdı.
Və sonda
Mənimçün həyatda ən ağılsız adamlardan biri də özü yaman gündə olduğu halda, yaxşı gündə olanları göstərib, "vaxtında ona bunu elədim, buna filanı elədim, nə bilim, ev növbəmi verdim, qaraj üçün yer bağışladım" və s deyənlərdi. Özgəyə gün-ağlata ağlaya öz gününə güldürənlər yəni...
Belələrindən olmayın. Ən azı olmamağa çalışın. Yoxsa, kimsə sizi nə zamansa mütləq yandıracaq. Adını da qoyacaqsınız "həyat məni cəzalandırır"...
