Donald Tramp NATO ölkələrini rus neftindən imtina etməyə çağırıb
ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərinə Rusiyadan neft idxalını dərhal dayandırmağı tövsiyə edib.
Mövzu ilə bağlı iqtisadçı Elçin Rəşidov “İnformator.az”a açıqlamasında bildirib ki, Rus neftindən imtina dünya enerji bazarına ciddi təsir göstərə bilər:
“NATO ölkələrinin Rusiyadan neft alışını kütləvi şəkildə dayandırması bazarda neft təklifinin azalmasına gətirib çıxaracaq. Bu isə qiymətlərin artmasına səbəb olacaq və nəticədə istehsalda, daşımada və ümumi enerji xərclərində kəskin artım baş verəcək. Bunun ardınca qlobal inflyasiya qaçılmaz görünür. Hadisənin təsiri ölkələrə görə fərqli olacaq. NATO daxilində Rusiyadan xam neft idxalında böyük paya sahib olan ölkələrdən biri Türkiyədir. Bu, Ankaranın enerji balansını ciddi şəkildə çətinləşdirə bilər. Eyni zamanda, belə bir hadisə Rusiya və Çin arasında daha sıx enerji əməkdaşlığına yol aça bilər. Çin, Rusiyadan neft tədarükünü artıraraq bu boşluğu doldurmağa çalışacaq”.
Fatime Hüseynli
