00:00:00
Yazar
Banuçiçək Məmmədova
23.02.2026 15:58 59 3 dəq oxuma
Siyasət

Donald Tramp Qrenlandiyaya xəstəxana gəmisi göndərir-Humanitar yardım, yoxsa siyasi mesaj?

Donald Tramp Qrenlandiyaya xəstəxana gəmisi göndərir-Humanitar yardım, yoxsa siyasi mesaj?

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik səbəblərini əsas gətirərək əraziyə əlavə etmək istədiyini bəyan etdiyi Qrenlandiyaya böyük xəstəxana gəmisi göndərdiklərini açıqlayıb. O, sosial media hesabında paylaşım edərək gəminin artıq yola düşdüyünü bildirib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Rəşad Bayramov bildirib ki, Məlumdur ki, Tramp xəstəxana gəmisini Qrenlandiyaya göndərməsini humanitar yardım kimi təqdim edərək, gəmiyə ehtiyacı olan sakinlərə tibbi xidmət göstəriləcəyi ilə əsaslandırıb:

 

“Lakin məsələ burasındadır ki, Trampın bu təşəbbüsü rəsmi diplomatik kanallar vasitəsilə koordinasiya edilməyib və Qrenlandiya ilə Danimarka hökumətləri bununla bağlı əvvəlcədən məlumatlandırılmayıb. Odur ki, bu addım təkcə humanitar məqsəd kimi deyil, həm də siyasi mesaj kimi şərh olunmalıdır.
Qrenlandiya baş naziri Jens-Frederik Nielsen açıqlayıb ki, bölgədə belə yardıma ehtiyac yoxdur. Qrenlandiyanın genişmiqyaslı ictimai səhiyyə sistemi mövcuddur və bütün sakinlərə pulsuz tibbi xidmət göstərilir. Danimarka rəsmiləri də ABŞ-nin təşəbbüsünü lazımsız hesab edərək, hər hansı yardıma başlamazdan əvvəl razılaşma və koordinasiya tələb edildiyini bildiriblər. Bu cavablar, gəmiyə humanitar ehtiyacın olmadığını göstərir və ABŞ vasitəsilə atılan addımın daha çox siyasi və strateji mesaj məqsədli olduğunu ortaya qoyur. Humanitar komponent baxımından, ABŞ hərbi-tibbi gəmiləri əvvəllər də bir sıra ölkələrdə yardımlar göstərib. Amma Tramp administrasiyasının Qrenlandiyaya gəmi göndərməsi rəsmi təsdiqləmə və koordinasiya olmadan həyata keçirildiyi üçün, obyektiv olaraq humanitar missiya kateqoriyasına daxil edilə bilməz. Bu qeyd eydiyim kimi daha çox strateji mesaj funksiyası daşıyır. Məlumdur ki, Tramp əvvəllər Qrenlandiyanın strateji əhəmiyyətini vurğulamış və ABŞ-nin bu bölgədə aktiv rol oynamaq niyyətini açıqlamışdı. Xəstəxana gəmisi təşəbbüsü də bu baxımdan ABŞ-nin maraqlarını nümayiş etdirmək və regional mövqeyini gücləndirmək üçün bir vasitədir.
ABŞ-nin bu addımı şübhəsiz ki, Danimarka və Qrenlandiya ilə münasibətlərdə diplomatik gərginliyi daha da artıracaq. Artıq Qrenlandiya və Danimarka hökumətləri, Trampın sosial mediada elan etdiyi planın bölgənin suverenliyi və daxili siyasətinə hörmətsizlik kimi qəbul edildiyini açıqlayıblar. Belə bir yanaşma, həm ABŞ-Danimarka, həm də ABŞ-Qrenlandiya münasibətlərində etimad boşluğu yaradır. Bundan əlavə, Qrenlandiya Arktikada strateji baxımdan kritik bir ərazi olduğu üçün, ABŞ-nin bu cür təşəbbüsü həm NATO daxilində, həm də regional geosiyasi kontekstdə maraqların və güc balansının nümayiş etdirilməsi kimi də qiymətləndirilə bilər. Bu addım ABŞ-nin Arktikada daha aktiv mövqe göstərmək istədiyini və strateji planlarını simvolik olaraq ifadə etməsini əks etdirir. Odur ki, ABŞ-nin Qrenlandiyaya xəstəxana gəmisi göndərməsi təşəbbüsü əsasən siyasi mesaj kimi qiymətləndirilir. Humanitar motiv mövcud olsa da, rəsmi koordinasiya və ehtiyacın olmaması səbəbindən bu addım real humanitar missiya kimi qəbul edilə bilməz. Eyni zamanda, bu təşəbbüs ABŞ-Danimarka münasibətlərində diplomatik gərginlik yaratmaqla yanaşı, regional stabillik və Arktik geosiyasətində balans məsələlərini aktuallaşdırır”.

 

Banuçiçək Məmmədova

#yardım # #yoxsa #mesaj? #donald
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər