Azərbaycan–İran əlaqələrində yeni mərhələ: Rəsmi görüşlərin əsas nəticələri
Azərbaycan nümayəndə heyətinin İrana rəsmi səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçirilib. Təmaslarda iki ölkə arasında strateji, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İrana rəsmi səfəri iki ölkə arasında strateji, iqtisadi və diplomatik əlaqələrin yeni səviyyəyə yüksəlməsinə mühüm təsir göstərə bilər:
“Tehranda İran Prezidenti Məsud Pezeşkian, parlament sədri, Milli Təhlükəsizlik Ali Şurasının katibi, həmçinin neft, energetika, yol və şəhərsalma nazirləri ilə keçirilən geniştərkibli görüşlər regional tərəfdaşlığı ciddi şəkildə stimullaşdırır. Bu rəsmi təmasların Azərbaycan-İran münasibətlərinin inkişafına əsas təsirləri bir neçə istiqamətdə ola bilər. Quru, hava və dəmir yolu marşrutlarının birtərəfli inkişafı Bakı və Tehran arasında inteqrasiyanı sürətləndirə bilər. Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisinin başa çatdırılması, sərhəd-keçid və Astara yük terminalının infrastrukturunun genişləndirilməsi ölkələr arasında birbaşa yükdaşımaların həcmini artıracaq. İqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın həmsədrlərinin görüşü əvvəlki Anlaşma Memorandumlarının icrasını da sürətləndirir. İranın neft və energetika nazirləri ilə aparılan məhsuldar müzakirələr hər iki dövlətin iqtisadi təhlükəsizliyinə xidmət edən strateji enerji layihələrini yeni mərhələyə daşıyacaq.
Bütün bunlarla yanaşı Bişkekdə ölkə liderləri İlham Əliyev və Məsud Pezeşkian arasında əsası qoyulmuş səmimi dialoq dövlətlərarası etimadı daha da möhkəmləndirir”.
Politoloq qeyd edib ki, İranın Milli Təhlükəsizlik Ali Şurası ilə keçirilən görüşlər regionda yarana biləcək risklərin birgə idarə olunmasına və ikitərəfli gündəliyin aktual təhlükəsizlik məsələlərinin operativ həllinə şərait yaradır:
“Həmçinin İran parlamentinin rəhbərliyi ilə görüşlər dövlətlərin birgə təşəbbüslərinin qanunvericilik səviyyəsində dəstəklənməsində və parlamentlərarası diplomatiyanın güclənməsində vacib rol oynayır. Xalqlar arasındakı ortaq tarixi və mədəni bağlar mehriban qonşuluq münasibətlərinin uzunmüddətli və dayanıqlı olması üçün fundamental zəmin formalaşdırır. Bu səfərlərin və baş tutan görüşlərin hər iki ölkə üçün mühüm əhəmiyyəti vardır. Rəsmi görüşlər iki qonşu dövlət arasındakı münasibətləri sadəcə bərpa etmir, həm də regionun iqtisadi memarlığına birbaşa təsir edən strateji tərəfdaşlıq modelini formalaşdırır”.
Qənizadə Nurgün