Donald Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpası üçün 5 milyard dollar ayıracaq
Hazırda bölgənin bərpası üçün ayrılması nəzərdə tutulan 5 milyard dollarlıq ilkin vəsait diqqətçəkən rəqəm olsa da, ekspertlər bunun yekun məbləğ olmadığını düşünürlər. Təhlükəsizlik məsələlərinin tam həllini tapmaması və infrastrukturun ciddi şəkildə zərər görməsi investisiya ehtiyacının gələcəkdə daha da artacağını göstərir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, 5 milyard dollarlıq ilkin vəsait böyük görünsə də, bu, yekun məbləğ deyil və bərpa prosesində investisiya ehtiyacının daha da artacağı gözlənilir:
"Qeyd olunan 5 milyard dollarlıq ilkin vəsait kifayət qədər böyük məbləğdir. Lakin bu, yekun rəqəm hesab oluna bilməz. Düşünürəm ki, bu, yalnız başlanğıc mərhələ üçün nəzərdə tutulan investisiyadır. Həm amerikalı, həm də yerli, xüsusilə Ərəb yarımadasında fəaliyyət göstərən şirkətlər yalnız təhlükəsizlik məsələləri tam həllini tapdıqdan sonra bölgədə aktiv fəaliyyətə başlayacaqlar.
İlkin mərhələdə əsas diqqət infrastrukturun qurulmasına yönələcək. Hazırda ərazidə ciddi dağıntılar mövcuddur və tikinti-bərpa işlərinə başlamaq üçün öncə bu dağıntılar aradan qaldırılmalıdır. Limanın bərpası xüsusi əhəmiyyət daşıyır. Çünki bölgədə yerli istehsal imkanları yoxdur və tikinti materialları xaricdən, böyük ehtimalla, qonşu ölkələrdən gətiriləcək. Bunun üçün isə logistika imkanlarının yaradılması vacibdir.
Bu baxımdan limanın təmiri, ərazinin təmizlənməsi, yeni yaşayış sahələrinin salınması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün ayrılan vəsait ilkin mərhələ üçün yetərli görünə bilər. Lakin hesab edirəm ki, bu, son rəqəm deyil. Gələcəkdə investisiyanın bir neçə dəfə artması mümkündür. Ümumilikdə vəsaitin 15–20 milyard dollara qədər yüksəlməsi real görünür.
Nəzərə almaq lazımdır ki, ərazidə təxminən 500 minə yaxın əhali çox sıx şəraitdə yaşayıb. Onların həyat şəraitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması və dayanıqlı iqtisadi imkanların formalaşdırılması həm zaman, həm də daha böyük maliyyə resursları tələb edəcək. Ərazi kiçik olsa da, əhalinin sıxlığı investisiya ehtiyacını artıran əsas amillərdəndir".
Arzu Poladova
