00:00:00
Yazar
Asiman Vəliyeva
20.03.2026 12:11 83 6 dəq oxuma
Mədəniyyət

Dörd çərşənbədən Novruza gedən yol

Dörd çərşənbədən Novruza gedən yol

Baharın gəlişi ilə birlikdə Novruz bayramı da qapımızı döyür. İnsanlar evlərini təmizləyir, köhnə ilin ağırlıqlarını geridə qoymağa çalışır, süfrələrini bəzəyir və yeni ilə böyük ümidlərlə qədəm qoyurlar. Hər evdə səməni cücərdilir, bayram şirniyyatları hazırlanır, ailələr bir araya gələrək bu qədim ənənəni yaşadır. Küçələrdə canlanma hiss olunur, uşaqlar tonqal ətrafında toplaşır, insanlar bir-birini ziyarət edərək bayram sevincini bölüşür. Novruz yalnız təbiətin oyanışı deyil, həm də insanların ruhunda yenilənmə, birlik və ümid hisslərinin yenidən canlanması deməkdir.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, folklorşünas Könül Həsənova bildirib ki, Novruz mənim üçün yalnız bir bayram deyil, həm də təbiət, həyat və insanın daxili dünyası ilə harmoniyaya çatması deməkdir:

 

“Bu bayram baharın gəlişi ilə əlaqələndirilir, torpağın oyanması, günəşin istiliyi, təbiətdəki canlıların canlanması və həyatın yenilənməsi simvolunu daşıyır. İnsanlar üçün Novruz həm də ailə, dostluq və birgə yaşamağın bayramıdır. Novruz bayramı insanları sadəcə bir süfrə ətrafında toplamaqla kifayətlənmir, o, ürəkləri birləşdirən xüsusi bir ab-hava yaradır. Bu müqəddəs günlərdə ailə üzvləri bir araya gələrək bayram süfrəsinin başında sevinc və səmimiyyət paylaşır. Şirniyyatlar və çərəzlər yalnız qida deyil, həm də birlik rəmzinə çevrilir. Tonqal ətrafında yığılan uşaqlar və gənclər oyunlar oynayaraq bayramın coşqusunu daha da artırır, alovun işığında sanki köhnə incikliklər də yanıb yox olur. Belə anlarda insanlar duyğularını açıq şəkildə ifadə edir, küsülülər barışır, qəlblər yenilənir. Bu mərasimlər təkcə bir ənənə deyil, həm də ailə bağlarını möhkəmləndirən, insanları milli-mənəvi köklərinə daha sıx bağlayan canlı bir miras kimi yaşamaqda davam edir. Novruz Bayramı müasir dövrdə də Azərbaycan cəmiyyətində öz əhəmiyyətini qoruyub saxlayır. Bu bayram və onun ənənələri cəmiyyətimizin mədəni kimliyinin əsas sütunlarından biridir. Gənc nəsil arasında bu dəyərlərin qorunması və davam etdirilməsi həm mədəni irsin qorunması, həm də sosial birlik və mənəvi davamlılığın təmin olunması baxımından əhəmiyyətlidir. Bu məqsədə çatmaq üçün bir neçə effektli strategiyalar həyata keçirilir. Müasir dövrdə Novruz ənənələri bəzi dəyişikliklərə məruz qalsa da, əsas ideya - ailə, təbiət, həyatın yenilənməsi - qorunub saxlanılır. Keçmişdə bu gün daha çox əkinçiliklə bağlı inanclar, torpağın oyanması ilə əlaqədar mərasimlər və müxtəlif ritual davranışlarla qeyd olunurdu. İnsanlar torpağın canlandığına inanır, ağacları oyatmaq, bərəkət diləmək kimi ayinlər icra edirdilər. Bu gün isə Novruz bayramı əsasən ailəvi və mədəni ənənə kimi qeyd olunur. Hazırda məktəblər və universitetlərdə Novruz və çərşənbə ənənələri ilə bağlı xüsusi dərslər, seminarlar və layihələr təşkil olunur. Tonqal mərasimləri, bayram oyunları, folklor musiqisi və fallar kimi ictimai tədbirlər həm əyləncə, həm də təhsil funksiyasını yerinə yetirir, gənclərin adət-ənənələrlə canlı təmasını təmin edir. Dövlət və müxtəlif qurumlarıb təşkil etdiyi  konsertlər, festivallar və kütləvi şənliklər Novruzu daha geniş miqyasda qeyd etməyə imkan verir. Bu, bayramı həm də turistik və mədəni tədbirə çevirir. Bu tədbirlər ənənələrin praktik tərəflərini öyrətmir, həm də onların tarixi, simvolik və sosial funksiyalarını izah etməklə gənclərin daha dərin anlayış qazanmasına imkan verir. Xonçalar və şirniyyatlar daha dekorativ formalar alır. Milli geyimlərə maraq, sevgi daha da çox oyanır”.

 

Həmçinin mövzu ilə bağlı ekspert bildirib ki, Bu bayramın yaranması həm mifoloji təsəvvürlərlə, həm də qədim insanların təsərrüfat həyatı ilə sıx bağlıdır:

 

“Tarixi mənbələr göstərir ki, Novruzun kökləri əkinçilik və maldarlığın formalaşdığı neolit dövrünə qədər gedib çıxır. Təxminən səkkiz-on min il əvvəl Azərbaycan ərazisində yaşayan tayfalar münbit torpaqlarda məskunlaşaraq əkin-biçin və maldarlıqla məşğul olmuşlar. Təbiətdə baş verən mövsümi dəyişikliklər-torpağın oyanması, ağacların tumurcuqlaması, çiçəklərin açması-insanların həyatında mühüm rol oynamış və bu dəyişikliklər bayram kimi qeyd olunmağa başlanmışdır. Yazın gəlişi bolluq, bərəkət və yeni həyatın başlanğıcı kimi qarşılanmış, müxtəlif oyunlar, şənliklər və mərasimlər vasitəsilə qeyd edilmişdir. Zaman keçdikcə bu mərasimlər formalaşaraq ümumxalq bayramına çevrilmişdir. Qədim dövrlərdə bu bayram müxtəlif adlarla tanınmışdır. Mənbələrdə “Yeni gün”, “Bahar bayramı”, “Hürmüz bayramı”, “Fərvərdin bayramı”, “Ərgənəkon bayramı” kimi adlara rast gəlinir. Bu adlar bayramın mahiyyətini – təbiətin oyanması, yeni ilin başlanması və həyatın yenilənməsi ideyasını əks etdirir.

Novruz bayramının yaranması bir çox mənbələrdə  Pişdadilər sülaləsinin dördüncü hökmdarı əfsanəvi Cəmşidin adı ilə bağlı olaraq izah edilir.   Deyilir ki, Cəmşid taxta çıxdığı gün başına tac qoyaraq Allahın insanlara bəxş etdiyi nemətlərə görə şükür etmiş və ədalətlə hökm sürəcəyini bildirmişdir. Həmin gün Günəş öz dövrəsini tamamlayaraq əvvəlki mövqeyinə qayıtmışdır. Bu hadisə ilin başlanğıcı kimi qəbul edilmiş və həmin gün bayram elan olunaraq “Novruz” adlandırılmışdır. Araşdırmalardan öyrənirik ki, İbn əl-Bəlxi “Farsnamə” əsərində bu barədə geniş söz açmışdır. O bildirmişdi ki, Cəmşid yeni tikdirdiyi sarayda taxta çıxır. Bu, Novruz bayramının hökmdarın əzəməti və ədalət anlayışı ilə bağlı olduğunu göstərir.

Ömər Xəyyamın “Novruznamə” əsərində qeyd olunur ki, Novruzun yaranmasının səbəbi Günəşin hərəkəti ilə bağlıdır. Günəş 365 gün 6 saatdan sonra öz mövqeyinə qayıdır və Cəmşid məhz bu günü bayram etmişdir.

Eyni zamanda, Təbərinin “Tarix” əsərində də bu hadisəyə toxunulur. Burada qeyd edilir ki, Cəmşid özünə möhtəşəm bir taxt düzəltdirmiş, onu göyə qaldırmış və Günəşin şüaları taxtın üzərinə düşərək ətrafı nura qərq etmişdir. İnsanlar bu mənzərəni gördükdə heyran qalmış, həmin günü və ondan sonrakı bir neçə günü bayram etmiş və bu bayramı Novruz adlandırmışlar. 

Bu rəvayətlər Firdovsinin “Şahnamə” əsərində də poetik şəkildə ifadə olunmuşdur. Orada Cəmşidin qızıl və qiymətli daşlarla bəzədilmiş taxtda oturması, divlərin onu göyə qaldırması və Günəşin onun üzərinə düşərək dünyanı işıqlandırması təsvir edilir. İnsanlar bu möhtəşəm hadisəni böyük sevinc və heyranlıqla qarşılamış və həmin günü Novruz-yeni gün kimi qeyd etmişlər.

Əl-Biruni isə öz əsərlərində Novruzun yaranmasını daha realist və coğrafi çalarlarla izah edir. O qeyd edir ki, Cəmşid uzun səfərlər etdikdən sonra Azərbaycana gəlir, yüksək bir yerdə taxt qurur və Günəş doğduqda şüalar taxtın üzərinə düşərək ətrafı işıqlandırır. İnsanlar bu günü uğurlu sayaraq “Yeni gün” – Novruz adlandırmışlar. Bu yanaşma göstərir ki, Novruz həm mifoloji, həm də astronomik əsaslarla bağlıdır”.

 

Könül Həsənova bildirib ki, Novruz bayramının mənşəyi ilə bağlı diqqətçəkən məqamlardan biri də onun türk mifologiyasında mühüm yer tutan Ərgənəkon dastanı ilə əlaqələndirilməsidir:

 

“Rəvayətə görə, türklər uzun müddət Ərgənəkon adlı qapalı ərazidə yaşadıqdan sonra dağları əridərək azadlığa çıxmış və bu hadisə yenidən doğuluşun simvolu kimi qəbul edilmişdir. Bu ideya Novruz bayramı ilə səsləşir: Novruz da təbiətin oyanması, həyatın yenilənməsi və yeni başlanğıc deməkdir. Buna görə də, bəzi mənbələr Ərgənəkondan çıxışı baharın başlanğıcı ilə əlaqələndirərək Novruzla eyniləşdirir. Beləliklə, Ərgənəkon rəvayəti Novruza yalnız təbiət bayramı deyil, həm də azadlıq, dirçəliş və milli birlik rəmzi kimi daha dərin məna qazandırır”.

 

Həmçinin mövzu ilə bağlı Siyatel Umarova bildirib ki, Novruz bizim kökümüzdür, bala…:

 

“Bu bayram təkcə süfrə bəzəmək deyil, ürəyi də təmizləməkdir. Yaz gələndə təbiət necə oyanırsa, insan da yenilənməlidir. Qonşuya pay aparmaq, küsülülərlə barışmaq -  bax, Novruzun əsl mənası budur. Biz uşaqlıqdan öyrənmişik ki, bu günlərdə evə bərəkət, ruzi gəlir. Ona görə də, hər şeyi sevgi ilə etmək lazımdır”.

 

Novruz bayramı haqqında 5-ci sinif şagirdi Tunar İsrafilov bildirib ki, Novruz mənim ən sevdiyim bayramdır:

 

“Çünki bu bayramda biz evimizi təmizləyirik, şirniyyatlar hazırlayırıq və hamı bir yerə yığılır. Mən ən çox tonqal qalamağı və üstündən tullanmağı sevirəm. Həm də papaqatdı çox maraqlıdır, çünki qapıya gedib şirniyyat yığırıq”.

 

Gövhər Mehyəddinova

#xəbər #baki #novruza #yol #dörd
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər