00:00:00
Yazar
Elmira Ağayeva
07.07.2026 18:53 121 3 dəq oxuma
Sosial

Dostluqdan məhkəməyə: Şərikli biznes quranların əsas hüquqi səhvləri

Dostluqdan məhkəməyə: Şərikli biznes quranların əsas hüquqi səhvləri


Azərbaycanda kiçik və orta sahibkarlıq fəaliyyətinə başlayan bir çox şəxs biznesi dostluq, qohumluq və ya qarşılıqlı etimad prinsipləri üzərində qurmağa üstünlük verir. İlk mərhələdə şifahi razılaşmalarla idarə olunan bu ortaq layihələr, gəlir artdıqca və ya maliyyə böhranı yarandıqda ciddi münaqişələrlə nəticələnir. Hüquqi tərəfdaşlıq müqaviləsinin olmaması və ya formal xarakter daşıması sonradan payların bölünməsi, öhdəliklərin icrası və idarəetmə məsələlərində çıxılmaz fəsadlar törədir.

 

Mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Fariz Namazlı “İnformator.az”a açıqlamasında bildirib ki, biznes ortaqlığı, birgə investisiya və uzunmüddətli kommersiya münasibətlərində yalnız şifahi razılaşmaya güvənmək ciddi hüquqi risk yaradır:

 

"Praktikada ən çox rast gəlinən səhv biznes münasibətlərinin hüquqi deyil, şəxsi etimad üzərində qurulmasıdır. Dostluq və ya qohumluq münasibətləri nə qədər möhkəm olsa da, biznes münasibətləri mütləq yazılı hüquqi sənədlərlə tənzimlənməlidir.
Təcrübədə ən çox edilən səhvlər adətən bunlar olur: tərəflərin hüquq və öhdəliklərinin yazılı şəkildə müəyyən edilməməsi, payların hansı meyarlarla bölüşdürülməsinin razılaşdırılmaması, hər bir ortağın biznesə nə qədər pul, əmlak və ya əmək qoyduğunun sənədləşdirilməməsi, mənfəətin bölüşdürülməsi və zərərin kim tərəfindən necə qarşılanacağının əvvəlcədən müəyyən edilməməsi, ortaqlardan birinin biznesdən çıxmaq istədiyi və ya vəfat etdiyi halda payın taleyinin necə olacağının razılaşdırılmaması və s.


Bu məsələlər əvvəlcədən hüquqi sənədlərdə əks olunmadıqda, sonradan yaranan mübahisələr həm biznesin fəaliyyətini iflic edə, həm uzunmüddətli məhkəmə çəkişmələrinə, həm də biznes ortaqlarının bir- birinə olan münasibətlərinin sarsılmasına səbəb ola bilər. Azərbaycan qanunvericiliyinə görə, bəzi əqdlər şifahi formada bağlana bilər. Lakin biznes ortaqlığı, birgə investisiya və uzunmüddətli kommersiya münasibətlərində yalnız şifahi razılaşmaya güvənmək ciddi hüquqi risk yaradır. Mübahisə yarandıqda həmin razılaşmanın mövcudluğunu və şərtlərini sübut etmək məhkəməyə müraciət edən tərəfin üzərinə düşür. Məhkəmə yazışmaları, bank köçürmələri, elektron məktublar, mesajlar, şahid ifadələri və digər sübutları qiymətləndirə bilər. Bununla belə, belə sübutlar hər zaman kifayət etmir və yekun nəticə konkret işin hallarından asılı olur.


Bu məsələ ilə bağlı Ali Məhkəmənin də hüquqi mövqeyi formalaşıb. Məhkəmə 2026-cı il mart ayında bu tip mübahisələrlə bağlı qəbul etdiyi qərarda qeyd edib ki, tərəflər arasında şərikli ticarət fəaliyyəti ilə bağlı şifahi razılaşma mövcud olsa belə, kommersiya münasibətlərində hüquqi müəyyənliyin və risklərin idarə olunmasının təmin edilməsi baxımından yazılı müqavilənin bağlanması zəruridir. Çünki kommersiya fəaliyyəti sistemli, gəlir əldə etməyə yönəlmiş, risk və məsuliyyət daşıyan fəaliyyət olduğundan, bu münasibətlərdən irəli gələn mübahisələr üzrə sübutetmə standartı adi mülki münasibətlərlə müqayisədə daha yüksəkdir. Ali Məhkəmə vurğulayıb ki, əqdin yazılı formada bağlanması təkcə formal tələb deyil. Bu, tərəflərin düşünülmüş qərar verməsinə, mülki dövriyyədə hüquqi sabitliyin təmin edilməsinə xidmət edir və gələcək mübahisələrdə mühüm sübut vasitəsi kimi çıxış edir. Məhkəmə göstərib ki, bir tərəf şəriklik münasibətlərinə əsaslanaraq digər tərəfdən pul tələb edirsə, o, yalnız şəriklik münasibətlərinin mövcudluğunu deyil, həm də həmin münasibətlərin konkret şərtlərini sübut etməlidir. Məsələn, iddiaçı yalnız özünün maliyyə vəsaiti qoyduğunu, digər tərəfin isə investisiya etmədən yalnız idarəetmə ilə məşğul olduğunu və gəlirin hansı qaydada bölüşdürülməsi barədə razılaşmanın mövcudluğunu sübut edə bilməlidir. Bu hallar sübut edilmədikdə, təkcə şifahi razılaşmaya istinad etməklə pul tələbinin təmin olunması mümkün olmaya bilər.
Ona görə də, biznesə başlayarkən təsis müqaviləsinin, korporativ müqavilənin və ya tərəfdaşların hüquq və öhdəliklərini ətraflı müəyyən edən digər yazılı sənədlərin hazırlanması gələcəkdə yarana biləcək mübahisələrin qarşısını almaq baxımından ən etibarlı hüquqi təminat hesab olunur".

 

Samirə Allahverdizadə

#Biznes #hüquq #məhkəmə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər