Dövlət büdcəsinin Ehtiyat Fondunun yuxarı həddinin artırılması təklif olunur
Dövlət büdcəsinin Ehtiyat Fonduna ayrılan vəsaitin büdcə gəlirlərinə nisbətdə yuxarı həddinin artırılması nəzərdə tutulur. Dəyişiklik dövlətin maliyyə ehtiyatlarının genişləndirilməsinə və gözlənilməz xərclərin qarşılanması imkanlarının artırılmasına yönəlib.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “ İnformator.az”a açıqlamasında bildirib ki, dövlət büdcəsinin Ehtiyat Fondunun vəsaitinin büdcə gəlirlərinə nisbətdə yuxarı həddinin artırılması ilk növbədə ölkədə yaranan gözlənilməz maliyyə ehtiyaclarının daha çevik qarşılanması zərurətindən irəli gəlir:
“ Hazırkı iqtisadi və geosiyasi şəraitdə dövlətin qarşısında əvvəlcədən proqnozlaşdırılmayan əlavə xərclər yarana bilər. Bunlara təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, infrastrukturun bərpası, təhlükəsizlik tədbirləri, sosial ehtiyaclar və digər təxirəsalınmaz maliyyə tələbləri daxildir. Ehtiyat Fondunun yuxarı həddinin artırılması hökumətə belə hallarda əlavə maliyyə imkanlarından istifadə etmək üçün daha geniş manevr imkanları yaradır. Bu, həm də büdcə planlaşdırılmasında çevikliyin artırılmasına xidmət edir”.
Akif Nəsirlinin sözlərinə görə gözlənilməz xərclər yarandıqda onların maliyyələşdirilməsi üçün büdcənin digər istiqamətlərində nəzərdə tutulan vəsaitlərin azaldılmasına və ya əlavə borclanmaya ehtiyac azalır. Ehtiyat Fondunun imkanlarının genişləndirilməsi dövlətin maliyyə təhlükəsizliyi baxımından əlavə sığorta mexanizmi rolunu oynayır:
“ Fondun vəsaitlərinin artırılması avtomatik olaraq maliyyə dayanıqlılığının güclənməsi demək deyil. Əsas məsələ həmin vəsaitlərin hansı məqsədlərə, hansı meyarlarla və nə dərəcədə səmərəli xərclənməsidir. Xərclərin şəffaflığına və hesabatlılığa ciddi nəzarət olunarsa, bu mexanizm büdcənin gözlənilməz iqtisadi və sosial risklərə qarşı dayanıqlığını artıra bilər”.
Aynur Əhmədli