Aqrar sahədə vergi güzəştləri dəyişir
Aqrar sahədə 100%-lik tam vergi azadolması ləğv edilir, 5 il müddətinə 90%-lik güzəşt mexanizmi olacaq. Bu güzəştdən yararlanmaq üçün kənd təsərrüfatı istehsalçıları Kənd Təsərrüfatı Nazirliyinin elektron informasiya sistemində (EKTİS) qeydiyyatda olmalı və əldə etdikləri gəlirləri vergi bəyannaməsində bəyan etməlidirlər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, Aqrar sahədə 100 faizlik vergi azadolmasının 90 faizlik güzəştlə əvəzlənməsi ilk baxışdan kənd təsərrüfatı istehsalçıları üçün vergi yükünün artırılması kimi görünür:
“Əvvəllər fermerlər müvafiq vergilərdən tam azad idilərsə, yeni mexanizmlə onların müəyyən vergi öhdəliyi yaranacaq. Lakin burada söhbət vergi yükünün kəskin artırılmasından deyil, simvolik xarakterli də olsa, vergitutma mexanizminin tətbiqindən gedir. Əsas dəyişiklik dövlətin fermerlərin fəaliyyətinin rəsmiləşdirilməsini, gəlirlərinin bəyan edilməsini və elektron uçot sisteminə inteqrasiyasını stimullaşdırmaq istəyidir.
Bu dəyişiklikdən daha çox kiçik fermerlər təsirlənə bilər. Çünki onların bir hissəsinin mühasibatlıq və vergi hesabatlılığı sahəsində təcrübəsi, yaxud bu işləri həyata keçirmək üçün əlavə maliyyə vəsaiti yoxdur. EKTİS-də qeydiyyat və gəlirlərin bəyan edilməsi müəyyən inzibati məsuliyyət yaradır. Buna görə də yeni sistem tətbiq edilərkən fermerlər üçün sadələşdirilmiş hesabat mexanizmi yaradılmalı, elektron qeydiyyat və bəyannamələrin təqdim olunması ilə bağlı maarifləndirmə aparılmalıdır.
Vergi güzəştlərinin 10 faizlik hissəsinin ləğvi məhsul qiymətlərinə müəyyən təsir göstərə bilər. Ancaq bunu ərzaq qiymətlərində ciddi bahalaşma yaradacaq amil kimi qiymətləndirmək düzgün olmaz. Çünki kənd təsərrüfatında məhsulun maya dəyərinə daha çox toxum, gübrə, yanacaq, suvarma, texnika, əməkhaqqı və logistika xərcləri təsir edir. Fermerlər vergi yükünün artmasını satış qiymətinə daxil etməyə çalışa bilərlər. Lakin bazarda rəqabət güclüdürsə, bütün vergi yükünü istehlakçının üzərinə keçirmək mümkün olmayacaq”.
Politoloqun sözlərinə görə, bu Yeni mexanizmin müsbət və ya mənfi nəticə verməsi onun tətbiq formasından asılıdır:
“Əgər məqsəd aqrar sektorda şəffaflığı artırmaq və real istehsalçıları müəyyənləşdirməkdirsə, bu yanaşma subsidiyaların və güzəştli kreditlərin daha düzgün bölüşdürülməsinə kömək edə bilər.
Ancaq kənd təsərrüfatının yüksək riskli sahə olduğunu da nəzərə almaq lazımdır. Fermerlər hava şəraitindən, xəstəliklərdən və bazar qiymətlərindən asılıdır. Buna görə də vergi siyasəti onların üzərinə əlavə maliyyə yükü yaratmamalıdır.
Ümumilikdə, 90 faizlik güzəşt mexanizmi aqrar sektorda şəffaflığı artıra bilər. Lakin kiçik fermerlərin maraqları qorunmalı, əsas məqsəd istehsalı genişləndirmək və ərzaq təhlükəsizliyini gücləndirmək olmalıdır”.
Fidan Alışova