Ermənistan Türkiyə ilə birbaşa ticarətə başlayır - İQTİSADÇI AÇIQLAYIR
Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində yeni addım atılıb. Tərəflər birbaşa qarşılıqlı ticarətin rəsmiləşdirilməsinə başlayıblar. Bu proses iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi və sərhədlərin açılması perspektivlərini yenidən gündəmə gətirib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Emin Qəribli bildirib ki, Türkiyə-Ermənistan arasında sərhədlərin və ticarət əlaqələrinin açılması Azərbaycanın maraqlarına zidd deyil və regionda iqtisadi münasibətlərin inkişafı baxımından normal prosesdir.
“Türkiyə ilə sərhədlərin və ticarət əlaqələrinin açılmasının Azərbaycana mənfi təsir edəcəyini düşünmürəm. Çünki Azərbaycan artıq müəyyən səviyyədə Ermənistanla ticarət münasibətlərinə başlayıb. Təbii ki, yekun sülh müqaviləsi hələ imzalanmayıb. Lakin ilkin mərhələdə müəyyən addımların atılması, müvafiq sazişlərin imzalanması və iqtisadi əlaqələrin qurulması normal prosesdir. Düşünürəm ki, burada problemli heç nə yoxdur”.
Ekspert qeyd edib ki, bu proses regionda sülhün bərqərar olmasına və Ermənistandakı revanşist qüvvələrin mövqelərinin zəifləməsinə təsir göstərə bilər. İnsanlar sərhədlərin açılmasının və iqtisadi əməkdaşlığın rifaha müsbət təsir etdiyini gördükcə müharibənin və revanşist yanaşmaların heç bir xalqa fayda gətirmədiyini daha yaxşı anlayacaqlar. Eyni zamanda, bu, Ermənistan cəmiyyətində Azərbaycanla münasibətlərin yalnız sülh və dialoq yolu ilə qurulmasının mümkün olduğu barədə təsəvvürləri gücləndirə bilər.
Emin Qəriblinin sözlərinə görə, ticarət əlaqələri dövlətlərarası münasibətlərin formalaşmasında mühüm rol oynayır. Buna görə də, iqtisadi əməkdaşlığın mərhələli şəkildə genişləndirilməsini müsbət addım hesab edirəm. Diplomatik münasibətlərin qurulması isə gələcəkdə, xüsusilə sülh müqaviləsi imzalandıqdan sonra gündəmə gələ bilər. Bununla belə, həmin prosesin müəyyən şərtlər və razılaşmalar əsasında həyata keçirilməsi gözləniləndir.
Ekspert hesab edir ki, Zəngəzur dəhlizi ilə bağlı aparılan danışıqlar və görülən işlər də regionda iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini göstərir. Bütün bunları nəzərə alaraq, Türkiyə ilə sərhədlərin açılmasının, ticarət əlaqələrinin qurulmasının və digər əməkdaşlıq istiqamətlərinin inkişafının Azərbaycan üçün mənfi nəticələr doğuracağını düşünmürəm. Əksinə, bu proseslər regionda sabitliyin və uzunmüddətli sülhün təmin olunmasına töhfə verə bilər.
Arzum Ağazadə