Dəqiq elmləri aktyorluğa dəyişən sənətkar
Noyabrın 22-si kino sənətimizin inkişafında böyük xidmətləri olan görkəmli aktyorumuz, Dövlət mükafatı laureatı, Xalq artisti Həsən Məmmədovun doğum günüdür.
“İnformator.az” xatırladır ki, Həsən Məmmədov 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub. Burada 2 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika-riyaziyyat fakültəsinə daxil olub. İkinci kursda universitetdən çıxıb və bir müddət müxtəlif teatrların yardım heyətində aktyorluq edib.
1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Tələbəlik illərində müəyyən fasilələrlə Dövlət Radiosunda diktor işləyib.1962-ci ildə məşhur səhnə xadimi Mehdi Məmmədovun kursunu bitirib və təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Kino aktyoru kimi ildən-ilə məşhurlaşan Həsən Məmmədov 1972-ci il fevralın 2-də “Azərbaycanfilm” kinostudiyasına işə qəbul edilib.
