Dünya bazarında neft erasında yeni mərhələ
Hörmüz boğazının bağlanması və bununla əlaqədar olaraq dünya bazarında neftin qiymətinin kəskin bahalaşması neft erasında yeni mərhələnin başlandığını göstərir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib ki, neft qiymətləri siyasi amillər və qıtlıq səbəbindən artır, bu da idxalçı ölkələrdə qiymətlərin yüksəlməsinə gətirir:
“Hörmüz boğazı ilə bağlı proseslər neft qiymətlərinə təsir etsə də, qiymət dəyişiklikləri təkcə bununla məhdudlaşmır. Beynəlxalq bazarda yaranan qıtlıq, eləcə də Rusiya və İran kimi ölkələrin hasilatı azaltması əsas səbəblər sırasındadır. Boğazın bağlanmasının digər təsirlərinə gəldikdə isə, idxalçı ölkələrin daxili bazarında qiymət artımı dərhal müşahidə oluna bilər. Müqavilələr əsasən illik bağlansa da, növbəti il üçün gözlənilən kəskin artım səbəbindən ixracatçı ölkələr artıq daxili bazarda tarifləri yüksəltməyə başlayıblar. Alternativ enerji və tədarük yollarına gəldikdə, ilk çıxış yolu digər ixracatçı ticarət tərəfdaşlara yönəlməkdir. Lakin bu prosesin dərhal həyata keçirilməsi mümkün deyil və müəyyən zaman tələb edir. Bu vəziyyətin neft ixrac edən ölkələrin iqtisadi gücünə təsirinə baxdıqda, qısa müddətdə sabitlik müşahidə olunsa da, orta və uzun müddətdə valyuta gəlirlərinin artmasına səbəb ola bilər. Regionda geosiyasi balansın sabit qalması bu prosesə müsbət təsir göstərə bilər. Qlobal enerji təhlükəsizliyinin təmin olunmasına gəldikdə isə qeyd etmək lazımdır ki, boğaz bağlanmasa belə inflyasiya fonunda qiymət artımı gözlənilirdi. Bu baxımdan, idxalçı ölkələr ya alternativ enerji mənbələrinə yönəlməli, ya da alternativ gəlir mənbələri hesabına iqtisadi risklərdən qorunmalıdırlar”.
Arzu Poladova