Dünya bazarında qızıl ucuzlaşır: Azərbaycanda qiymətlər necə dəyişəcək?
Dünya bazarında qızılın qiymətində ucuzlaşma müşahidə olunur. Son günlər qiymətli metalın dəyərinə ABŞ dollarının möhkəmlənməsi və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksək qalması təzyiq göstərir. Bu amillər investorların faiz gəliri gətirən aktivlərə marağını artıraraq qızıla tələbin zəifləməsinə səbəb olur.
Mövzu ilə bağlı iqtisadçı, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “İnformator.az”a açıqlamasında bildirib ki, oktyabrın əvvəlindən dolların güclənməsi və ABŞ xəzinə istiqrazlarının gəlirlərinin yüksək qalması qızılın qiymətinə mənfi təsir göstərən əsas amillər sırasındadır:
“Oktyabrın 6-da spot qızılın qiyməti təxminən 4 129 dollar təşkil edib. Qızıl faiz gəliri gətirməyən aktiv olduğundan faiz dərəcələri və xüsusilə, real gəlirlilik yüksəldikdə istiqrazlar və digər faiz gətirən maliyyə alətləri investorlar üçün daha cəlbedici olur. Bu isə qızıla tələbin zəifləməsi ilə nəticələnə bilər. Dolların bahalaşması da qızıl bazarında təzyiq yaradır. Qızıl beynəlxalq bazarda dollarla qiymətləndirildiyi üçün dolların möhkəmlənməsi digər valyutalara sahib investorlar üçün qiymətli metalı nisbətən bahalaşdırır. Bu da tələbin azalmasına təsir edə bilər.Azərbaycanda isə dünya bazarındakı ucuzlaşmanın qızılın pərakəndə qiymətinə təsiri birbaşa və eyni miqyasda baş vermir. Manatın dollara qarşı məzənnəsinin sabit qalması dünya qiymətindəki dəyişikliklərin yerli bazara müəyyən qədər ötürülməsinə şərait yaratsa da, zinət əşyalarının qiymətini yalnız qızılın bir unsiyasının dünya bazarındakı dəyəri müəyyən etmir. Əyar, emal və zərgərlik xərcləri, mağazaların marjası, idxal və logistika xərcləri də yekun qiymətə təsir göstərir. Bu səbəbdən dünya bazarında qızılın 5 faiz ucuzlaşması Azərbaycanda zinət əşyalarının da avtomatik olaraq 5 faiz ucuzlaşacağı anlamına gəlmir”.
Müsahibin sözlərinə görə, hazırkı ucuzlaşmanın Azərbaycanda da müəyyən qədər əks olunduğunu bildirib:
“Mərkəzi Bankın məlumatları əsasında aparılan hesablamalara görə, sentyabrın 28-dən oktyabrın 2-dək ölkədə bir troy unsiya qızılın orta həftəlik qiyməti 3,4 faiz azalaraq 7 094,67 manata düşüb. Qızılın qiymətindəki dəyişiklik istehlakçı davranışına da fərqli təsir göstərə bilər. Qiymətlərin daha da ucuzlaşacağı gözləntisi alıcıların bir qisminin alışlarını təxirə salmasına səbəb ola bilər. Digər tərəfdən, qızılın daha münasib qiymətə düşməsi onu investisiya və yığım vasitəsi kimi dəyərləndirən şəxslərin marağını artıra bilər. Uzunmüddətli perspektivdə isə qızılın qiymətinin istiqamətini yalnız dollar və faiz dərəcələri deyil, həmçinin inflyasiya, geosiyasi risklər və mərkəzi bankların qızıl alışları müəyyənləşdirəcək”.
Fatimə Hüseynova