00:00:00
Yazar
Səadət Əlizadə
28.07.2026 21:45 14 2 dəq oxuma
İqtisadiyyat

Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarlarında neft ucuzlaşıb

Nyu-York Əmtəə Birjasında (NYMEX) “WTI” markalı neftin sentyabr fyuçersləri 5,09% ucuzlaşaraq bir barel üçün 84.76 dollara enib.

 


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, bu 5%-lik enişdən əvvəl neft qiymətləri təxminən 25% artıb:

 


“Yəni gündəlik qiymət dəyişikliklərinin iqtisadiyyata çox böyük təsiri olmur. Azərbaycan gündə təxminən 455-500 min barel neft ixrac edir. Neftin qiymətinin bir gün ərzində 2-3 dollar artması və ya azalması ölkə iqtisadiyyatına təxminən 1-2 milyon dollar həcmində təsir göstərə bilər. Lakin bu dəyişikliklər davamlı xarakter alarsa, artıq fərqli iqtisadi təsirlərdən danışmaq mümkündür.

Azərbaycan artıq çoxdan anlayıb ki, yalnız neft qiymətlərindən asılı iqtisadiyyatla uzunmüddətli və dayanıqlı inkişaf təmin etmək mümkün deyil. Buna görə də diqqət qeyri-neft sektorunun inkişafına yönəldilməlidir.

Proqnozlara gəldikdə isə, qiymət dəyişiklikləri əsasən Hörmüz boğazı ilə bağlı xəbərlər fonunda baş verir. Son 10 gündə ABŞ ilə İran arasında gərginlik fonunda neftin qiyməti 70 dollardan 100 dollara qədər yüksəlmişdi. Lakin bazar günündən etibarən sülh danışıqlarının aparıldığı barədə məlumatlar yayıldıqdan sonra qiymətlər hər gün 3-5% azalmağa başlayıb.

2026-cı illə bağlı gözləntilərə gəldikdə isə, neft qiymətlərinin 70-80 dollar intervalında qalacağı ehtimal olunur. Bu, əlbəttə ki, ABŞ-İran münasibətlərinin inkişafından da asılı olacaq.

Azərbaycan üçün ilin ilk yarısı neft qiymətləri baxımından uğurlu keçib və ikinci yarıda da qiymətlərin kəskin enəcəyi gözlənilmir. Ölkə 2026-cı il dövlət büdcəsində neftin bir barelinin qiymətini 65 dollar səviyyəsində proqnozlaşdırılıb. Həmin dövrdə bu kifayət qədər yüksək proqnoz hesab edilirdi. Artıq ilin yeddi ayı geridə qaldığından neft əsasən yüksək qiymətlərlə satılıb və büdcəyə proqnozdan artıq gəlirlər daxil olub. Hazırkı şəraitdə qiymətlərin 65 dollardan aşağı düşəcəyi ehtimalı yüksək qiymətləndirilmir”.


Səadət Əlizadə

#bazarlarında #baki #yeni #dünya #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər