00:00:00
Yazar
Elmira Ağayeva
10.09.2026 13:08 25 3 dəq oxuma
Maraqlı

Dünya ədəbiyyatının ölməz adı — Şekspir

Dünya ədəbiyyatının ölməz adı — Şekspir

Adı çəkilən kimi ilk ağıla gələn obrazlardan biri əlində kəllə tutaraq həyatın mənası haqqında düşünən Hamlet, digəri isə sevgisi uğrunda həyatını itirən Romeo və Cülyettadır. Əsrlərdir səhnələrdən düşməyən, milyonlarla oxucunun qəlbində yer edinən bu obrazların müəllifi isə dünya ədəbiyyatının ən böyük simalarından biri — Uilyam Şekspirdir.

Şekspirin həyatı haqqında bu gün də tam aydın olmayan məqamlar az deyil. O, 1564-cü ildə İngiltərənin Stratford-upon-Avon şəhərində dünyaya gəlib. Lakin həyatının müəyyən dövrləri barədə məlumatların azlığı, hətta bəzi əsərlərin müəllifliyi ilə bağlı müxtəlif iddiaların ortaya çıxmasına səbəb olub. Buna baxmayaraq, onun adı dünya dramaturgiyasının zirvəsində dayanmağa davam edir.


Şekspir yaradıcılığı insanı bütün ziddiyyətləri ilə təqdim edir. Onun əsərlərində sevgi ilə nifrət, hakimiyyət hərisliyi ilə vicdan, sədaqətlə xəyanət, həyatla ölüm üz-üzə gəlir. Məhz buna görə də onun yaratdığı obrazlar yalnız öz dövrünün deyil, bütün zamanların insanları kimi görünür.

Dünya ədəbiyyatının ən məşhur faciələrindən biri sayılan “Hamlet” hakimiyyət, qisas və insanın daxili mübarizəsindən bəhs edir. “Olum, ya ölüm?” sualı əsrlərdir təkcə teatr səhnələrində deyil, insan düşüncəsinin ən məşhur suallarından biri kimi yaşayır.

Şekspirin ən çox tanınan əsərlərindən biri də “Romeo və Cülyetta”dır. Bir-biri ilə düşmən olan iki ailənin övladlarının sevgisindən bəhs edən faciə dünya ədəbiyyatının ən məşhur sevgi hekayələrindən birinə çevrilib. Əsər dəfələrlə səhnələşdirilib, ekranlaşdırılıb və müxtəlif sənət növlərində yenidən təqdim olunub.

Hakimiyyət ehtirasının insanı hansı həddə qədər dəyişə biləcəyini isə Şekspir “Makbet” faciəsində göstərir. Hakimiyyət arzusu, qorxu, vicdan əzabı və xəyanət əsərin əsas xəttini təşkil edir.  “Otello”da isə qısqanclığın və şübhənin insan həyatını necə məhv edə biləcəyi ön plana çıxır.

Şekspir yalnız faciələrin müəllifi deyildi. Onun “Yay gecəsində yuxu”, “On ikinci gecə”, “Venesiyalı tacir” və “Əhli-keflər” kimi komediyalarında insan münasibətləri, sevgi, məişət və cəmiyyət yumor və satira ilə təqdim olunur. Dramaturqun tarixi xronikalarında isə İngiltərənin siyasi keçmişi və hakimiyyət uğrunda mübarizə öz əksini tapır.

Ümumilikdə, Şekspirə təxminən 39 pyes, 154 sonet və bir sıra poemaların müəllifliyi aid edilir. Onun əsərləri dünyanın demək olar ki, bütün dillərinə tərcümə olunub. Hər il müxtəlif ölkələrin teatrlarında Şekspir əsərləri yenidən səhnəyə qoyulur, rejissorlar isə yüzillər əvvəl yazılmış süjetlərə müasir baxış gətirməyə çalışırlar.

Maraqlıdır ki, onun əsərlərinin aktuallığı heç də yalnız klassik ədəbiyyatın tədrisi ilə bağlı deyil. Qəhrəmanlarının yaşadığı hisslər bu gün də insanlara tanışdır. Sevən, qısqanan, şübhələnən, hakimiyyətə can atan, peşman olan və seçim qarşısında qalan insan obrazları zaman keçsə də dəyişmir.

Bəlkə də Şekspirin ölməzliyinin sirri sadəcə öz dövrünün insanlarından yazmamasıdıtr.

Aradan dörd əsrdən çox vaxt keçsə də, Hamletin sualları, Romeo ilə Cülyettanın sevgisi, Otellonun şübhələri və Makbetin hakimiyyət ehtirası hələ də yaşayır. Şekspirin yaratdığı dünya dəyişən zamanın içində insanın dəyişməyən hekayəsini danışmağa davam edir.

Elmira Ağayeva

#Uilyam #Şekspir #ədəbiyyat #maraqlı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər