00:00:00
Yazar
Elmira Ağayeva
15.10.2026 21:39 49 3 dəq oxuma
İqtisadiyyat

Dünya fond bazarlarında kəskin eniş müşahidə olunub

Dünya fond bazarlarında kəskin eniş müşahidə olunub

 

Oktyabrın 14-də ABŞ və Asiya-Sakit okean regionunun əsas fond indekslərində eniş qeydə alınıb. Avropa fond bazarlarında da əsas indekslər üzrə ucuzlaşma müşahidə olunub. Ən böyük itki isə Yaponiya fond bazarında qeydə alınıb.

Avropa fond bazarlarında əsas indekslər günü enişlə başa vurub. “Euro Stoxx 50” indeksi 1,47% azalaraq 6 180,29 bəndə, Böyük Britaniyanın “FTSE 100” indeksi 0,79% geriləyərək 10 458,50 bəndə, Almaniyanın “DAX” indeksi isə 1,35% azalaraq 25 104,36 bəndə enib. Fransanın “CAC 40” indeksi 1,22% geriləyərək 7 769,21 bəndə, İspaniyanın “IBEX 35” indeksi isə 1,68% azalaraq 19 118 bəndə düşüb.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, səhm qiymətləri bir sıra iqtisadi və siyasi amillərin təsiri altında dəyişir:

“Dünya fond bazarlarında müşahidə olunan enişi qiymətləndirərkən nəzərə almaq lazımdır ki, səhm qiymətləri bir sıra amillərin təsiri altında dəyişir. Bunlara investorların gələcək iqtisadi artımla bağlı gözləntiləri, faiz dərəcələri, inflyasiya, şirkətlərin gəlirləri, geosiyasi gərginliklər və beynəlxalq ticarətlə bağlı risklər daxildir. Fond bazarlarında ucuzlaşma investorların riskdən yayınmağa başlaması, kapitalın daha təhlükəsiz aktivlərə yönəldilməsi və əvvəlki dövrdə bahalaşmış səhmlərin satışa çıxarılması ilə də əlaqəli ola bilər. Lakin oktyabrın 14-dəki enişin konkret səbəblərini müəyyənləşdirmək üçün həmin gün baş verən hadisələri və bazar iştirakçılarının reaksiyalarını ayrıca təhlil etmək lazımdır.

ABŞ fond bazarlarında oktyabrın 14-də müşahidə olunan enişin əsas səbəblərindən biri inflyasiyanın gözləniləndən yüksək olmasıdır”.

İqtisadçı əlavə edib ki, investisiyaların gəlirliliyi ilə bağlı qeyri-müəyyənlik də satış təzyiqini artırıb.

“Yüksək faiz dərəcələri şirkətlərin borclanma xərclərini artırır, gələcək mənfəət perspektivlərini zəiflədir və investorların səhmlərə marağını azalda bilər. Süni intellekt sahəsində fəaliyyət göstərən şirkətlərin böyük həcmdə borclanması və bu investisiyaların nə qədər gəlir gətirəcəyi ilə bağlı qeyri-müəyyənlik də satış təzyiqini artırıb.

Bununla belə, bir və ya bir neçə günlük enişi dərhal yeni qlobal maliyyə böhranının başlanğıcı kimi qiymətləndirmək düzgün olmaz. Fond bazarlarında səhmlərin müəyyən dövrlərdə həddindən artıq bahalaşmasından sonra qiymətlərin geriləməsi təbii prosesdir. Lakin eniş uzun müddət davam edərsə, şirkətlərin maliyyə göstəriciləri pisləşərsə, borc bazarlarındakı problemlər dərinləşərsə və bank sektorunda risklər artarsa, vəziyyət daha ciddi xarakter ala bilər”.

Akif Nəsirli vurğulayıb ki, qlobal fond bazarlarında baş verən dəyişikliklər inkişaf etməkdə olan ölkələrə də təsir göstərə bilər.

“Hazırkı mərhələdə əsas məsələ inflyasiyanın dinamikası, ABŞ Federal Ehtiyat Sisteminin qərarları və iri texnologiya şirkətlərinin maliyyə nəticələrinin investorların gözləntilərini doğruldub-doğrultmayacağıdır.

Qlobal fond bazarlarında baş verən dəyişikliklər inkişaf etməkdə olan ölkələrə də təsir göstərə bilər. İnvestorlar riskləri yüksək qiymətləndirdikdə vəsaitlərini bu ölkələrin bazarlarından çıxararaq daha təhlükəsiz aktivlərə yönəldə bilərlər. Bu, xarici investisiyaların azalmasına, borclanma xərclərinin yüksəlməsinə və milli valyutalar üzərində təzyiqin artmasına səbəb ola bilər. Təsirin miqyası isə hər bir ölkənin iqtisadi strukturundan, xarici borcunun həcmindən, valyuta ehtiyatlarından və ixrac imkanlarından asılıdır.

Azərbaycan baxımından birbaşa təsir nisbətən məhdud ola bilər. Bunun səbəblərindən biri ölkənin maliyyə sisteminin beynəlxalq fond bazarları ilə tam inteqrasiya olunmamasıdır. Ölkənin valyuta ehtiyatları və enerji ixracından əldə etdiyi gəlirlər xarici şokların təsirini yumşalda bilər. Buna görə də hazırkı enişi Azərbaycanda dərhal iqtisadi böhranın yaranacağının göstəricisi kimi deyil, qlobal iqtisadi risklərin artması fonunda diqqətlə izlənilməli proses kimi qiymətləndirmək daha məqsədəuyğundur”.

Ayşə Cəfərova

#olunub #yeni #bazarlarında #fond
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər