Dünya interneti İranın nəzarətinə keçir?
İran Hörmüz boğazının dibi ilə keçən beynəlxalq internet kabellərinə nəzarət etməyə və onların istifadəsinə görə ödəniş tələb etməyə hazırlaşır.
İddialara əsasən, Tehran bu tələblər yerinə yetirilməyəcəyi halda kabellərin kəsilməsi variantını da gündəmə gətirir. Məlumatda bildirilir ki, söhbət qlobal internet trafikinin mühüm hissəsini daşıyan strateji kommunikasiya xətlərindən gedir. Qeyd olunur ki, müasir dünyada sualtı internet kabellərinə mümkün müdaxilə yalnız rabitə problemi yaratmır. Bu xətlər üzərindən bulud texnologiyaları, beynəlxalq ödəniş sistemləri, məlumat mərkəzləri və süni intellekt infrastrukturu da fəaliyyət göstərir.
Mövzu ilə bağlı politoloq Ramiyə Mamedova “İnformator.az”a açıqlamasında bildirib ki, mümkün kiber müdaxilələr regionda rabitə, bank və logistika sistemlərində ləngimələr yarada bilər:
“İran-ABŞ-İsrail qarşıdurması fonunda Hörmüz boğazındakı vəziyyət hazırda İranın nəzarəti altındadır. İran oradan keçən həm logistik gəmiləri, həm də ümumi ixracat logistikasını diqqətdə saxlayır. Son zamanlar isə artıq boğazdan keçən dənizaltı kabel sistemlərinə İranın mümkün müdaxiləsi məsələsi də gündəmə gətirilməyə başlanıb. Lakin qeyd etmək lazımdır ki, İranın bu sahədəki imkanları bir qədər şişirdilir. Çünki İranın internet şəbəkəsi və qlobal fiber-optik xətlər təkcə Hörmüz boğazından keçmir. Digər regionlar, həmçinin dənizaltı və okeanaltı fərqli marşrutlar da mövcuddur. Odur ki, İranın bu nöqtədə bir şey edə biləcəyi faktı tam reallığı əks etdirmir. Təbii ki, logistik baxımdan müəyyən narahatlıqlar var və bunu həm də internet resursları ilə məşğul olan şirkətlər dilə gətirirlər. Nəzərə almaq lazımdır ki, internet rabitəsi təkcə yeraltı və dənizaltı kabellərlə deyil, həm də peyklər vasitəsilə təmin olunur. Bu səbəbdən İranın bu istiqamətdə nə dərəcədə müvəffəq olacağı sual altındadır. Təbii ki, İran enerji daşıyıcılarının, gəmilərin logistikası və ümumi ticarət əməliyyatlarına təsir göstərmək baxımından daha effektivdir. Kiber təhlükəsizlik məsələlərinə gəlincə, bu gün bütün dünyada bu problem çox yüksək səviyyədə önəm daşıyır. Əgər belə bir müdaxilə baş verərsə, Asiya dövlətləri ilə Körfəz və Afrika arasındakı kabel xətlərində daha çox zəifləmələr yaşana bilər. Bu isə xəbərləşmə, bank sistemləri, logistika və terminalların işində ləngimələrə yol açar. Lakin sistemin tamamilə qapadılmasını mümkün saymıram. Burada həm də böyük investisiyalardan söhbət gedir. Nə Çin, nə də digər dövlətlər belə bir vəziyyətə müsbət yanaşmazlar”.
Ekspert qeyd edib ki, İranın Hörmüz boğazındakı bütün kabel sistemlərini tamamilə bağlamaq imkanları məhdud görünür:
“Məhz bu səbəbdən, kibertəhlükəsizliklə bağlı İran qorxusu bir qədər şişirdilmiş məsələdir. İran bunu geopolitik bir oyuna çevirir, çünki hazırkı vəziyyətdə onun bəlkə də başqa çarəsi yoxdur. İsrail və ABŞ isə bu ritorikanı daha da genişləndirərək İranı hər tərəfdən sıxışdırmaq üçün istifadə edirlər. Nəticə etibarilə, böyük şirkətlər internet təminatını təkcə Hörmüz boğazı vasitəsilə deyil, peyk və digər regionlar üzərindən də həyata keçirə bilərlər. Bu şirkətlərin təhlükəsizliyinin qorunması məqsədilə İranla müəyyən sövdələşmələr aparıla bilər, lakin İranın Hörmüz boğazından keçən bütün kabelləri tamamilə bağlaması mümkün görünmür”.
Lalə Qurbanlı