00:00:00
Yazar
Vüqar Alışov
23.03.2026 20:32 177 2 dəq oxuma
Araşdırma

Dünya ölkələri seçim qarşısında-Netanyahudan qlobal çağırış

Dünya ölkələri seçim qarşısında-Netanyahudan qlobal çağırış

İsrailin Baş naziri Benjamin Netanyahunun səsləndirdiyi  son bəyanat Yaxın Şərqdə geosiyasi gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Onun “İrana qarşı başlanmış bu prosesə digər ölkələrin liderlərinin də qoşulmasının vaxtı çatıb” fikri, artıq mövcud qarşıdurmanın yalnız regional çərçivədə qalmadığını, daha geniş beynəlxalq dəstək axtarıldığını ortaya qoyur. Bu çağırış bir tərəfdən İran ətrafında formalaşan siyasi və hərbi təzyiqlərin artdığını göstərirsə, digər tərəfdən də müxtəlif dövlətlərin bu prosesdə aktiv rol almağa başladığını işarə edir. Belə bir şəraitdə məsələ təkcə iki ölkə arasında münasibətlərdən çıxaraq, qlobal təhlükəsizlik və beynəlxalq münasibətlər sisteminin mühüm mövzularından birinə çevrilir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən Siyasi şərhçi Elmir Səftərov bildirib ki, hazırda Yaxın Şərqdə baş verən ABŞ və İsrail–İran müharibəsi fonunda münaqişənin qlobal koalisiyaya çevrilməsinə cəhd edilir:

 

 

“Bu prosesdə təbii ki, ABŞ və İsrail daha çox maraqlı tərəf kimi çıxış edir və öz müttəfiqlərini bu məsələyə cəlb etməyə çalışırlar. Başda Böyük Britaniya olmaqla Fransa, Almaniya və Avropanın bəzi böyük ölkələri müxtəlif formatlarda dəstək versələr də, açıq şəkildə hərbi qarşıdurmaya qoşulmaqdan çəkinirlər. Buna baxmayaraq, bəzi hallarda İsrailin onlara daha açıq mövqe sərgiləmək üçün təzyiqləri müşahidə olunur”, – deyə Səftərov bildirib.

 

Siyasi şərhçinin sözlərinə görə, xüsusilə Körfəz ölkələrinin öz ərazilərindən istifadə üçün icazə verməsi onların formal olaraq neytral mövqedə qalmasını çətinləşdirir və nəticədə onları müəyyən tərəf tutmağa məcbur edir:

 

“Bundan əlavə, İran da müəyyən müttəfiqlərə malikdir. Lakin bu müttəfiqlik daha çox dövlətlərarası deyil, qeyri-dövlət aktorları səviyyəsindədir. Bunlara Hizbullah, Husilər və digər hərbi qruplaşmalar daxildir. Bununla belə, bu qüvvələrin effektivliyi məhduddur. İranın potensial tərəfdaşları arasında Rusiya və Çin də qeyd oluna bilər. Lakin Rusiyanın Ukrayna müharibəsi ilə məşğul olması, Çinin isə birbaşa hərbi qarşıdurmaya qoşulmaq istəməməsi onların rolunu məhdudlaşdırır. Amma Çin və Rusiya İranla iqtisadi və diplomatik əlaqələrini, o cümlədən enerji ticarətini davam etdirir. Paralel olaraq da İsrail və ABŞ müəyyən mənada bəzi ərəb və Avropa ölkələrinin dəstəyini alır. Bu dəstək əsasən hava, kəşfiyyat və gizli logistik yardım formasında olur. Lakin bu ölkələr birbaşa münaqişəyə qoşulmaqdan çəkinirlər. Bunun əsas səbəblərindən biri daxili ictimai narazılıq riskidir. Belə bir addım Avropa ölkələrində etirazları gücləndirə, eyni zamanda, enerji qiymətlərinin daha da artmasına səbəb ola bilər. Məhz buna görə də, hazırkı mərhələdə bu ölkələr açıq tərəf olmaqdan yayınmağa çalışırlar”.

 

Mehriban Yariyeva

#İsrail #İran #Müharibə #ABŞ #Çin #Avropa #Rusiya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər