"Dünyada neftə olan tələbat daha sürətlə artacaq" - AÇIQLAMA
Hesabata əsasən, gələn il ortalama gündəlik qlobal neft tələbatı 107,87 mln. barel olacaq (proqnoz dəyişməyib) ki, bu da 2026-cı ilin proqnoz göstəricisindən 1,54 mln. barel çoxdur.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan neft ixrac edən ölkə olsa da, ölkə üçün əsas prioritet dünya bazarında neft qiymətlərinin sabit qalmasıdır:
"Neftin dünya bazarında qiymətinin artması bir tərəfdən neft ixrac edən ölkələr üçün əlavə gəlirlər vəd edir. Digər tərəfdən isə bu vəziyyət nefti idxal edən və istehlak edən ölkələr üçün əlavə xərclər yaradır. Çünki qiymət artımı nəticə etibarilə enerji idxal edən ölkələrin maliyyə yükünü artırır. Region baxımından yanaşdıqda, neft hasil edən və ixrac edən ölkələrin gəlirlərində artım müşahidə olunur. Əvəzində isə nefti idxal edən ölkələr üçün bu proses yeni iqtisadi xərclər deməkdir. Azərbaycan neft ixrac edən ölkə olsa da, ölkə üçün əsas prioritet dünya bazarında neft qiymətlərinin sabit qalmasıdır. Çünki stabil qiymətlər uzunmüddətli dövrdə daha dayanıqlı və proqnozlaşdırılan gəlirlər deməkdir. Bu baxımdan Azərbaycanın mövqeyi yüksək və kəskin qiymət artımından daha çox, bazarda sabitliyin qorunmasına yönəlib".
Deputat vurğulayıb ki, son illərdə bərpa olunan enerji mənbələrinə maraq da əhəmiyyətli dərəcədə artıb:
"Bu istiqamətə ayrılan investisiyaların həcmi genişlənir. Bununla yanaşı, yaxın perspektivdə alternativ enerjinin ənənəvi enerji resurslarını tam əvəz etməsi real görünmür. Bu keçid uzun zaman tələb edən mərhələli proses olacaq. Bununla belə, xüsusilə, inkişaf edən ölkələr vasitəsilə bərpa olunan enerji layihələrinə yatırımların daha da artırılması gözlənilir. Paralel olaraq, Azərbaycan neftinə və yanacaq məhsullarına maraq da yüksəlməkdədir. Artıq Azərbaycan xam nefti Yaponiya bazarına daxil olub. Hörmüz boğazında yaranan gərginlik fonunda ölkələr alternativ enerji mənbələrinə üstünlük verməyə çalışırlar. Bu isə Azərbaycan neftinə olan marağın daha da artmasına səbəb olur".
Səmayə Səftərova