Dünyanı güldürən adamın göz yaşları: Çarli Çaplinin bilinməyən həyatı
Səssiz kino dövrünün ən böyük dahisi, qara şlyapası, gen şalvarı, əlindəki əsası və fırlanan bığları ilə dünyanı güldürən bir sima: Çarli Çaplin. O, ağ-qara filmlərin arxasında milyonları gözyaşlarına boğa bilən, lakin öz daxili dünyasında dərin hüznlər və amansız bir mükəmməllik axtarışı daşıyan bir sənətkar idi. Dünyaya bəxş etdiyi trajikomik obrazı ilə kino tarixini yenidən yazan Çaplinin həyatı, bəlkə də çəkdiyi filmlərdən daha dramatik və təlatümlü keçmişdir.
London küçələrindən şöhrətin zirvəsinə və ölməz bir obraz...
Çarli Çaplin 16 aprel 1889-cu ildə İngiltərənin paytaxtı Londonda dünyaya gəlib. Onun uşaqlıq illəri yoxsulluq, aclıq və böyük ailə faciələri ilə keçib.
Çaplinin atası alkoqol asılılığından əziyyət çəkirdi və sənətkar hələ 12 yaşında gənc bir uşaq olarkən atası vəfat edir. Aktrisa olan anası Hannah Çaplin isə yoxsulluğun və həyatın gətirdiyi ağır sarsıntıların öhdəsindən gələ bilməyərək psixoloji problemlər yaşamağa başlayır və həyatının böyük bir hissəsini ruhi xəstəxanada keçirir. Bu çətin dövrlərdə Çarlinin həyatdakı yeganə dayağı böyük qardaşı Sydney olur.
Ailənin tamamilə dağılmasından sonra iki qardaş uşaq sığınacaqlarında və internatlarda böyümək məcburiyyətində qalır. Lakin bu amansız yoxsulluq və valideynsizlik Çaplinin daxilindəki sənət sevgisini söndürə bilmədi. Anasının səhnə keçmişindən ilhamlanan və fitri istedadı olan gənc Çarli qısa zamanda teatrların və səhnələrin ulduzuna çevrildi...
Ölməz Bir Obrazın Doğuşu
Onu dünya səviyyəsində məşhurlaşdıran isə sığınacaq illərində və London küçələrində müşahidə etdiyi insan tiplərindən yola çıxaraq yaratdığı trajikomik bir xarakter "Charlot" (The Tramp / Avara) obrazı oldu. Bu obraz cəmiyyətin ən alt təbəqəsindən olan bir insanın həm güldürən, həm də eyni anda ürək dağlayan hekayəsini dünyaya tanıtdı və Çaplini Hollivudun zirvəsinə daşıdı.
Səhnə Arxasındakı Dahi: Amansız Mükəmməllikçilik
Çaplin ekran qarşısında nə qədər rahat və təbii görünürdüsə, kamera arxasında bir o qədər detalçı və mükəmməllikçi bir adam idi. Onun xarakterindəki bu xüsusiyyət, bəzən çəkiliş meydançasını digər aktyorlar üçün çətin sınağa çevirirdi. Buna ən bariz nümunə, onun cəmi 20 dəqiqəlik qısa bir film olan "The Immigrant" üçün dəfələrlə, günlərlə yenidən çəkilişlər aparmasıdır. O, hər kadrın tam istədiyi kimi olmasını tələb edirdi. Digər bir inanılmaz hadisə isə məşhur "City Lights" filmində yaşanmışdır. Filmdə aktrisa Virginia Cherrillin canlandırdığı xarakterin deməli olduğu cəmi iki sözdən ibarət tək bir replik var idi. Lakin Çaplin daxilindəki o amansız mükəmməllik axtarışı səbəbindən aktrisa Virginia Cherrill bu iki sözlük repliki tam 342 dəfə təkrarlamalı olmuşdur. Bu hadisə Çaplin sənətinə qarşı necə güzəştsiz bir yanaşmaya sahib olduğunu sübut edir.
Siyasi Sürgün: Çaplin yalnız bir komediya ustası deyil, həm də filmlərində sosial ədalətsizliyi tənqid edən güclü bir səs idi. Lakin onun bu cəsarətli çıxışları və siyasi görüşləri zamanla Amerikanın idarəçi dairələrində böyük narahatlıq yaratdı. Nəticədə, siyasi görüşlərinə görə ABŞ-dən ayrılmaq məcburiyyətində qaldı və ölkəyə, yəni ABŞ-yə girişi rəsmi olaraq qadağan edildi.
Üç qat "Oscar" sahibi
Amerikadan sürgün edilməsinə və siyasi təzyiqlərə baxmayaraq, Hollivud onu görməzdən gələ bilmədi. Çarli Çaplin karyerası boyu 3 dəfə "Oscar" mükafatına layiq görülüb. İlk "Oscar" mükafatınə hələ 1929-cu ildə, akademiyanın ilk təsis olunduğu ildə "The Circus" filmindəki çoxşaxəli istedadına görə almışdı. 1972-ci ildə isə, uzun illər davam edən sürgündən sonra ona kinonu bir sənət növünə çevirdiyi üçün ikinci "Oscar" mükafatı təqdim edildi. Sənətkarın bu mükafatı almaq üçün səhnəyə çıxdığı an tarixinin ən emosional və təsirli hadisələrindən birinə çevrildi, zaldakı bütün qonaqlar onu tam 12 dəqiqə boyunca fasiləsiz olaraq ayaqüstə alqışladılar. Bu tarixi an, "Oscar" mükafatları tarixində indiyə qədər qeydə alınmış ən uzunmüddətli ayaqüstə alqışlanma rekordu kimi tarixə düşdü. Sənətkar sonuncu rəqabətli "Oscar"ını isə 1973-cü ildə "Limelight" filminin musiqisinə görə qazandı.
Ölümündən Sonra Belə Bitməyən Film: Məzar Soyğunçuluğu
Çarli Çaplin 25 dekabr 1977-ci ildə, 88 yaşında İsveçrədə dünyasını dəyişdi. Lakin onun qəribə və qeyri-adi taleyi ölümündən sonra belə davam etdi, həyatı sanki öləndən sonra da bir film süjeti kimi cərəyan etdi. O dəfn olunduqdan bir müddət sonra məzarı soyğunçuların hədəfinə çevrildi. Oğrular onun nəşini (meyitini) məzardan oğurlayaraq həyat yoldaşına zəng etdilər və geri qaytarmaq müqabilində külli miqdarda pul tələb etdilər. Lakin polisin uğurlu əməliyyatı nəticəsində soyğunçular qısa müddətdə tutuldu və öz günahlarını etiraf etdilər. Böyük sənətkarın nəşi tapılaraq yenidən öz məzarına gömüldü. Dünyanı hər anı ilə heyrətləndirən bir adamın son gedişi də beləcə dramatik bir hadisəyə çevrildi.
Kino tarixinə qızıl hərflərlə yazılan əsərləri Çarli Çaplin arxasında heç vaxt unudulmayacaq və hər dövrün şahəsəri sayılan zəngin bir miras qoyub getmişdir.
Çaplin sadəcə güldürən bir aktyor deyil, daxilindəki gözyaşlarını sənətə çevirən əsl dahi idi.
Onun yaradıcılığının inciləri olan əsas filmləri bunlardır:
City Lights
The Great Dictator
The Kid
The Gold Rush
The Circus
Limelight
Samirə Allahverdizadə