Dünyanın diqqətçəkən beş şəhəri
Tuluza şəhərindən Vyetnamın Ho Şi Min şəhərinə qədər dünyanın sürətlə inkişaf edən beş şəhəri yeni qlobal hesabatda diqqət mərkəzinə düşüb. Mədəni həyatın canlanması və məhəllələrin dəyişməsi bu şəhərləri daha cəlbedici edir. Yerli sakinlər isə onları indi kəşf etməyin nə üçün maraqlı olduğunu izah edirlər.
“Oxford Economics” təşkilatının 2026-cı il Qlobal Şəhərlər İndeksində gələcəkdə daha böyük nüfuz qazanacağı gözlənilən 28 şəhər müəyyən edilib. Siyahıda yer alan Tuluza iqtisadi inkişafı, zəngin mədəni həyatı və yenilənən şəhər mühiti ilə diqqət çəkir.
Son illərdə şəhərdə piyada və velosipedlə hərəkət imkanları yaxşılaşıb, yemək və şərab mədəniyyəti inkişaf edib, yeni festivallar və əyləncə məkanları yaranıb. Yerli sakinlərin sözlərinə görə, şəhərin canlı həyatı artıq tarixi mərkəzlə məhdudlaşmır, digər məhəllələrdə də müxtəlif tədbirlər keçirilir.
Londonda 10 il yaşadıqdan sonra Tuluzaya qayıdan Elodi Paramel bildirib ki, şəhər böyük şəhərin enerjisi ilə sakit həyat tərzini birləşdirir. Burada müstəqil kafelər, kokteyl barları və müxtəlif mədəniyyət məkanları fəaliyyət göstərir. Parisdə yeddi il yaşadıqdan sonra şəhərə qayıdan Melodi Tayler isə Tuluzanın daha rahat və velosipedçilər üçün əlverişli olduğunu vurğulayıb.
Tuluza, həmçinin aviasiya və kosmik sənayenin mühüm mərkəzlərindən biridir. Şəhərdə “Airbus” şirkətinin qlobal baş ofisi də daxil olmaqla, yüzlərlə şirkət fəaliyyət göstərir. Turistlər kosmos mövzusuna həsr olunmuş “Cité de l’Espace” mərkəzini və “Aeroscopia” aviasiya muzeyini ziyarət edə bilərlər.
Şəhərin diqqətçəkən məkanlarından biri də “La Halle de La Machine”dir. Burada incəsənət və mühəndislik birləşdirilir, nəhəng mexaniki canlılar nümayiş olunur. Bu dəyişikliklər Tuluzanı həm mədəniyyət, həm də texnologiya ilə maraqlanan səyahətçilər üçün cəlbedici istiqamətə çevirir.
BBC
Fidan Alışova