Əsl Kristofer Robin Vinni-Puxla əlaqələndirilməsindən narazı olub
Britaniyalı yazıçı A.A. Milnin oğlu Kristofer Robin uşaqlıq illərində məşhur Vinni-Pux obrazının yaranmasına ilham versə də, sonralar bu şöhrətdən narahatlıq duyub.
BBC-nin məlumatına görə, 1926-cı ilin oktyabrında ilk dəfə nəşr olunan “Vinni-Pux” kitabının 100 illiyi münasibətilə əsərin yaranma tarixi və müəllifin oğlu Kristofer Robinin həyatından bəhs edilib.
İngilis yazıçısı və dramaturqu A.A. Miln kitabdakı obrazları oğlunun uşaqlıq oyuncaqları və onunla bağlı xatirələr əsasında yaradıb. Əsərdə Kristofer Robin, Vinni-Pux, Piqlet, Tiqer və İyor kimi obrazlar yer alıb. Kitab sonrakı illərdə dünya miqyasında böyük populyarlıq qazanıb və müxtəlif cizgi filmləri, ekran əsərləri üçün əsas olub.
Lakin əsərin uğuru müəllifin oğlu üçün heç də həmişə xoş olmayıb. Kristofer Robin əvvəlcə kitabın nəşrindən sevinc və qürur hissi keçirsə də, böyüdükcə onun məşhur obrazla əlaqələndirilməsindən narahat olmağa başlayıb.
O, 1974-cü ildə nəşr olunan xatirələrində atasının öz uşaqlıq oyunlarından ədəbi əsər yaratmasını tənqid edib. Kristofer hesab edirdi ki, atası onun uşaqlıq təcrübəsindən istifadə edərək uğur qazanıb, özü isə yalnız məşhur yazıçının oğlu kimi tanınıb.
Kristofer Robinin sözlərinə görə, uşaqlığının ilk on ili əsasən dayəsinin himayəsində keçib. O, valideynləri ilə münasibətlərinin yaxın olmadığını və onları gün ərzində yalnız müəyyən vaxtlarda gördüyünü bildirib.
Məşhur obrazla əlaqələndirilmək onun məktəb illərində də çətinliklər yaradıb. Utancaq xarakterə malik olan Kristofer bu vəziyyətdən narahat olub. Yetkinlik dövründə isə iş tapmaqda çətinlik çəkdiyi zaman atasının uğurunda öz rolunun olduğunu düşünərək bu məsələyə daha həssas yanaşıb.
O, uzun müddət Vinni-Puxla bağlı şöhrətdən uzaqlaşmağa çalışıb. Hətta uşaqlıq xatirələrinin yaşandığı Aşdaun meşəsinə qayıtmaq dəvətini də əvvəlcə qəbul etməyib.
Bununla belə, həyatının sonrakı illərində Kristofer atasının yaradıcılığına münasibətini dəyişib. O, A.A. Milnin kitabları vasitəsilə oğluna olan sevgisini ifadə etməyə çalışdığını anlamağa başlayıb.
A.A. Milnin bioqrafı Enn Tveytin BBC-yə verdiyi məlumata görə, Kristofer ömrünün sonlarına doğru atasının ona bağlı olduğunu və əsərlərin gələcəkdə belə böyük şöhrət qazanacağını əvvəlcədən bilmədiyini qəbul edib.
Kristofer Robin sonralar Vinni-Pux kitablarının atasının onunla emosional əlaqə yaratmaq üsulu olduğunu düşünürdü. Onun fikrincə, atası hisslərini açıq ifadə etməkdə çətinlik çəkirdi və bu duyğularını yazdığı əsərlər vasitəsilə çatdırırdı.
CNN XƏBƏR
Ayan Məmmədzadə