00:00:00
Yazar
Elmira Ağayeva
18.08.2026 22:44 11 3 dəq oxuma
Maraqlı

Dünyanın vizit kartları: Ölkələrlə bütövləşən məkanlar

Dünyanın vizit kartları: Ölkələrlə bütövləşən məkanlar

 

Hər bir ölkənin xəritədə kapitanlıq edən, onun adını eşidəndə göz önündə canlanan özəl bir simvolu var. Şəhərlər əsrlər boyu böyüyür, dəyişir və müasirləşir, lakin bəzi tikililər və məkanlar zamanın axınına meydan oxuyaraq həmin coğrafiyanın vizual kimliyinə çevrilir. Bu gün xarici ölkəyə addım atan hər bir səyahətçinin marşrutunda mütləq başda dayanan, sanki görünməz bir maqnit kimi insanları çəkən müəyyən ünvanlar var. Onlar sadəcə turistik məntəqə deyil, həm də tarixin, memarlığın və mədəniyyətin canlı şahidləridir. Dünyanın müxtəlif künclərində yerləşən və səyahət siyahılarının ilk pilləsində bərqərar olan bu məşhur imzalarla yaxından tanış olaq.

 

İtaliya: Əsrlərin əks-sədası və qotik zəriflik

Aralıq dənizinin mədəniyyət beşiklərindən olan İtaliyada elə bir küçə yoxdur ki, tarixdən xəbər verməsin. Lakin ölkənin vizual kimliyini təyin edən abidələrdən danışarkən iki məkan xüsusilə önə çıxır.

Kolizey (it. Colosseo)

Eramızın 72–80-ci illərində ucaldılan bu nəhəng antik amfiteatr Roma imperiyasının heybətini günümüzə daşıyır. Əsrlər boyu qladiator döyüşlərinə və möhtəşəm tamaşalara ev sahibliyi edən bu tikilinin arena altında 30-dan çox gizli tələ qapısı və mürəkkəb keçid sistemi yerləşir. Bu quruluş dövrünün mühəndislik möcüzəsi hesab olunur.

Milan Kafedralı (it. Duomo di Milano)

Dünya dəb və dizaynının mərkəzi sayılan Milan şəhərində yerləşən bu kilsə Avropanın ən böyük qotik tikililərindən biridir. Həm daxili, həm də xarici fasadı minlərlə incə işlənmiş heykəllə bəzədilən bu abidə şəhərə gələn hər bir səyahətçinin mütləq ziyarət etdiyi, damından şəhər mənzərəsini seyr etdiyi unudulmaz bir ünvandır.


Fransa: Romantikanın dəmir rəmzi və sənətin məbədi

Fransa deyildikdə göz önündə canlanan təsvirlər həm memarlıq kəşfləri, həm də bəşəriyyətin sənət xəzinəsi ilə zəngindir.

Eyfel Qülləsi (fr. La Tour Eiffel)

1889-cu ildə Ümumdünya Sərgisi üçün memar Qustav Eyfelin (Gustave Eiffel) rəhbərliyi ilə ucaldılan bu qurğu qısa zamanda bütün ölkənin baş simvoluna çevrildi. Yerli əhalinin "Dəmir qadın" adlandırdığı, hündürlüyü 330 metrə çatan bu möhtəşəm abidə hər il 7 milyona yaxın turisti özünə çəkir.

Luvr Muzeyi (fr. Musée du Louvre)

Şəhərin mərkəzində yerləşən bu sənət məbədi 1793-cü ildən qapılarını ictimaiyyətə açıb. Dünyanın ən çox ziyarət edilən muzeyində Qədim Misir, Yunanıstan, Yaxın Şərq və Avropa mədəniyyətinə ait yüz minlərlə qiymətli eksponat və rəsm əsəri sərgilənir.


 

İspaniya: Yarımçıq qalan möcüzə və yaşıl vahə

Pireney yarımadasının incisi sayılan İspaniyada səyahətçiləri fərqli bir memarlıq aləmi və sakitlik bəxş edən təbiət qarşılayır.

Saqrada Familiya (isp. La Sagrada Familia – Müqəddəs Ailə Kilsəsi)

Barselona şəhərinin vizit kartı olan bu kilsə (lat. basilica) qeyri-adi üslubu ilə dünyada analoqu olmayan bir memarlıq əsəridir. Memar Antoni Qaudinin (Antoni Gaudí) 43 il boyunca ömrünü həsr etdiyi bu tikintiyə 1882-ci ildə başlanıb. Bənzərsiz fasadları və təbiətdən ilhamlanan daxili sütunları ilə diqqət çəkən kilsənin inşası hələ də davam edir və layihənin tam başa çatdırılması 2030–2035-ci illərə qədər planlaşdırılır.

Retiro Parkı (isp. Parque del Buen Retiro)

Paytaxt Madridin səs-küyündən uzaqlaşmaq üçün üz tutulacaq ən mükəmməl məkan olan bu park XIX əsrdən ictimai istifadəyə verilib. 118 hektarlıq ərazini əhatə edən və 2021-ci ildə YUNESKO-nun Dünya İrs Siyahısına daxil edilən bu tarixi yaşıl vahə içərisində süni göl, möhtəşəm saraylar, nadir bitki növləri və heykəllər barındırır.


Samirə Allahverdizadə

#İtaliya #Fransa #İspaniya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər