00:00:00
Yazar
Elmira Ağayeva
29.07.2026 22:37 20 2 dəq oxuma
Araşdırma

ƏDV depozit hesabları ilə bağlı dəyişiklik sahibkarların xeyrinədir”- Asif İbrahimov

“ƏDV depozit hesabları ilə bağlı dəyişiklik sahibkarların xeyrinədir”- Asif İbrahimov

Vergi Məcəlləsinə edilən son dəyişikliklər sahibkarlıq mühitinin yaxşılaşdırılması və vergi inzibatçılığının sadələşdirilməsi məqsədi daşıyır.

 

Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, ƏDV depozit hesabında sahibkarın vəsaitini illərlə bloklamaq iqtisadi baxımdan səmərəli yanaşma deyil:


“Yeni qanun layihəsində bu problemin həlli öz əksini tapdı. Beləki, Vergi Məcəlləsinə qəbul edilən son dəyişikliklər yeni vergi və ya əlavə maliyyə öhdəliyi yaratmır. Dəyişikliklərin əsas mahiyyəti ƏDV depozit hesablarında olan vəsaitlərin istifadəsinin daha çevik təşkil edilməsinə yönəlib və bu baxımdan biznesin likvidliyinin artırılması istiqamətində müsbət addım hesab oluna bilər. Qanuna əsasən, 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid vergi ödəyiciləri müəyyən ediləcək qayda və şərtlər çərçivəsində ƏDV depozit hesablarından Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ödənişlərini həyata keçirə biləcəklər. Uzun illərdir ki, biznes ictimaiyyəti ƏDV depozit hesablarında toplanan vəsaitlərin istifadəsinə tətbiq edilən sərt məhdudiyyətlərin yumşaldılmasını təklif edirdi. Çünki həmin vəsaitlər dövlətə məxsus vəsait deyil, sahibkarın öz dövriyyə kapitalıdır və onun iqtisadi fəaliyyəti üçün mühüm maliyyə resursu hesab olunur. Praktikada minlərlə müəssisənin ƏDV depozit hesablarında istifadə edə bilmədiyi əhəmiyyətli məbləğdə vəsait qalırdı. Eyni zamanda, həmin müəssisələr əməkhaqqı fondu üzrə sosial sığorta ödənişlərini həyata keçirmək üçün əlavə dövriyyə vəsaiti axtarmağa, bəzən isə bank kreditlərindən istifadə etməyə məcbur olurdular. Bu isə iqtisadi baxımdan səmərəli mexanizm hesab edilə bilməzdi. Yeni mexanizm müəssisələrin dövriyyə vəsaitlərinə düşən yükü müəyyən qədər azalda, ƏDV depozit hesablarında faktiki olaraq dövriyyədən kənarda qalan vəsaitlərin iqtisadi fəaliyyətə cəlb olunmasını sürətləndirə və sosial sığorta öhdəliklərinin daha operativ yerinə yetirilməsinə imkan yarada bilər”.


Ekspert qeyd edib ki, bu dəyişiklik ƏDV dərəcələrinə, mənfəət vergisinə, gəlir vergisinə və digər vergi növlərinə təsir göstərmir:

 

“ Burada söhbət vergi yükünün artırılmasından deyil, mövcud maliyyə resurslarının daha səmərəli idarə olunmasını təmin edən yeni ödəmə mexanizminin tətbiqindən gedir. Qəbul edilən dəyişiklik doğru istiqamətdə atılmış addımdır. Lakin bu, yalnız başlanğıcdır. ƏDV depozit hesablarında olan vəsaitlərin istifadəsi gələcəkdə daha da liberallaşdırılmalı, dövlətin fiskal maraqları qorunmaqla yanaşı, sahibkarın öz vəsaitindən istifadəsinə tətbiq olunan əsassız məhdudiyyətlər minimuma endirilməlidir. Biznesin likvidliyi iqtisadi artımın əsas şərtlərindən biridir. Sahibkarın milyonlarla manat vəsaitinin uzun müddət istifadəsiz qalması investisiya imkanlarını məhdudlaşdırır, dövriyyə kapitalını zəiflədir və nəticədə iqtisadi fəallığa mənfi təsir göstərir. Bu baxımdan Vergi Məcəlləsinə edilən son dəyişiklik həm biznes mühitinin yaxşılaşdırılması, həm də qeyri-neft özəl sektorunun maliyyə dayanıqlığının gücləndirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirilə bilər. Bununla yanaşı, ƏDV depozit hesabı mexanizminin gələcəkdə daha çevik və biznesyönümlü model əsasında təkmilləşdirilməsi məqsədəuyğun olar”.


Nuray Əliyeva

#Vergi #ƏDV
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər