“ƏDV geri al” sistemi sadələşdirilir: alıcıları nə gözləyir?
Alış-veriş edən vətəndaşlar üçün tətbiq olunan “ƏDV geri al” sistemində sadələşdirmələrin edilməsi nəzərdə tutulur. Məqsəd vətəndaşların ödədikləri əlavə dəyər vergisinin bir hissəsini daha rahat və sürətli şəkildə geri almalarını təmin etməkdir. Bəs sistemdə planlaşdırılan dəyişikliklər istifadəçilərə hansı üstünlükləri verəcək?
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında iqtisadçı Rəşad Həsənov bildirib ki, ƏDV-nin geri qaytarılması qəbz tələbini artıraraq iqtisadiyyatın şəffaflaşmasına kömək edir:
“Azərbaycanda artıq beş ildir ki, pərakəndə ticarət və xidmət sektorunun müəyyən sahələrində əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması təcrübəsi tətbiq olunur. Zaman keçdikcə texnoloji imkanlar genişlənir, yeni həllər ortaya çıxır və təcrübə əsasında bəzi çatışmazlıqlar da müəyyən edilir. Bu isə mexanizmin təkmilləşdirilməsi, şəffaflığın və prosesin sürətinin artırılması üçün imkanlar yaradır. Böyük ehtimalla hazırda təklif olunan dəyişikliklər daha çox texniki xarakter daşıyır və mövcud sistemdə yaranan gecikmələrin və ya digər texniki problemlərin aradan qaldırılmasına yönəlib. Layihə ilə bağlı geniş məlumat olmasa da, görünən odur ki, əsas məqsəd mexanizmin daha effektiv işləməsini təmin etməkdir. Əgər ƏDV-nin geri qaytarılması prosesində sürət artırılarsa və qəbzlərin yoxlanılması ilə vəsaitin qaytarılması real vaxt rejimində həyata keçirilərsə, bu, vətəndaşların qəbz tələb etmə meylini daha da gücləndirə bilər. Nəticədə istehlakçılar alış-veriş zamanı qəbz tələb etməyə daha çox maraq göstərəcək və bu da iqtisadiyyatın şəffaflaşmasına əlavə stimul verəcək. Ümumilikdə ƏDV-nin geri qaytarılması sisteminin əsas məqsədi iqtisadiyyatın ağardılması, nağdsız ödənişlərin təşviqi və ticarət münasibətlərinin daha formal müstəviyə keçirilməsidir. Bu mexanizm eyni zamanda istehlakçı hüquqlarının qorunması baxımından da daha əlverişli mühit formalaşdırmağa xidmət edir”.
Həmçinin ekspert qeyd edib ki, ƏDV geri qaytarılması mexanizmi genişləndirilərək qeyri-rəsmi iqtisadiyyatın azalmasına kömək edə bilər:
“Zaman-zaman bu siyasətdə müəyyən dəyişikliklər edilib. İlk mərhələlərdə nağd və nağdsız ödənişlər üzrə geri qaytarılma faizləri arasında fərq artırıldı və beləliklə nağdsız ödənişlərin təşviqi daha da gücləndirilib. Sonrakı dövrlərdə isə bu istiqamətdə əlavə yanaşmalar tətbiq olunub. Məsələn, işğaldan azad edilmiş ərazilərdə yerləşmə xidmətləri üzrə ödənilmiş ƏDV-nin 30 faizinin geri qaytarılması, daşınmaz əmlakın ilkin bazarında alqı-satqı zamanı ödənilən ƏDV-nin qaytarılması, həmçinin bəzi tibbi xidmətlər üzrə 50 faizə qədər geri qaytarılma kimi mexanizmlər tətbiq edilib. Bu addımlar göstərir ki, Dövlət Vergi Xidməti və digər aidiyyəti qurumlar prosesi davamlı şəkildə izləyir, toplanan məlumatları təhlil edir və qeyri-formal sahibkarlığın daha geniş yayıldığı sahələrdə şəffaflığı artırmaq üçün bu alətdən istifadə edir. Gözlənilir ki, növbəti mərhələdə də bu təşəbbüslər davam etdiriləcək və ƏDV-nin geri qaytarılması mexanizminin əhatə dairəsi daha da genişləndirilə bilər. Çünki bəzi fəaliyyət sahələrində sahibkarlıq dövriyyəsinin əhəmiyyətli hissəsi hələ də qeyri-rəsmi şəkildə həyata keçirilir və uçot aparılmır. Belə hallarda həm vergi öhdəliklərindən yayınma halları artır, həm fiskal risklər formalaşır, həm də istehlakçı hüquqları daha çox pozulur. Bu baxımdan ƏDV-nin geri qaytarılması kimi mexanizmlərin genişləndirilməsi həmin sahələrin şəffaflaşdırılması üçün mühüm vasitə hesab olunur”.
Arzu Poladova