EBRD Azərbaycanda şəhər və kommunal müəssisələrə kredit ayırmağa hazırdır
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanda şəhər infrastrukturunun inkişafı və kommunal xidmətlərin gücləndirilməsi üçün birbaşa maliyyə dəstəyi göstərməyə hazır olduğunu açıqlayıb. Bu addım yerli iqtisadiyyatın modernləşdirilməsi və kommunal xidmətlərin keyfiyyətinin artırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, EBRD-nin bu təşəbbüsü Azərbaycanda şəhər və kommunal müəssisələrinə maliyyə resurslarına birbaşa çıxış imkanı yaradacaq:
“Belə dəstək yalnız infrastruktur layihələrinin maliyyələşdirilməsinə yox, həm də yerli idarəetmə sistemlərinin şəffaflığının və hesabatlığının gücləndirilməsinə xidmət edir.
Əsas sual hazırda bu müəssisələrin belə bir maliyyə imkanından istifadə etməyə nə dərəcədə hazır olmasıdır. Yerli idarəetmə orqanları və kommunal müəssisələr üçün bu proqramdan yararlanmaq üçün müəyyən hesabatlıq və şəffaflıq tələb olunur. Həmçinin, qanunvericilik baxımından şəhər və kommunal müəssisələrinin kredit götürmək ixtiyarı mövcuddur, lakin bunun tətbiqi və uyğunluğu Maliyyə Nazirliyinin strategiyasına və planlarına bağlıdır. EBRD-nin birbaşa maliyyə dəstəyi yalnız təsadüfi müəssisələrə verilmir. Dəstək proqramı çərçivəsində layihələrin maliyyələşdirilməsi, hesabatlıq və şəhər baxışı prinsipləri əsasında həyata keçiriləcək. Bu həm də müəssisələrin idarəetmə və maliyyə şəffaflığını artıracaq, uzun müddətli inkişaf üçün zəmin yaradacaq. Maliyyə Nazirliyi məqsədəuyğun hesab etdiyi təqdirdə, şəhər və kommunal müəssisələri bu maliyyə resurslarından istifadə edə bilər. Bununla infrastruktur layihələri sürətlənəcək, kommunal xidmətlərin keyfiyyəti yüksələcək və yerli iqtisadi potensial daha da güclənəcək. Eyni zamanda, proqramın tətbiqi yerli idarəetmənin maliyyə idarəçiliyi və layihələrin icra keyfiyyətinə təsir göstərəcək”.
Ayşə Müzəfərli
