Efirə aparıcıların nitqində aşkarlanan və düzəldilməli olan qüsurlar hansılardır?
Televiziya aparıcısının nitqi təkcə onun peşəkarlığını deyil, eyni zamanda efirin keyfiyyətini və tamaşaçının xəbəri düzgün qavramasını müəyyən edən əsas amillərdəndir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında jurnalistika fakültəsinin müəllimi Qulu Məhərrəmli bildirib ki, əvvəlki dövrlə müqayisədə hazırda televiziya aparıcılarının dilinə, üslubuna, danışıq tərzinə və peşəkar hazırlığına daha çox əhəmiyyət verilir:
“Müşahidələrimizi ümumiləşdirib nəticə çıxarsaq, deyə bilərik ki, hazırda ən ciddi nöqsanlardan biri tələffüzlə bağlı problemlərdir. Burada əsas məsələ orfoepiya normalarının pozulmasıdır və bu hallara bir çox hallarda rast gəlinir. İkinci ciddi problem söz vurğularının düzgün işlədilməməsidir. Xüsusilə, alınma sözlərdə vurğunun yanlış qoyulması ciddi nöqsan hesab olunur. Digər bir məqam isə xəbər təqdimatı zamanı bəzi gənc həmkarlarımızın məntiqi vurğudan düzgün istifadə etməməsidir. Yəni, cümlədə əsas fikir nəyə yönəlib, hansı məqam ön plana çəkilməlidir bunu bəzən yanlış vurğu ilə ifadə edirlər. Bu isə peşəkar fəaliyyət baxımından ciddi çatışmazlıqdır. Buna görə də, televiziya aparıcıları ana dilini yüksək səviyyədə bilməli, onun qaydalarını və normalarını dərindən mənimsəməlidirlər. Eyni zamanda, onlar daim mütaliə etməli, ümumi bilik səviyyələrini və dünya görüşlərini inkişaf etdirməlidirlər. Bu, qarşılarına çıxan sözlərin məna çalarlarını daha düzgün qavramağa və nitq səhvlərindən yayınmağa kömək edər”.
Məsələ ilə bağlı “İnformator.az”a açıqlamasında jurnalistika fakültəsinin müəllimi Mübariz Göyüşlü bildirib ki, televiziya və radio aparıcılarının səhvləri ilə bağlı həm bir tamaşaçı kimi müşahidələrimə, həm də uzun illər jurnalistika sahəsində çalışan jurnalist, saytın baş redaktoru və universitetin jurnalistika fakültəsinin müəllimi kimi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, aparıcılarımızda ən çox rast gəldiyim problemlər bunlardır:
“İlk növbədə tələffüz səhvlərini qeyd etmək istərdim. Düzdür, bu bütün aparıcılara aid deyil, lakin onların əksəriyyətində belə halları müşahidə etmək mümkündür. Sözlərin düzgün tələffüz olunmaması, ədəbi dil normalarına riayət edilməməsi ən çox diqqətimi çəkən məqamlardandır. Bəzən ləhcə və şivənin təsiri açıq şəkildə hiss olunur. Əlbəttə, müxtəlif ləhcə və şivələrin mövcudluğu Azərbaycan xalqının mədəni zənginliyinin göstəricisidir. Lakin mərkəzi televiziya kanallarında aparıcının ədəbi dil normalarına üstünlük verməsi daha məqsədəuyğundur. Digər problemlərdən biri həddindən artıq sürətli danışıqdır. Elə hallar olur ki, hətta mən özüm belə deyilənləri çətinliklə başa düşürəm. Bu isə xüsusilə, adi tamaşaçılar üçün daha böyük çətinlik yarada bilər. Diksiya problemləri, səslərin aydın tələffüz edilməməsi, vurğuların düzgün qoyulmaması da rast gəlinən nöqsanlardandır. Bundan əlavə, bəzi aparıcılar yerli-yersiz əcnəbi sözlərdən və vulqar ifadələrdən istifadə edirlər. Bəzən sözlər düzgün və yerində işlədilmir ki, bu da söz ehtiyatının zəif olmasından irəli gələ bilər. Halbuki eyni fikri ifadə etmək üçün sinonim sözlərdən istifadə etmək mümkündür. İntonasiya ilə bağlı da müəyyən yanlışlıqlar müşahidə olunur. Məncə, bu problemlərin aradan qaldırılması üçün aparıcılar mütəmadi təlimlərdə iştirak etməli, təcrübəli mütəxəssislərlə işləməli və bədii ədəbiyyat mütaliəsinə daha çox vaxt ayırmalıdırlar. Belə çalışmalar onların peşəkar nitq bacarıqlarının inkişafına ciddi töhfə verə bilər”.
Selcan Xudiyeva