00:00:00
Yazar
Nərmin Həşimova
16.07.2026 17:38 70 3 dəq oxuma
Araşdırma

Egey dənizində yerləşən Gyaros adası

Egey dənizində yerləşən Gyaros adası

Vaxtilə “Şeytan adası” kimi tanınan bu yer uzun illər siyasi məhbusların saxlanıldığı həbsxana və hərbi təlim poliqonu olub. Lakin bu gün Aralıq dənizinin ən qiymətli təbiət qoruqlarından birinə çevrilib.


Qaranlıq keçmiş

Gyaros əsrlər boyu sürgün yeri kimi istifadə olunurdu. Ən ağır dövr isə 1948-ci ildə başladı. Hökumət adanın son sakinlərini köçürdü və burada siyasi məhbuslar üçün həbs düşərgəsi yaratdı.

1948-1952-ci illərdə və daha sonra 1967-1974-cü illərdə hərbi diktatura dövründə 20 mindən çox insan- kommunistlər, yazıçılar, tələbələr, müəllimlər və hökumətə qarşı çıxan digər şəxslər bu adaya göndərildi.

Məhbuslar ağır şəraitdə yaşayır, isti yay və soyuq qış günlərini çadırlarda keçirir, məcburi əməyə cəlb olunurdular. Həbsxananın tikintisini də onların özləri həyata keçiriblər. İşgəncə və zorakılıq geniş yayılmışdı.

1974-cü ildə diktatura sona çatdıqdan sonra həbsxana bağlandı. Bundan sonra ada 2002-ci ilə qədər Yunanıstan Hərbi Dəniz Qüvvələrinin atəş poliqonu kimi istifadə edildi.


İnsanların yoxluğu təbiəti qorudu

Adada yaşayış, turizm və tikinti olmadığı üçün təbiət toxunulmaz qaldı. 2000-ci illərin əvvəllərində balıqçılar burada nadir Aralıq dənizi rahib suitisi gördüklərini bildirməyə başladılar. Həlledici hadisə isə bir həvəskar balıqçının çəkdiyi foto oldu. Şəkildə ana suiti və balası gündüz vaxtı açıq çimərlikdə uzanmışdı. Bu mənzərə elm adamlarını heyrətləndirdi, çünki həmin dövrdə bu növ insanlardan qorxduğu üçün yalnız mağaralarda yaşayırdı.


Suitilərin sığınacağı

Alimlər adada araşdırma apararkən təxminən 70 yetkin rahib suitisinin yaşadığını müəyyən etdilər.

Suitilər burada insanlardan qorxmadan balalarını açıq sahillərdə böyüdürdülər. Bioloqlar bunu onların təbii davranışı hesab edirlər.

Bu növ vaxtilə Aralıq dənizi boyunca geniş yayılmışdı. Lakin ovçuluq, sahillərin tikinti ilə məhv edilməsi və balıqçılarla münaqişələr səbəbindən onların sayı 350-450 fərd azalmışdı və növ kritik təhlükə altında idi.


Dənizin qorunması

Suitilərin aşkar edilməsindən sonra Gyarosun qorunması üçün ciddi tədbirlər görüldü.
2019-cu ildə ada ətrafındakı sular dəniz mühafizə ərazisi elan edildi. Patrullar və müşahidə kameraları qanunsuz balıq ovunun qarşısını almağa başladı. 2017-ci ildən quraşdırılmış uzaqdan müşahidə sistemi qoruğa daxil olan gəmiləri izləyir və pozuntu olduqda əməkdaşlar dərhal hadisə yerinə göndərilir.

 

Digər canlılar

Ada yalnız suitilər üçün deyil, bir çox başqa canlı üçün də vacib yaşayış yeridir. Burada dəniz tısbağaları, delfinlər, balinalar, nəhəng skat balıqları və çoxsaylı xərçəngkimilər yaşayır.

 


Problemlər hələ də qalır

Qoruq yaradılmasına baxmayaraq problemlər tam aradan qalxmayıb. 2022-ci ildə balıqçılıq təşkilatlarının təzyiqi ilə hökumət qoruğun bir hissəsində balıq ovuna icazə verdi. Bu, balıq ehtiyatlarına və suitilərə mənfi təsir göstərdi. Sonradan hökumət qərarını dəyişərək ərazini yenidən tam qorunan zona elan etdi. 2026-cı ilin aprelində prezident fərmanı ilə Gyaros ən yüksək hüquqi mühafizə statusu aldı.


Alimlərin fikri

Tədqiqatçılar hesab edirlər ki, yalnız bir adanın qorunması kifayət deyil. Aralıq dənizində gəmiçilik, enerji layihələri, həddindən artıq balıqçılıq və iqlim dəyişikliyi dəniz canlıları üçün ciddi təhlükə yaradır. Onların fikrincə, Gyaros uğurlu nümunədir, lakin Yunanıstanın və Aralıq dənizinin başqa bölgələrində də oxşar qoruqlar yaradılmalıdır.


Nurgün Qənizadə

#xəbər #egey #baki #adası
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər