00:00:00
Yazar
Elmira Ağayeva
23.11.2026 21:52 20 2 dəq oxuma
Gündəm

Ekoloq: COP31-in qlobal iqlim fəaliyyətinə mühüm töhfə verəcəyinə əminik

Ekoloq: COP31-in qlobal iqlim fəaliyyətinə mühüm töhfə verəcəyinə əminik

 

İqlim dəyişikliyi ilə mübarizədə beynəlxalq öhdəliklərin konkret nəticələrə çevrilməsi, emissiyaların azaldılması, təmiz enerji keçidinin sürətləndirilməsi və iqlimə davamlı sistemlərin qurulması COP31-in əsas prioritetləri sırasında yer alır. Antalya şəhərində keçirilən konfrans qlobal iqlim hədəflərinə nail olmaq, ölkələr arasında əməkdaşlığı gücləndirmək və iqlim fəaliyyətini real tədbirlərlə dəstəkləmək baxımından mühüm platforma hesab olunur.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında ekoloq İlqar Xəlilov bildirib ki, qlobal istiləşmənin müəyyən həddə saxlanılması iqlim dəyişikliyi ilə mübarizənin əsas məqsədlərindən biridir:

 

“Paris sazişi 2015-ci ildə imzalanıb. Əsas məqsəd qlobal istiləşməni sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 1,5 dərəcə səviyyəsində saxlamaqdır. Bu öhdəliklərin həyata keçirilməsi üçün Azərbaycan da müəyyən hədəflər götürüb. Belə ki, ölkə karbon emissiyalarını 2040-cı ilə qədər 1990-cı illə müqayisədə 40 faiz azaltmağı və 2060-cı ildə sıfır emissiyaya nail olmağı öhdəsinə götürüb. Buna nail olmaq üçün xüsusi tədbirlərin həyata keçirilməsi zəruridir”.

Həmçinin İlqar Xəlilov iqlim hədəflərinə nail olmaq üçün həyata keçirilməli olan tədbirləri də vurğulayıb:

“Bərpa olunan enerji mənbələrindən (günəş, külək və s.) istifadənin genişləndirilməsi;

Çayların su potensialından istifadə etməklə su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi;

Bioqazdan və səmt qazından istifadə edilməsi;

Enerji səmərəliliyinin artırılması;

Sənaye sahələrində müasir texnologiyaların tətbiqi hesabına atmosferə karbon qazı emissiyalarının azaldılması;

Elektriklə işləyən nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi;

Zibilliklərdə yaranan metan qazının tutularaq istifadə edilməsi;

Yaşıl iqtisadiyyata keçidin daha da sürətləndirilməsi;

Əhalinin ekoloji maarifləndirilməsi;

İqlim dəyişikliyi üzrə beynəlxalq əməkdaşlığın genişləndirilməsi;

Yaşıllıq sahələrinin artırılması, xüsusilə şəhərlərdə yeni parkların salınması işlərinin sürətləndirilməsi;

Bu tədbirlərin inkişaf etməkdə olan ölkələrdə həyata keçirilməsi üçün maliyyə vəsaitinin ayrılmasının təmin edilməsi, həmin vəsaitlərin beynəlxalq fondlar, banklar və inkişaf etmiş ölkələrin ayırdığı vəsaitlər hesabına qarşılanması lazımdır”.

Ayşə Cəfərova

#COP31 #iqlim
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər