Ekranın cazibəsi milli dəyərləri kölgədə qoyurmu?
Son illər dünya serial sənayesi sürətlə inkişaf edir-xüsusilə Türkiyə, Koreya və Qərb istehsalı olan ekran işləri Azərbaycan tamaşaçısının gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Televizor qarşısında, yaxud mobil telefondan izlədiyimiz bu seriallar təkcə əyləncə deyil, həm də düşüncə və davranış modelinə çevrilir.
Mövzu ilə bağlı "İnformator.az"a kinoşünas Hacı Səfərov açıqlamasında bildirib ki, xarici seriallara marağın olmasında əsas səbəb həmin serialların əlçatan olmasıdır:
“Yerli serialların həmin məzmunlarla rəqabətdə uduzur. Bunun da əsas səbəbi xarici serialların daha böyük büdcələrlə, daha yaxşı keyfiyyətdə çəkilməsidir. Hərçənd son illərdə bir neçə uğurlu serial layihəsi olsa da, bunların sayı iki əlin barmağını keçməz. Koreya seriallarını çox izlənildiyindən xəbərim yoxdur. Türk seriallarının yaxınlıq səbəbi isə dil bariyerinin olmaması, mədəni və ictimai-sosial yaxınlıqdır. Yerli tamaşaçı fərqlər olsa belə, çox da yad bir məzmun izləmir deyə rahat baxa bilir”.
Müsahibimiz eyni zamanda bildirib ki, Türkiyə serial sektoru təkcə Azərbaycanda yox, bütün dünyada tamaşaçıları özünə cəlb etməyi bacarıb:
“Oradan öyrənə biləcəyimiz çox şey var. Yerli seriallara inamsızlıq olduğunu düşünmürəm. Əksinə yerli auditoriyada lokal məzmuna aclıq var. Ona görə də hətta qənaətbəxş olan seriallar belə xeyli səs-küyə, müzakirəyə səbəb olur. Bunu çox kiçikbüdcəli yutub seriallarında da görmək mümkündür. Büdcə böyük olmasa da, tamaşaçı rəğbəti böyükdür. Əsas məsələ daimi yaradıcılıqla məşğul olub keyfiyyəti artırmaq, o zaman tamaşaçı hər zaman gəlib işi dəstəkləyəcək”.
Banuçiçək Məmmədova
