"Ekspert: Azərbaycanda real inflyasiya rəsmi göstəricilərdən daha yüksəkdir"
2025-ci ilin yanvar–avqustunda Azərbaycanda istehlak qiymətləri 5,6 % artıb, bahalaşma əsasən qida məhsulları və xidmətlərdə müşahidə olunub.
Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanda qida məhsullarının artımı 6,6 %, qeyri-qida məhsulları üzrə 2,1 %, xidmətlər üzrə isə 4,9 % olub:
"Beləliklə, müqayisə edilsə, qida məhsulları ilə qeyri-qida məhsulları arasındakı fərq 3,3 % qədər artıqdır. Bu, rəsmi statistikadır, amma inflyasiya ilə bağlı rəsmi statistika doğru deyil. Bu, dəfələrlə sübut olunub. Qida məhsullarının bəzilərinin bahalaşması, bəzilərinin isə ucuzlaşması müşahidə olunur. Səbəb nədir? Bu, təbii məhsulların qiymətlərində dalğalanmaların olmasıdır. Bu il yumurtanın qiyməti artır, gələn il, məsələn, başqa hansısa tərəvəzin qiyməti əvvəlki ilə nisbətən qalxa və ya düşə bilər. Belə fərqlər ola bilər və burada təbii amillər əsas rol oynayır. Bundan əlavə, süni amillər də var. Qida məhsullarının mənbəyi təbiətdən gəldiyinə görə təbii amillər qaçılmazdır. Süni amillərə isə istehsal, idxal, geosiyasi məsələlər, logistika, təchizat zəncirində dalğalanmalar, məhdudiyyətlər, tariflər daxildir və bunların hamısı qiymətlərə təsir edir. Təbii amillərə misal olaraq çox yağışın, quraqlığın, selin, daşqının olması və digər iqlim hadisələri göstərilə bilər. Bunlar məhsulların istehsalını artırıb-azalda bilir. Bu isə həm dünya, həm də yerli səviyyədə qiymətlərə, xüsusilə də ərzaq məhsullarının qiymətlərinə təsir edir. Qida sənayesi məhsulları da qida məhsullarına daxildir. Təbii ki, onlar da insan faktorundan yaranır. Qida sənayesi məhsulları dedikdə müxtəlif qablaşdırılmış məhsullar – pendir, yağ, sirkə, çay və s. nəzərdə tutulur. Bunlara müxtəlif səbəblər təsir edir: idxal vergiləri, nəqliyyat xərclərində dəyişikliklər, marşrut məsafəsi, yanacağın və enerjinin qiymətinin dəyişməsi. Bunların hamısı həm daşımalarda, həm də qida sənayesi məhsullarının istehsalında rol oynayır. Bundan əlavə, mövsümi faktorlar da var. Məsələn, yumurta yazda daha çox olur, bəzi meyvələr yayda, digərləri payızda yetişir və onların qiymətlərinə təsir edir. Həmçinin bayramlar – məsələn, Qurban bayramı kimi hadisələr də qiymətlərə təsir edir. Dövlətlərin tətbiq etdiyi vergilər, gömrük rüsumları, idxal rüsumları və subsidiyalar da məhsulun maya dəyərinə təsir göstərir. Dünya üzrə baş verən bu dəyişikliklər nəticədə rəqabət mühitini və qiymətləri müəyyən edir."
Ekspert həmçinin ilin sonuna qədər inflyasiyanın hansı səviyyəyə çatmasının mümkünlüyünə də toxunub:
"Hazırda belə proqnozlar mövcuddur: Mərkəzi Bank, beynəlxalq institutlar, Maliyyə Nazirliyi inflyasiyanı bir qədər optimist göstəriblər – 5–6 % arasında. Amma yəqin ki, bu dəyişəcək. Bu proqnoz da artıq mövcud 5–6 %-lik statistika əsasında düzəliş oluna bilər. Məsələn, yanacaq və enerji qiymətlərində dünya bazarında artımlar ola bilər. Dünya bazarında qida məhsullarının, istər xammal, istərsə də son məhsul formasında qiymətlərində dəyişikliklər baş verə bilər. Nəqliyyat və istehsal xərcləri də dəyişə bilər. Eyni zamanda Azərbaycanın əsas idxal etdiyi ölkələrdə valyutanın dəyərinin dəyişməsi manata çevrildikdə qiymətlərə təsir edir. Yəni bütün bu amillərdən asılı olaraq inflyasiya dəyişə bilər. Mənim fikrimcə, rəsmi inflyasiya 6 %-dən yuxarı olacaq. Amma təbii ki, real inflyasiya daha yüksəkdir."
Ayşən Səlimova
