Ekspert: “Binalarda təhlükəsizlik və şəhərsalma normaları kobud şəkildə pozulur”
Yasamalda yaşayış binasında baş verən yanğın hər kəsə məlumdur. Əraziyə çoxlu sayda təcili tibbi yardım briqadası və Fövqəladə Hallar Nazirliyinin xüsusi mühafizə texnikaları cəlb olunub. Lakin binaların bir-birinə yaxın olması və şəhərsalmanın düzgün aparılmaması həmin texnikaların əraziyə daxil olmasını çətinləşdirib. Sakinlər binada təxliyə pilləkənlərinin olmamasından şikayət ediblər. Bu isə yanğın zamanı binanın vaxtında boşaldılmasını daha da çətinləşdirib.
Mövzu ilə bağlı təhlükəsizlik eksperti Orxan Musayev “İnformator.az”a açıqlamasında bildirib ki, belə halların təkrarlanmaması üçün binalarda təhlükəsizlik tədbirlərinə ciddi nəzarət olunmalıdır:
“Binalarda təhlükəsizlik tədbirləri çoxmərtəbəli yaşayış sahəsinin ən vacib komponentlərindən biridir. Təhlükəsizlik yalnız texniki avadanlıqlardan ibarət deyil. Bu, insanların düzgün davranışı, texniki sistemlərin fasiləsiz işləməsi və ümumi nəzarətin təşkilindən yaranan kompleks bir prosesdir”.
Ekspert qeyd edib ki, binanın mühəndis-kommunikasiya sistemləri, qaz xətləri, elektrik şəbəkəsi və havalandırma qurğuları mütəmadi olaraq yoxlanılmalıdır:
“Yanğın siqnalizasiya sistemləri daim işlək vəziyyətdə saxlanılmalıdır. Hər bir binada insanların təhlükəsiz şəkildə təxliyəsi üçün xüsusi təhlükə planlarının mövcudluğu vacibdir. Yanğın hadisələrinin baş verməməsi üçün öncədən profilaktik tədbirlər görülməlidir. Hadisə baş verərsə, insanların həyat və sağlamlığına zərər dəyməməsi üçün kompleks addımlar atılmalıdır”.
Orxan Musayev bildirib ki, binaların birinci mərtəbəsində restoran və digər ictimai iaşə obyektlərinin yerləşməsi əlavə risklər yaradır:
“Birinci mərtəbədə restoran və digər ictimai iaşə obyektlərinin olması təhlükəlidir, çünki burada istilik mənbələri çoxdur. Qaydalarımıza əsasən, yaşayış binalarının qeyri-yaşayış sahələrinə təbii qaz verilməsi qadağandır. Qazla işləyən cihazların istifadəsi də təhlükəli olduğuna görə mümkün deyil. Yalnız elektriklə çalışan qızdırıcılardan istifadə icazəlidir. Lakin həmin obyektlərin üst mərtəbələrində yaşayış olduğu üçün risk təkcə biznes sahəsinə deyil, sakinlərin həyat və sağlamlığına da aiddir”.
Ekspert əlavə edib ki, qeyri-yaşayış sahələrində fəaliyyət göstərən obyektlər normativ tələblərə tam riayət etməlidir:
“Yaşayış binalarının qeyri-yaşayış sahələrində obyekt açılarkən bütün yanğın təhlükəsizliyi standartlarına əməl olunmalıdır. Yanğın törədə biləcək risklər aradan qaldırılmalı, obyektlər yanğın siqnalizasiya sistemləri və ilkin yanğınsöndürmə vasitələri ilə təchiz edilməlidir. Restoranla yaşayış sahəsi arasında izolyasiya sistemi qurulmalı, tüstü və qoxunun mənzillərə keçməsinin qarşısı alınmalıdır. Əsas məsələ odur ki, təhlükəsizlik yalnız texniki avadanlıqlardan ibarət deyil. Burada obyekt sahibinin məsuliyyəti, sakinlərin diqqəti və ümumi maarifləndirmə mühüm rol oynayır. Qaz cihazlarını nəzarətsiz qoymamaq, elektrik avadanlıqlarından düzgün istifadə etmək bu kimi faciələrin qarşısını almağın ən təsirli yollarındandır. Çünki təhlükəsizlik hamımızın birgə formalaşdırdığı bir mədəniyyətdir”, - deyə ekspert fikrini yekunlaşdırıb.
Digər məsələ ilə bağlı Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinə sorğu ünvanlasaq da, aidiyyəti qurumdan heç bir cavab verilməyib.

Zəri Bayramlı
