00:00:00
Yazar
Elmira Ağayeva
20.08.2026 22:26 83 3 dəq oxuma
Araşdırma

Ekstremal təkamül: Heyvanlar yaşamaq üçün rekord sürətlə dəyişirlər

Ekstremal təkamül: Heyvanlar yaşamaq üçün rekord sürətlə dəyişirlər

 

İnsanların təbiətə və ətraf mühitə təsiri artdıqca heyvanlar da yeni şəraitə uyğunlaşmaq məcburiyyətində qalır. Şəhərlərdə yaşayan tülkülərdən tutmuş şüşə səthlərə dırmaşan kərtənkələlərədək bir çox canlı növü sağ qalmaq üçün sürətli dəyişikliklər keçirir.


Məsələn, Puerto-Rikoda şəhər ərazilərində yaşayan anolis kərtənkələləri meşələrdə yaşayan eyni növün nümayəndələrindən görünüşcə fərqlənir. Binalara dırmaşmaq və isti səthlərdə daha sürətlə hərəkət etmək üçün bu kərtənkələlərin ayaqlarının daha uzun, barmaq altındakı xırda pulcuqların- lamellaların isə daha çox olduğu müşahidə edilib. Alimlərin fikrincə, bu xüsusiyyətlər onların şüşə və metal kimi hamar səthlərə daha yaxşı yapışmasına imkan verir.

Maraqlısı isə odur ki, belə dəyişikliklərin baş verməsi üçün bəzən minlərlə il tələb olunmur. Bəzi hallarda canlılar cəmi bir neçə nəsil ərzində yeni mühitə uyğunlaşa bilir.

Şəhərlər planetin ən yeni ekosistemlərindən birinə çevrilib. Burada məskunlaşan heyvanlar səs-küy, süni işıq, nəqliyyat, çirklənmə və insanların gündəlik fəaliyyəti ilə yanaşı yaşamağın yollarını tapmağa çalışırlar.

Kaliforniya Universitetinin Devis kampusunda heyvan davranışlarının təkamülünü araşdıran alim Endryu Sihin sözlərinə görə, bəzi heyvanlar şəhər mühitinə kifayət qədər uğurla uyğunlaşa bilir.

Bu uyğunlaşma müxtəlif formalarda özünü göstərir. Heyvanlar yeni yırtıcıları tanımağı, fərqli qida mənbələri tapmağı, sığınacaq yerlərini dəyişməyi, səs-küy və güclü süni işığa uyğunlaşmağı, eləcə də müxtəlif toksin və xəstəlik törədicilərindən qorunmağı öyrənirlər.

Araşdırmalar göstərir ki, şəhər mühitinə uyğunlaşa bilən bəzi heyvanlar hətta üstünlüklər əldə edir. Şəhərlərdə qida mənbələrinin daha çox olması və yırtıcıların sayının nisbətən azlığı bəzi növlərin daha çox nəsil artırmasına şərait yaradır.

Böyük Britaniyada yaşayan qırmızı tülkülər bunun ən tanınmış nümunələrindən biridir. Şəhər ərazilərində məskunlaşan tülkülərin kənd yerlərində yaşayanlarla müqayisədə qida bolluğu səbəbindən daha yüksək çoxalma göstəricilərinə malik olduğu müəyyən edilib.

ABŞ-də isə şəhərlərdə yaşayan yenotlarda fiziki dəyişikliklər müşahidə olunur. “Zibil pandaları” adlandırılan bu heyvanların insanlarla təmasda daha az aqressiv davrandığı, burunlarının isə nisbətən qısaldığı müəyyənləşdirilib. Tədqiqatçılar bunu erkən əhliləşmə əlamətlərindən biri kimi qiymətləndirirlər.

Danimarkada şəhər həyatına uyğunlaşmağa başlayan dovşanlarda da maraqlı dəyişikliklər qeydə alınıb. Bu heyvanların insanların yaratdığı narahatlığa dözümlülüyünün artdığı müşahidə edilib. Bunun genlərin ifadəsindəki dəyişikliklərlə və ya insanlardan daha az qorxan fərdlərin təbii seçmə yolu ilə üstünlük qazanması ilə əlaqəli ola biləcəyi düşünülür.

2025-ci ildə yayımlanan bir araşdırma isə şəhər ərazilərində yaşayan və daha yüksək temperaturla yanaşı, daha çox çirklənməyə məruz qalan heyvanların qorunan ərazilərdəki həmnövləri ilə müqayisədə stresli şəraitə qarşı əhəmiyyətli dərəcədə daha davamlı olduğunu göstərib.

Dəyişikliklər təkcə heyvanların fiziki görünüşündə deyil, davranışlarında da özünü göstərir. Məsələn, bəzi quş növləri şəhərlərdə nəqliyyatın yaratdığı səs-küyün üzərində səslərini eşitdirmək üçün nəğmələrini dəyişiblər.

Alimlər bu cür sürətli dəyişiklikləri “müasir təkamül” - “contemporary evolution” adlandırırlar. İqlim dəyişikliyi ilə yanaşı, antibiotiklərdən istifadə, invaziv növlərin yeni ərazilərə yayılması və şəhərləşmə kimi insan fəaliyyəti də canlıların təkamülünə təsir edən əsas amillərdən birinə çevrilib.

Beləliklə, insanın yaratdığı şəhərlər yalnız insanlar üçün deyil, heyvanlar üçün də yeni həyat mühiti formalaşdırır. Təbiətin sakinləri isə bu mühitdə yaşamaq üçün bəzən gözlənildiyindən daha sürətli dəyişməyi bacarırlar.


Nuray Əliyeva

#heyvanlar #baki #ekstremal #yaşamaq #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər