Elektron diplom dövrü
Azərbaycanda təhsil sahəsində rəqəmsallaşma prosesi sürətlənir. Artıq ali və orta ixtisas təhsil müəssisələrini bitirən məzunlara diplomların elektron formada təqdim edilməsi nəzərdə tutulur. Mütəxəssislər hesab edirlər ki, elektron diplom sistemi təhsildə saxtakarlığın qarşısının alınmasına və məlumatların təhlükəsiz saxlanmasına mühüm töhfə verəcək.
Mövzu ilə əlaqədar “İnformator.az”a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, elektron diplom məlumatlarının saxlanılması və qorunması Elm və Təhsil Nazirliyinin mərkəzləşdirilən dövlət informasiya sistemində olan “e-education”, “myGov” və digər inteqrasiya olunan dövlət reyestrlərində saxlanılması nəzərdə tutulur:
“Bu bazalar vahid elektron reyestr prinsipi ilə işləyir və hər məzun üçün unikal identifikasiya nömrəsi (məsələn, FİN və ya diplom kodu) əsasında məlumatlar qorunur.
Elektron diplom sistemində təhlükəsizlik bir neçə səviyyədə qorunur. Məlumatlar müasir kriptoqrafik alqoritmlərlə şifrələnir. Yalnız səlahiyyətli qurumlar və şəxslər sistemə daxil ola bilir. Diplomun həqiqiliyini yoxlamaq üçün elektron imza və QR kod istifadə olunur. Həmçinin sistemə edilən bütün giriş və dəyişikliklər qeydə alınır. Bundan başqa ehtiyat nüsxələr də olur. Məlumat itkisinə qarşı müntəzəm ehtiyat surətlər saxlanılır və kənar müdaxilələrin qarşısı real vaxt rejimində alınır. Mərkəzləşdirilən dövlət reyestrində fiplom yalnız rəsmi bazada mövcuddursa, etibarlı sayılacaq. Hər diplom FİN, diplom nömrəsi və ya QR kodla əlaqələndirilir. Bu kod olmadan diplom “yox” sayılır. Eyni zamanda onlayn yoxlama imkanı da olacaq. İşəgötürənlər və dövlət qurumları diplomun həqiqiliyini saniyələr içində sistemdən yoxlaya biləcəklər. Diplomlar rəsmi elektron imza ilə təsdiqləndiyi üçün sonradan dəyişdirilməsi mümkün olmayacaq.
Ancaq rəsmi yoxlama mexanizmi mövcud olduqda, saxtakarlıq halları olsa belə tez aşkarlanır və hüquqi qüvvəyə malik olmur”.
Əlavə olaraq ekspert bildirib ki, ənənəvi (kağız) diplomlar yaxın mərhələdə tamamilə ləğv olunmur, elektron diplom sistemi isə əsas və hüquqi baxımdan üstün format olacaq:
“Elektron diplom əsas sənəd sayılacaq. Diplomun hüquqi qüvvəsi onun dövlətin elektron reyestrində mövcud olması ilə müəyyən ediləcək. Kağız diplom da paralel olaraq verilə bilər. Xüsusilə keçid dövründə məzunlara elektron diplom (rəqəmsal reyestrdə) və kağız diplom (çap olunmuş formada)
təqdim olunması ehtimalı yüksəkdir. Kağız diplom məlumat xarakteri daşıyacaq. Elektron diplom sistemi ənənəvi diplomları əvəzləyən əsas mexanizm olacaq və kağız diplom isə köməkçi sənəd kimi istifadə ediləcək”.
Səadət Əlizadə
