00:00:00
Yazar
Elmira Ağayeva
18.08.2026 23:30 17 2 dəq oxuma
Araşdırma

Elektron diplom xaricdə necə tanınır?

Elektron diplom xaricdə necə tanınır?

 

Elektron diplomların tətbiqi məzunların sənədlərini rəqəmsal formada əldə etməsini asanlaşdırsa da, sənədlərin xaricdə təhsil və viza məqsədilə təqdim olunması zamanı apostil məsələsi gündəmə gəlir.

Məzun Rəvan Şıxəliyev bildirir ki, elektron diplomların xarici ali təhsil müəssisələrinə və səfirliklərə təqdim olunması zamanı apostilin necə alınacağı ilə bağlı tələbələr arasında suallar yaranıb. Onun sözlərinə görə, əvvəlcə elektron diplomun notariusda təsdiqlənmiş surətinə Ədliyyə Nazirliyinin apostili vurulurdu. Lakin bəzi xarici universitet və səfirliklər bu formada olan sənədləri qəbul etməyə bilər.

Bu səbəbdən hazırda elektron diplomun çap olunmuş versiyasına universitetin əsas möhürünün vurulması və həmin sənədin Xarici İşlər Nazirliyinin apostil təsdiqinə təqdim edilməsi nəzərdə tutulur.

Ədliyyə Nazirliyindən bildirilib ki, elektron sənədlərin surət və tərcümələrinin apostilləşdirilməsinə hər hansı məhdudiyyət yoxdur. Apostil sənədin həm əslinə, həm də notariat qaydasında təsdiq edilmiş surətinə və ya tərcüməsinə verilə bilər. Elektron sistemlərdən əldə olunan sənədlərin surətini isə notarius təsdiqləyə bilər.

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən isə bildirilib ki, məsələ ilə bağlı vahid prosedur artıq tətbiq olunur. Məzun elektron diplomunun çap olunan versiyasına təhsil müəssisəsinin əsas möhürünü vurduraraq apostil təsdiqinə təqdim edə bilər. Agentliyin məlumatına görə, bütün təhsil müəssisələri bu barədə məlumatlandırılıb və prosedurun icrası həyata keçirilir.

Rəvan Şıxəliyev də universitetə müraciət etdikdə yeni prosedur barədə məlumatlandırıldığını və möhürlənmiş diplom versiyasının ona təqdim edildiyini bildirib. Daha sonra həmin sənəd Xarici İşlər Nazirliyinin apostil təsdiqi üçün uyğun hesab edilib.

Hüquqşünas Yeganə Əliyevanın sözlərinə görə, elektron sənədin kağız daşıyıcıdakı surəti qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiqləndikdə hüquqi qüvvəyə malik olur və əslinə bərabər surət hesab edilə bilər. Lakin bu, sənədin əslini tam əvəz etmir. Xarici universitet və ya səfirliklər öz daxili qaydalarına əsasən belə sənədi qəbul etməyə bilər.

Beləliklə, elektron diplomların xaricdə tanınması üçün əsas məsələ müəyyən edilmiş apostil prosedurunun bütün ali təhsil müəssisələrində eyni qaydada tətbiq olunması və məzunların sənədləri vaxtında rəsmiləşdirə bilməsidir.
 

ELMİRA AĞAYEVA, FUAD ƏLƏKBƏRLİ, VURHAN TURABOV, AZTV XƏBƏR

#tanınır? #xəbər #baki #elektron #diplom
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər