00:00:00
Yazar
Admin User
27.11.2025 17:43 106 6 dəq oxuma
Sosial

Elektron kitab oxumaq yoxsa əyani? - Gənclərin dəyişən oxu vərdişləri

Elektron kitab oxumaq yoxsa əyani? - Gənclərin dəyişən oxu vərdişləri

Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə kitab oxumağın özü dəyişməsə də, oxuma üsulları tamamilə yenilənib. Elektron kitablar, planşetlər, telefonlar və e-oxuyucular artıq əksər gəncin çantasında ən azı bir klassik kitab qədər yer tutur. Bu mövzu Bakıdakı kitabxanalardan tutmuş sosial mediaya qədər hər yerdə müzakirə olunur. Hər iki tərəfin güclü arqumentləri var və maraqlısı odur ki, seçim insanın yaşına, peşəsinə, həyat tərzinə və hətta xarakterinə görə dəyişir.

 

Bu mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov “İnformator.az”a bildirib ki, ilk növbədə qeyd edim ki, elektron və əyani (kağız) kitabların paralel şəkildə mövcudluğu gənclərin oxu mühitini yalnız texnoloji baxımdan dəyişmir, həm də öyrənmə davranışının psixoloji və pedaqoji strukturunu yenidən formalaşdırır:

 

“Oxu prosesi informasiyanın qavranılması, yaddaşın saxlanması və diqqətin davamlılığı ilə sıx bağlı olduğu üçün texnologiyanın təsiri burada sadə seçim deyil, təhsil keyfiyyətinə birbaşa təsir edən faktor kimi çıxış edir. Rəqəmsal resursların sürətlə artması fonunda gənclər arasında elektron oxu vasitələrinin genişlənməsi təhsil sisteminin adaptasiya imkanlarını yenidən qiymətləndirməyi tələb edir. Statistika göstərir ki, 18-29 yaş aralığında olan gənclərin təxminən 63 faizi müntəzəm olaraq elektron kitab oxuyur, halbuki 35 yaşdan yuxarı qruplarda bu göstərici 28-30 faizdən artıq deyil. Bu fərq oxu davranışının nəsillər üzrə deyil, texnoloji imkanlar üzrə formalaşdığını təsdiqləyir. “Təhsil haqqında” Qanunun 18.1-ci maddəsi tədris resurslarının müasir texnologiyalar əsasında təşkilini dövlətin vəzifəsi kimi müəyyən etsə də, eyni qanunun 14.2-ci maddəsi tədrisin sağlam mühitdə həyata keçirilməsini də tələb edir. Bu iki norma birlikdə onu göstərir ki, elektron resurslara keçid yalnız texniki yenilənmə deyil, həm də sağlamlıq, psixologiya və pedaqogika baxımından balanslaşdırılmış olmalıdır. Məktəblərdə elektron dərslik istifadəsi ilə bağlı göstəricilər isə ideal səviyyədə deyil. Ümumtəhsil müəssisələrinin 70 faizindən çoxunda dərsliklərin elektron versiyası mövcud olsa da, onların real istifadəsi orta hesabla 30-35 faizi keçmir. Bu fərq regionlarda internet sürətinin dəyişkənliyi, sinif otaqlarında planşet və kompüter çatışmazlığı və müəllimlərin bəzilərinin rəqəmsal resurslardan istifadə bacarıqlarının tam formalaşmaması ilə izah olunur. Baxmayaraq ki, Elm və Təhsil Nazirliyi son illərdə rəqəmsal təhsil platformalarının inkişafı, e-dərslik portalının təkmilləşdirilməsi və müəllimlər üçün elektron metodik resurs bankının yaradılması kimi strateji addımlar atıb, infrastruktur asimmetriyası keçidin vahid şəkildə aparılmasına hələ imkan vermir. Bu isə elektron tədrisin təhsil sisteminə tam inteqrasiyasını ləngidir, amma nazirliyin rəqəmsallaşma xətti gələcək üçün əsaslı baza yaradır və bu, müsbət tərəfdir. Gənclər arasında elektron kitab oxumağın artması diqqət müddətinə və dərketməyə də təsir edir. Tədqiqatlar göstərir ki, kağız kitabda oxunan mətnlərin yadda qalma səviyyəsi elektron ekrana nisbətən təxminən 20-25 faiz yüksəkdir. Bunun səbəbi vizual yaddaşın səhifə strukturunu daha yaxşı tutması və ekranın diqqəti tez dağıtmasıdır. Eyni zamanda elektron kitabların üstün cəhətləri - axtarış funksiyası, söz tərcümə modulları, işıqlandırmanın tənzimlənməsi, mobil daşıma rahatlığı - gənclərin oxu motivasiyasını artırır. Bu isə oxu miqdarını genişləndirir, lakin dərin oxu prosesini zəiflədə bilir. Yəni elektron kitabların yayılması mütaliəni artırsa da, onun keyfiyyətində dəyişiklik yaradır. Burada əsas nəticə budur ki, texnoloji üstünlüklər pedaqoji üstünlükləri avtomatik əvəz etmir. Dünya təcrübəsi göstərir ki, oxu mədəniyyətinin davamlılığı üçün hibrid model - yəni həm elektron, həm kağız resursların paralel istifadəsi - ən yaxşı nəticə verir. Finlandiya və Estoniya kimi ölkələrdə şagirdlər dərsliklərin elektron versiyasından istifadə etsələr də, əsas mətnlərlə işin 60-70 faizi hələ də kağız üzərində aparılır. Çünki dərin anlama, mətn analizi, esse yazısı və tənqidi düşünmə üçün kağız mühiti daha optimaldır. Əvəzində, sürətli informasiya, termin araşdırması və xarici dil sözləri kimi sahələrdə elektron resurslar daha səmərəlidir. ABŞ və Cənubi Koreya məktəblərində elektron dərslik istifadəsi yüksək səviyyədə olsa da, bu ölkələr də tam rəqəmsal keçidə getmir və hibrid model saxlanılır. Azərbaycanda eyni modelin formalaşması üçün zəruri addımlar artıq görünür. Elektron dərsliklərin vahid platformada toplanması, müəllimlər üçün rəqəmsal metodik təlimlərin keçirilməsi və məktəblərdə rəqəmsal infrastrukturun genişləndirilməsi Elm və Təhsil Nazirliyinin son illərdə atdığı mühüm addımlardandır. Bu addımların davamı olaraq bölgələrdə internet keyfiyyətinin artırılması, siniflərdə planşet sayı ilə şagird sayı arasındakı fərqin azaldılması və elektron resurslardan istifadə üzrə müəllim hazırlığının genişləndirilməsi elektron keçidin sağlam şəkildə aparılmasını təmin edəcək. Hesab edirəm ki, dəyişəcək əsas məsələ oxu vərdişlərinin forma baxımından yenilənməsi, amma mahiyyət baxımından zənginləşməsi olacaq. Gənclər informasiya əldə etmədə elektron resurslara üstünlük versə də, dərketmə prosesində kağız kitabın əvəzsiz rolu saxlanılacaq. Dəyişməli olan isə balansdır: texnologiya ilə pedaqogika arasında düzgün bölgü yaradılmalı, elektron resursların rahatlığı ilə kağız kitabın dərinliyi birləşdirilməlidir. Bu istiqamətdə Elm və Təhsil Nazirliyinin apardığı rəqəmsallaşma siyasəti gələcək oxu davranışının sağlam şəkildə formalaşması üçün əsaslı platforma yaradır və proses düzgün davam etdirilərsə, Azərbaycan məktəblərinin hibrid oxu sistemi dünya standartlarına yaxınlaşacaq”.

 

Mövzu ilə əlaqədar Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova fikirlərinə görə, kitabxananın zəngin fondunda Azərbaycan kitab mədəniyyətinin ilk nümunələri, dövrün mətbuat materialları, eləcə də həm Azərbaycan, həm də xarici dillərdə nəşr olunmuş müasir kitablar qorunur:

 

"Elektron kitab bazasının yaradılması kitabxananın fəaliyyətinə təsir edibmi?" sualına isə cavabım birmənalı şəkildə “bəli”dir. Bu, fəaliyyətə ciddi dəyişikliklər gətirib. Hazırda Milli Kitabxana iki formada - həm ənənəvi, həm də virtual rejimdə istifadəçilərə xidmət göstərir. 2025-ci ilin statistikasına görə, kitabxanaya fiziki olaraq gələn oxucuların ümumi sayı 301 min nəfərə çatır. Gün ərzində orta hesabla 600-700, həftə sonları isə 1000-dən çox oxucu kitabxanadan istifadə edir. Virtual rejimdə istifadəçilərin sayı isə artıq 8 milyonu keçib. Kitabxananın fondunda 4 milyon 715 min ədəd nəşr mövcuddur. Bu, çox ciddi rəqəmdir. Göz önündə olan bir faktdır ki, oxucular getdikcə internetə çıxışı olan, rahat şəraitli kitabxanaları seçirlər. Lakin ənənəvi oxucularımızın da sayı kifayət qədər çoxdur və onların mütaliəyə bağlılığı yüksəkdir. Elektron kitabxananın əsas üstünlüklərindən biri məkan və zaman məhdudiyyətini aradan qaldırmasıdır. Oxucu istədiyi vaxt və məkanda resurslara çıxış əldə edə bilir. Bu isə, xüsusilə gənclər üçün olduqca əlverişlidir. Qeyd etməliyəm ki, gənclər arasında elektron kitabxanaya maraq böyükdür. 8 milyondan çox istifadəçi bunu sübut edir. Amma eyni zamanda, bir çox gəncimiz ənənəvi formada da kitabxanaya müraciət edir, saatlarla zalda oturaraq mütaliə ilə məşğul olur. Bu isə Milli Kitabxanaya olan dəyərin, marağın göstəricisidir. Sonda bir məqamı da vurğulamaq istəyirəm: Gənclər daha çox elmi kitablara üstünlük verirlər. Bu tendensiya həm elektron, həm də ənənəvi kitabxana istifadəsində özünü göstərir. Yəni mütaliə vərdişi davam edir və bu, çox sevindirici haldır”.

 

Bu mövzu haqqında tələbə Banuçiçək Məmmədovanın sözlərinə görə, çox vaxt kağız kitabda fokuslanmaq daha rahat olur:

 

“Çünki telefonu və ya planşeti götürəndə bildirişlər, sosial şəbəkə mesajları diqqəti yayır. Kağız kitabı açanda isə özünü sanki başqa bir mühitə daxil olmuş kimi hiss edirsən - nə ekran parıltısı var, nə də göz yorğunluğu. Amma dərslikləri elektron formada oxumağın da üstünlüyü var: axtarış funksiyası, qeyd aparmaq, sözləri tez tapmaq daha rahatdır. Məsələn, imtahan vaxtı elektron format çox işə yarayır, amma bədii kitab oxuyanda kağız versiya daha “həqiqi” hiss etdirir. Ən böyük problem göz yorğunluğu və ekran asılılığı hissidir. Uzun müddət ekrana baxanda gözlər quruyur, baş ağrısı yarana bilir. Üstəlik, elektron cihazda oxuyanda bir kliklə sosial şəbəkəyə keçmək çox asandır, bu da davamlı oxuma ritmini pozur. Digər tərəfdən, kitabın toxunuş hissi, vərəqləmə emosiyası elektron formatda olmur - bu da xüsusilə ədəbiyyatsevər tələbələr üçün ciddi çatışmazlıq kimi görünür”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər