00:00:00
Yazar
Aysel Mirzəyeva
23.03.2026 20:06 117 2 dəq oxuma
İqtisadiyyat

“Enerji bazarlarında artan risklər inflyasiyanı daha da gücləndirə bilər” - ŞƏRH

“Enerji bazarlarında artan risklər inflyasiyanı daha da gücləndirə bilər” - ŞƏRH

ABŞ İranın elektrik stansiyalarına hücum edəcəyi təqdirdə İran Hörmüz boğazını tam bağlayacağını bəyan edib. Bu barədə İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının nümayəndəsi məlumat verib.

 

“ABŞ-nin İranın elektrik stansiyalarına qarşı təhdidi həyata keçirilərsə, dərhal bu cəza tədbirləri görüləcək: Hörmüz boğazı tamamilə bağlanacaq və zədələnmiş elektrik stansiyaları bərpa olunana qədər açılmayacaq. İsrailin bütün elektrik stansiyaları, enerji infrastrukturu və informasiya texnologiyaları geniş şəkildə zərər görəcək”, - deyə o əlavə edib.

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İran gərginliyi fonunda Hörmüz boğazı ilə bağlı səsləndirilən son bəyanatlar qlobal enerji bazarlarında ciddi risk siqnalları yaradır:

 

“Bu strateji marşrutun bağlanması dünya iqtisadiyyatına çoxşaxəli təsir göstərə bilər. Hörmüz boğazının bağlanması qlobal neft bazarında dərhal ciddi şok effekti yaradacaq. Dünya üzrə gündəlik neft tədarükünün təxminən 20%-i, yəni təqribən 21-22 mln barel neft məhz bu boğazdan keçir və onun fəaliyyətinin dayanması neft qiymətlərində kəskin artıma, təklif zəncirində ciddi qırılmalara, bazarda yüksək volatilliyə səbəb olacaq. Belə bir ssenaridə OPEC ölkələrinin ixrac imkanlarının məhdudlaşması qiymətləri daha da yüksəldə bilər. Boğazın bağlanması yalnız enerji bazarı ilə məhdudlaşmayacaq. Qlobal logistika və ticarət xərcləri də əhəmiyyətli dərəcədə artacaq. Belə ki, tanker daşımalarının alternativ marşrutlara yönəlməsi, sığorta haqlarının yüksəlməsi, beynəlxalq təchizat zəncirlərində gecikmələr qlobal inflyasiya təzyiqlərini gücləndirə bilər. Bir məqamı da qeyd etmək lazımdır ki, Hörmüz boğazı vasitəsilə təkcə neft daşınmır. Dünya üzrə mayeləşdirilmiş qazın da təxminən 30%-i bu marşrutdan keçir. Bu vəziyyət Azərbaycan üçün müəyyən iqtisadi imkanlar yarada bilər. Enerji qiymətlərinin artması Azərbaycanın ixrac gəlirlərini yüksəldə və ölkənin alternativ enerji təchizatçısı kimi rolunu gücləndirə bilər”.

 

Ekspert əlavə edib ki, xüsusilə Cənub Qaz Dəhlizi kimi layihələrin strateji əhəmiyyəti daha da arta bilər:

 

“Amma unutmayaq ki, uzunmüddətli perspektivdə qlobal iqtisadi yavaşlama və geosiyasi risklərin artması bu müsbət təsirləri zəiflədə bilər. Neft-qaz qiymətlərinin artması özü ilə birlikdə inflyasiya da gətirəcək. Qısaca, Hörmüz boğazı ətrafında gərginliyin artması qlobal enerji təhlükəsizliyi üçün ciddi çağırışdır. Hadisələrin inkişafı dünya bazarlarında qiymət, logistika və ticarət balansını köklü şəkildə dəyişə bilər. Azərbaycan bu məsələdə olduqca diqqətli olmalıdır”.


Nuray Əliyeva

#xəbər #bazarlarında #risklər #“enerji #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər