ENNA içki zavodu "Gulfood 2026" sərgisində Azərbaycanı təmsil edib
“Cahan Holding”ə məxsus “ENNA” içki zavodu Dubayda keçirilən dünyanın ən böyük qida və içki sərgilərindən biri olan “Gulfood 2026”da Azərbaycanı öz stendi ilə təmsil edib.
Sərgidə 130 ölkədən 6500-dən çox şirkət, ümumilikdə isə 100 minə yaxın ziyarətçi iştirak edib. Qafqazın ən böyük istehsal gücünə malik içki zavodlarından biri olan “ENNA”nın stendini beynəlxalq ziyarətçilər böyük maraqla qarşılayıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov bildirib ki, bu cür beynəlxalq sərgilərdə yerli içki brendlərinin yüksək maraq görməsi Azərbaycan qida sənayesinin artıq təkcə regional deyil, qlobal miqyasda da rəqabət apara biləcək potensiala sahib olduğunu göstərir:
"Gulfood"kimi platformalarda diqqət çəkmək o deməkdir ki, yerli istehsalçılar keyfiyyət, texnologiya, qablaşdırma və standartlar baxımından beynəlxalq tələblərə uyğunlaşa biliblər. Bu həm də Azərbaycan qida sənayesinin xammal bazası, istehsal mədəniyyəti və idarəetmə yanaşmasının inkişaf etdiyini, ixrac yönümlü düşüncənin formalaşdığını sübut edir.
İstehsalda minimal insan müdaxiləsi və yüksək texnologiyaların tətbiqi məhsulun keyfiyyəti və təhlükəsizliyi baxımından olduqca vacibdir. Avtomatlaşdırılan sistemlər insan faktoru ilə bağlı riskləri - gigiyena pozuntuları, ölçmə səhvləri, qeyri-sabit prosesləri minimuma endirir. Eyni zamanda, müasir texnologiyalar istehsal prosesinin hər mərhələsinə nəzarəti gücləndirir, xammaldan hazır məhsula qədər izlənilə bilənlik təmin edir. Bu isə istehlakçı üçün daha stabil dad, daha təhlükəsiz və etibarlı məhsul deməkdir və brendə olan inamı artırır.
Yerli brendlərin qlobal bazarda tanınması üçün isə bir neçə əsas meyar ön planda olmalıdır. Dad baxımından məhsul beynəlxalq istehlakçı üçün balanslı və qəbul edilən olmalı, eyni zamanda onu digərlərindən fərqləndirən kiçik bir özünəməxsusluq daşımalıdır. Tərkib məsələsində şəffaflıq, keyfiyyətli xammal seçimi vacibdir. Marketinq baxımından isə yalnız məhsulu deyil, onun arxasındakı hekayəni, istehsal mədəniyyətini və mənşə ölkənin imicini düzgün təqdim etmək önəm daşıyır. Qlobal bazarda uğur təkcə dadla deyil, güclü brend mövqeləndirməsi və etibarlı keyfiyyət imici ilə formalaşır".
Aişə Mustafayeva
