00:00:00
Yazar
Səadət Əlizadə
06.04.2026 19:11 79 2 dəq oxuma
Sosial

Erkən yaşda işləyən gənclər: inkişaf yoxsa məcburiyyət?

Erkən yaşda işləyən gənclər: inkişaf yoxsa məcburiyyət?

Son illərdə gənclər arasında erkən yaşda işləmək, xüsusilə, part-time işlərə maraq artıb. Bəzi gənclər maddi müstəqillik qazanmaq, təcrübə toplamaq üçün işlədiyini desə də, digərləri bunu məcburiyyət kimi görür. Bu hal onların təhsilinə, sosial həyatına və gələcək planlarına necə təsir edir? 


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında uzman psixoloq-psixoterapevt Qərbi Kaspi Universitetinin “Psixologiya və Sosial iş” kafedrasının müəllimi Səbinə Bayramova bildirib ki, təhsil hər bir insan üçün həyatda vacibdir:

 

“Onun son mərhələsi isə universitetdir. Tələbələr universitet oxumaq üçün çox vaxt öz şəhərlərindən başqa şəhərlərə getməli olurlar. Tələbə olduqları üçün tam iş rejimində (standart iş) işləyə bilmirlər. Buna görə də, part-time işlərdə çalışaraq ehtiyaclarını qarşılamağa çalışırlar. Standart iş rejimi həftədə 40-45 saat işləmək deməkdir. Bu saatlardan artıq işlənən vaxt isə “əlavə iş” sayılır. Amma qloballaşma, yeni texnologiyalar və iqtisadi siyasətlər nəticəsində bu ənənəvi iş forması dəyişib. İndi daha çevik iş formaları ortaya çıxıb və bunlardan biri də part-time işləmədir. Beynəlxalq təşkilatlar da part-time işin yayılması üçün iş bazarındakı sərt qaydaların yumşaldılmasının vacibliyini vurğulayırlar. Tələbələrin erkən yaşda işə cəlb olunması onların təhsil prosesinə birbaşa təsir göstərir. Müşahidələr  göstərir ki, dərsdən çıxan gənclər dərhal işə yetişmək təlaşında olur, bu isə dərsə tam fokuslanmalarına mane olur. Gecə rejimində çalışan tələbələrdə yuxusuzluq halları daha çox müşahidə edilir və bu, diqqət dağınıqlığına, öyrənmə motivasiyasının azalmasına səbəb olur. Nə qədər çalışqan və motivasiyalı tələbə olsa da, iş yükü ilə təhsil öhdəliklərinin paralel aparılması onların akademik performansına mənfi təsir göstərir. Bu hal uzunmüddətli gənclərin ixtisas üzrə dərin bilik qazanmasını çətinləşdirir və psixoloji rifahında gərginlik yaradır. Araşdırmalar da göstərir ki, gənclərin böyük əksəriyyəti erkən yaşda işləməyə maddi məcburiyyət səbəbindən başlayır. Yalnız kiçik bir qismi isə sosiallaşma və təcrübə toplama məqsədi güdür. Bu hal onların sosial bacarıqlarını, müstəqillik və məsuliyyət hissini gücləndirsə də, təhsil və psixoloji rifah baxımından balanssızlıq yaratdıqda ciddi risklər doğurur. Bu səbəbdən, gənclərin iş təcrübəsi qazanmasına şərait yaradılmalı, lakin təhsil prioriteti qorunmalıdır. Müəllimlər, valideynlər və işəgötürənlər birlikdə gənclərə düzgün zaman idarəsi, emosional dəstək və təhsil-iş balansı qurmaqda kömək etməlidirlər. Ən sağlam yanaşma odur ki, iş gəncin inkişafına xidmət etsin, məcburiyyətə çevrilməsin”.


Gövhər Mehyəddinova

#gənclər: #yaşda #inkişaf #xəbər #məcburiyyət?
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər