Erkən kitab oxumaq uşaqların inkişafına necə təsir edir?
Uşaqların beyni həyatın ilk 5 ilində sürətlə inkişaf edir. Bu dövrdə kitablar, hekayələr və uşaq nəğmələri onların idrak, fiziki, sosial və emosional bacarıqlarını gücləndirir. Erkən yaşlarda oxumaq vərdişi, böyüyəndə də oxumağı davam etdirmə ehtimalını artırır.
Mövzu ilə bağlı Nizami Orucov “İnformator.az”a açıqlamasında bildirib ki, erkən yaşlarda kitab oxumaq uşaqların duyğuları tanımasını və ifadə etməsini asanlaşdırır:
“Hekayələr vasitəsilə onlar qorxu, sevinc, kədər, utancaqlıq kimi hissləri tanıyır və bu hisslərin normal olduğunu öyrənirlər. Valideyn uşağa kitab oxuyarkən onun reaksiyasını izləyir, suallar verir, hətta uşaq səhifələrə toxunduqca bağ yaranır. Bu proses öz-özlüyündə emosional təhlükəsizlik hissini gücləndirir. Uşaq anlayır ki, duyğuları haqqında danışmaq normaldır və qulaq asan biri var. Bu, gələcəkdə həm özünüifadəni, həm də empatiyanı artırır. Həyatın ilk illərində kitab oxumaq uşağın beyninə yeni sözlər, yeni strukturlar və yeni dünya görüşü təqdim edir. Uşaq əvvəlcə eşidərək, sonra təkrar edərək, daha sonra isə özü danışaraq dil bacarıqlarını inkişaf etdirir. Hekayələr onların yaddaşını, problem həll etmə bacarığını və məntiqi əlaqələr qurmağı gücləndirir. Məsələn, bir hekayədə niyə belə oldu? sonra nə baş verəcək? kimi suallar idrakı aktivləşdirir. Bu, məktəb dövrünə keçidi çox asanlaşdırır. Oxuma vərdişi olmayan uşaqlar bəzən duyğularını ifadə etməkdə daha çox çətinlik yaşayırlar. Çünki kitablar uşağın hisslərini dilləndirmək üçün bir model yaradır. Oxumayan uşaqlarda impulsivlik, diqqət problemləri və ya sosial narahatlıq daha tez görünə bilər. Hekayələr sosial bacarıqlar üçün təlim rolunu oynayır ,paylaşmaq, gözləmək, empatiya göstərmək kimi davranışları kitablar vasitəsilə öyrənirlər. Bu vərdiş olmazsa, uşaq həm yaşıdları ilə münasibətlərdə, həm də məktəb mühitində daha çətin uyğunlaşa bilər”.
Mövzu ilə bağlı valideyn Reyhan Bunyatova açıqlamasında bildirib ki, uşağım böyüyəndə oxuma vərdişini davam etdirəcəyinə inanıram:
“Biz evdə mütəmadi olaraq birlikdə kitab oxuyuruq və ona kitabların maraqlı olduğunu göstəririk. Əgər kitab oxumağı sevmirsə, onu maraqlandırmaq üçün şəkilli kitablar, qısa hekayələr, rol oynama oyunları və ya hekayəni canlandırmaq kimi fəaliyyətlərdən istifadə edirəm. Erkən yaşda oxuma vərdişi uşağın dünyagörüşünü genişləndirir, çünki o, fərqli mövzular, insanlar və hadisələrlə tanış olur və daha yaradıcı düşünməyə başlayır”.
Mələk Hüseynova
