Erkən yaşda əmək fəaliyyətinə başlamanın təsirləri
Azərbaycanda bəzi azyaşlıların erkən yaşda əmək fəaliyyətinə cəlb olunması cəmiyyət üçün narahatlıq doğuran məsələlərdən biri olaraq qalır. Mütəxəssislərin fikrincə, bu hal əsasən ailələrin sosial-iqtisadi vəziyyəti, valideyn nəzarətinin zəifliyi və maarifləndirmənin yetərsizliyi ilə əlaqəlidir.
Uşaqların erkən yaşda işləməsi onların təhsil imkanlarını məhdudlaşdırır, fiziki və psixoloji inkişafına mənfi təsir göstərir. Psixoloqlar bildirir ki, ağır iş şəraiti və məsuliyyət yükü azyaşlılarda stress, özünəinamın azalması və sosial adaptasiya problemlərinə səbəb ola bilər.
Qanunvericiliyə əsasən, azyaşlıların sağlamlığına və təhsilinə zərər vura biləcək işlərdə çalışdırılması qadağandır. Bu sahədə dövlət qurumları tərəfindən nəzarət tədbirləri gücləndirilsə də, ekspertlər problemin həlli üçün ailələr, məktəblər və ictimaiyyət arasında daha sıx əməkdaşlığın vacibliyini vurğulayırlar.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib ki, uşağın işləməsi onun çiyinlərinə yaşına uyğun olmayan ağır məsuliyyətlər yükləyir:
“Erkən yaşda əmək fəaliyyətinə başlamaq azyaşlıların psixologiyasında dərin izlər buraxır. Uşaq uşaqlığını yaşamalıdır; o, oynamalı, əylənməli, gülməli və təhsil almalıdır. Gələcəyini sağlam təməllər üzərində qurmaq üçün oyunla bərabər elmə və savada köklənməlidir. Uşağın işləməsi onun çiyinlərinə yaşına uyğun olmayan ağır məsuliyyətlər yükləyir. Bu vəziyyət həm qanunvericilik, həm psixologiya, həm də uşağın düşüncə tərzi üçün ciddi zərərdir. Beləliklə, uşaq öz təbiətindən uzaqlaşaraq məcburi şəkildə böyüklərin rolunu mənimsəyir. O, artıq uşaqlığını deyil, sadəcə iş və çalışmaq dolu bir həyatı yaşayır ki, bu da gələcəkdə ağır fəsadlara yol açır. Ağır məsuliyyət hissi uşaqda dərin utanc hissi yarada bilər. Məsələn, uşaq ailəsinə kifayət qədər maddi dəstək verə bilmədikdə özünü yararsız bir övlad hesab edir. Bu uğursuzluq düşüncəsi onun daxili dünyasında sarsıntılara səbəb olur. Gələcək illərdə bu gərginlik xroniki stressə və həm fiziki, həm də mənəvi tükənmişliyə çevrilir. Pul qazanmaq məcburiyyəti uşağı ailəsini yarı yolda qoymamaq qorxusu ilə yaşadır. Nəticədə, böyüdükdə “mən uşaq ola bilmədim” peşmanlığı onun bütün həyatına kölgə salır. İş həyatına erkən atılan uşaqlar qorxu, narahatlıq və kədər kimi duyğularını gizlətməyə məcbur qalırlar. Bu emosional qapanma müəyyən müddətdən sonra ya tam bir donuqluğa, ya da şiddətli emosional partlayışlara gətirib çıxarır. Eyni zamanda, bu uşaqlar təhsili önəmsiz hesab edib işi hər şeydən üstün tutmağa başlayırlar. Təhsildən uzaqlaşmaq isə faktiki olaraq gələcəkdən və elmi inkişafdan uzaqlaşmaq deməkdir. Və bu uşaqlarda tükənmişlik riski mövcuddur. Onlar fiziki olaraq güclü görünsələr də, artıq daxili olaraq depressiya və özünəinamsızlıq, daimi duyğu gizlətmə ehtiyacı, panik ataklar yaranır. Problemin həlli yalnız qanuni qadağalarla bitmir. Burada ailə dəstəyi, sosial müdafiə sisteminin gücləndirilməsi və geniş maarifləndirmə işləri aparılmalıdır”.
Həmçinin mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Cahid İmanlı bildirib ki, gənclər iş həyatında müəyyən uğur qazansalar da, sonradan ciddi maneələrlə qarşılaşırlar:
“Qanunvericilik əmək fəaliyyətinə başlamaq üçün yaş həddini dəqiq müəyyənləşdirir. Bu səbəbdən, yaş həddi uyğun olmayan şagirdləri polis və ya digər dövlət qurumları müəyyən edərkən valideynlər birbaşa məsuliyyətə cəlb olunmalıdır. Eyni zamanda, azyaşlıları qeyri-qanuni işlədən hüquqi və ya fiziki şəxsləri qanun çərçivəsində cinayət məsuliyyəti gözləyir. Bu məsələdə məktəb rəhbərliyinin üzərinə mühüm öhdəliklər düşür. Rəhbərlik valideynlərlə mütəmadi maarifləndirmə işi aparmalı, uşaqları təhsildən yayındıran halların qarşısını almağa çalışmalıdır. Əgər bu tədbirlər nəticə vermirsə, məktəb mütləq şəkildə dövlət orqanlarına və polisə rəsmi müraciət etməlidir. Erkən yaşda işləmək təhsildən birbaşa yayınma deməkdir. Şagird dərs saatlarından sonra çalışsa belə, fiziki iş onun dərslərə hazırlaşmasına mane olur. Müşahidələr göstərir ki, belə gənclər iş həyatında müəyyən uğur qazansalar da, sonradan ciddi maneələrlə qarşılaşırlar. Xüsusilə vəzifə pillələrində yüksəlmək üçün attestat və kollec diplomu zərurətə çevrilir. Nəticədə həmin şəxslər itirilmiş zamanı bərpa etmək üçün eksternat qaydada 11-ci sinif attestatı almağa səy göstərirlər. Universitet tələbələri üçün də vəziyyət eyni dərəcədə gərgindir. Müasir təhsil proqramı tələbənin tam enerjisini dərslərə və tədqiqatlara ayırmasını tələb edir. İşləmək məcburiyyəti isə təhsilə maneə yaradaraq akademik kəsirlərin artmasına yol açır. Bu proses çox vaxt qayıbların çoxalması, təhsilin yarıda qalması ilə yekunlaşır”.
“İnformator.az”a açıqlamasında hüquqşünas Mehman Muradlı bildirib ki, məsuliyyəti yalnız cəmiyyətin və ya valideynin üzərinə yükləmək doğru deyil, çünki prosesə dövlət nəzarəti mütləqdir:
“Əmək qanunvericiliyi azyaşlıların fəaliyyətini xüsusi normalarla tənzimləyir. Qanuna əsasən, 14 yaşlı şəxslər valideyn razılığı ilə gün ərzində 4 saatdan artıq olmamaq şərti ilə əmək fəaliyyətinə başlaya bilər. Lakin bu icazə yalnız yüngül işlərə şamil olunur. Ağır işlərdə azyaşlı əməyindən istifadə qəti qadağandır. Azərbaycan Respublikasında azyaşlıların əmək şəraitini və iş yerlərini müəyyənləşdirmək birbaşa Əmək Müfəttişliynin vəzifəsidir. Bu məsuliyyəti yalnız cəmiyyətin və ya valideynin üzərinə yükləmək doğru deyil, çünki prosesə dövlət nəzarəti mütləqdir. Dövlət nəzarəti lazımi səviyyədə həyata keçirilməyəndə müvafiq qurumun fəaliyyətinin səmərəliliyi sual doğurur. Vətəndaşın hər hansı qanunsuz işləyən uşaq barədə Əmək Müfəttişliyinə və ya hüquq-mühafizə orqanlarına, o cümlədən polisə məlumat verməsi mümkün olsa da, əsas yükü məhz Əmək Müfəttişliyi çəkməlidir. Uşaqların ağır iş yükü altında çalışmasını yalnız sosial problemlərlə əlaqələndirmək tam reallığı əks etdirmir. Bir çox valideyn uşağını erkən yaşdan əməyə və əziyyətə alışdırmaq məqsədi güdür. SSRİ dövründən qalma təcrübələrə nəzər salsaq, kənd təsərrüfatı bölgələrində, pambıqçılıq və üzümçülük rayonlarında məktəblilərin mövsümi işlərə cəlb olunması adi hal hesab olunur. Bu səbəbdən məsələni yalnız “uşaq istismarı” kimi qələmə verib şişirtmək hər zaman obyektiv yanaşma sayılmır”.
Bu mövzu haqqında “İnformator.az”a erkən yaşlarda müəllimlik fəaliyyətinə başlayan Nəzakət Şükürova isə bildirib ki, erkən yaşda işləməyinin faydası ona o olub ki, pul qazanmağın çətin olduğunu kiçik yaşda anlayıb:
"Özümə olan güvənim artdı. Kiçik yaşda başladığım üçün hamının marağına səbəb olmuşdu. Həm yaşımın az olması, həm də şagirdlərimin nəticə verməsi. Peşman deyiləm. Əksinə, həyatda aldığım ən düzgün qərarlardan biridir deyə bilərəm. Çünki istədiyim bir çox şeyə kiçik yaşda sahib oldum. Həm maddi baxımdan inkişaf etdim, həm də mənəvi olaraq nə qədər şagird sevgisi qazandım”.
Həmçinin erkən yaşlarda əmək fəaliyyətinə başlayan Müqabil Əsgərli saytımıza bildirib ki, pulunu qazandıqda əvvəllər xoşbəxt hiss etsə də, bu belə davam etmir:
“Erkən yaşlarda işləmək həm yaxşıdır, həm də deyil. Öz pulunu qazandıqda əvvəllər xoşbəxt hiss etsə də, bu belə davam etmir. İndi əlli yaşım var, amma öz övladlarıma uşaqlığımdan, cavanlığımdan danışa bilmirəm, çünki o illərim yalnız işləməklə keçib”.
Erkən yaşlarda əmək fəaliyyətinə başlayan valideyn Səma Muradlı bildirib ki, istəməzdi övladı məktəb yaşında işləməyə başlasın, lakin zaman belə gətirib:
"Ermənilərə görə qorxu içində yaşayarkən övladlarım oxumağı qoyub işləməyə getdi. Qısa müddət sonra uşaqlarım sayəsində şəhərə köçdük. Ən kiçik oğlum həm Rusiyada qardaşının yanında, həm də burada işləyərək ev aldı. Biz isə onlara ermənilər ucbatından heç nə qoya bilmədik”.
Aydan Əsgərxanlı
