Ermənistan Baş naziri: Avropa İttifaqı ilə əməkdaşlıq dərinləşdiriləcək
“Ermənistan Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq strategiyasını davam etdirmək və dərinləşdirmək niyyətindədir”.
"İnformator.az" xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi bizim üçün işçi gündəmdir, amma biz onu da qəbul etməliyik ki, bu işçi gündəm son illərdə Ermənistan və Avropa İttifaqı arasında münasibətlərin misli görünməmiş inkişafı ilə qəbul edilib və genişləndirilib”, - o bildirib.
Nikol Paşinyan Ermənistanın Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qanunun qəbul etdiyini də xatırladaraq, bu sənədin təzyiq və ya şantaj vasitəsi olmadığını vurğulayıb:
“Bizim strategiyamız ondan ibarətdir ki, prosesdə bu qanundan Avropa İttifaqına üzvlük üçün ona qarşı şantaj vasitəsi kimi istifadə etməyəcəyik. Xeyr, qətiyyən yox. Bu proseslə bağlı gərgin deyilik. Əslində, bu, bir ölkə olaraq uyğunlaşmaq, islahat prosesini Avropa İttifaqı standartlarına uyğun şəkildə davam etdirmək üçün fürsətdir”.