"Ermənistanda parlament mübarizəsi daha da sərtləşəcək"- POLİTOLOQ
Ermənistanda parlament seçkilərindən sonra müxalif qüvvələrin siyasi strategiyası ilə bağlı yeni qərarlar açıqlanıb. "Ermənistan" bloku seçkilərdə qazandığı deputat mandatlarından istifadə edəcəyini bəyan edib. Blok bu addımı parlament fəaliyyətini hakimiyyətə qarşı siyasi və hüquqi mübarizəni davam etdirmək üçün əlavə vasitə kimi qiymətləndirir. Bundan əvvəl isə "Güclü Ermənistan" bloku da mandatları qəbul edərək parlamentin işində iştirak etmək qərarını açıqlayıb.
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Ermənistan bloku artıq parlament müxalifəti olmaq istəyir və bu yöndə addımlar atır:
“Yəni, Robert Köçəryanın partiyası belə düşünür ki, parlamentə getməklə həm maliyyə mənbələrini qoruya bilərlər, həm də parlament vasitəsilə Paşinyan hökumətinə müəyyən təzyiqlər göstərə bilərlər. Bu, açıq-aydın bir məsələdir və Ermənistan blokunun bu addımı atması Ermənistanda parlamentin daha da rəngarəng olmasına, qarşıdurmanın yüksək səviyyəyə çatmasına gətirib çıxaracaq. Blok əvvəlcədən açıqlama verib ki, hökumətə qarşı mübarizəni hüquq müstəvisində davam etdirəcək. Görünür ki, hüquqi müstəvi dedikdə məhz parlamentə gedərək parlamentdə iqtidarla mübarizə aparmaq üsulunu qəbul edirlər. Əslində, Ermənistan blokunun, yəni Robert Köçəryanın parlamentə getməməsi müəyyən dərəcədə suallar yarada bilərdi və bu, əlbəttə ki, onun özünə ziyan olardı. Köçəryan parlamentə getməklə indiki hökumətə qarşı təzyiq siyasətini maksimuma qaldırmaq istəyir. Bu siyasəti parlament vasitəsilə, yəni hökumətə təzyiq göstərmək, onları parlamentdə linç etmək və Ermənistanda ictimai rezonans doğurmaq siyasətini həyata keçirmək istəyir. Yaxşı bilirlər ki, parlamentdə etdikləri çıxışlar sosial şəbəkələrdə geniş şəkildə yayılacaq, hökumətə etdikləri tənqidlər sosial şəbəkələrdə geniş şəkildə yayılacaq və bu yöndən istifadə edərək irəli doğru addımlar atacaqlar. Ermənistan siyasətində olduqca gərgin vəziyyət gözlənilir. Bu, əlbəttə ki, təkcə parlamentlə məhdudlaşmayacaq. Yenidən Ermənistanda kütləvi küçə mitinqlərinin baş verməsi ehtimalları böyükdür”.
Mehriban Yariyeva